Azərbaycan Premyer Liqasının IV turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Çempionata başlamaq üçün vacib oyun oldu. Qarşımızda döyüşən, yaxşı müdafiə olunan kollektiv var idi. Kurban Berdıyev müdafiə qurmaqda çox tanınmış mütəxəssislərdəndir və əks-hücumlarda keyfiyyətli, bacarıqlıdırlar. Bunları bilirdik, amma nə qədər olmasa da, “Turan Tovuz”u yaxşı tanımırdıq. Həm də bütün diqqətimiz demək olar, “Dinamo” ilə oyunda idi. Buna baxmayaraq, “Turan Tovuz”u təbrik edirəm, qələbəyə layiq idilər. Tovuzda həmişə futbola böyük maraq olub və bu gün buun şahidi olduq. Qarşımızda yaxşı rəqibimiz olacaq. Azarkeşlərimizə də təşəkkür edirəm, sona qədər bizimlə oldular.
– Hansısa epizoda çox ciddi etiraz etdiniz…
– Ofsayd epizoduna. Cüzi ofsayd olduğunu dedilər. Hakim qayda qanunlardan danışdı və dedim, yaxşı. Çox müzakirə etmədim.
– Zaqrebdəki oyunun nəticəsinin təsiri oldu?
– Tək bu yox. Avropada oynadığımız matçların Premyer Liqa oyunlarına təsiri olur. Çünki rotasiyalar edirik. Bu müddətdə həmişə məşqlərdən də gileylənmişəm. Çünki komanda tam şəkildə məşq edə bilmir, keyfiyyət pozulur. Amma neçə illərdir, belə davam edirik. Əvvəlki matçlarda hiss olunmamışdı, amma “Turan Tovuz”la görüşdə bunu hiss etdik. Heyətimizdə müəyyən itkilərimiz də var. Oyunçu, məşq keyfiyyəti aşağı düşəndə itkilər olur. Bunlarla nəyəsə haqq qazandırmıram. Hər oyunçu bizimdir. Çempionatda neçə oyun olub ki, bu heyət qələbələr qazanıb. Mövsümün başlanğıcıdır. Həmişə demişəm ki, belə məğlubiyyətlərin mənə, komandaya faydası daha çox olur.
– Mateuş Koxalskinin çıxışını necə dəyərləndirirsiniz?
– Normal. İlk oyunu idi, lazım olan epizodlarda düzgün qərarlar verdi.
– Gələcəkdə daha çox şans qazanacaqmı?
– Öz əlindədir. Yaxşı davam etsə, “yox” deməyəcəyik.
Şahin Cəfərov