“Belə bir futbolçunun komandada olmasını istəyərəm” – Qurban Qurbanov

Azərbaycan Kubokunun finalının “Qarabağ” – “Zirə” (2:1) oyunundan sonra Ağdam klubunun baş məşqçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı:

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Futbolçularıma təşəkkür edirəm. Siz jurnalistlərə də təşəkkür edirəm. Uğurlu mövsüm keçdi. Kubokun finalı da mövsümə damğa vurdu. Azarkeşlərə təşəkkür edirəm. Qarşımızda yaxşı klub var idi. Sona qədər oynadılar. Ümumən, rəqibə,rəhbərliyinə alqış düşür. Oyunçularım da olduqca uğurlu mövsüm keçirdilər. Böyük işlər gördülər. Yeni mövsümə hazırlaşacağıq.

– Bugünkü oyun Maksimdən sonra kimin son oyunu oldu?
– Maksim karyerasını bitirdi.

– Son illər mükafatlandırma mərasimində iştirak etmirsiniz…
– Bunun xüsusi səbəbi yoxdur. Futbolçuların meydana çıxması bəs edər.

– Rəşad Sadıqov bu dəfə də məğlub oldu. Onların sizi məğlub etməsinə neçə il lazımdır?
– Bilmirəm, bu suala necə yanaşım. Rəşadın bugünkü büdcəsi yetərli deyil bəlkə də. Amma göstərdiyi nəticə yüksəkdir. Bu gün çox büdcəsi olan komandalar 4-5-ci olub. İkinci oldular, finala çıxdılar. Vaxt söyləmək çətindir. Klubun fəaliyyətinə, büdcəsinə görə Rəşad bizə qalib gəldi.

– Aleksey İsayevdən razısınız?
– Razıyam. Komandada rəqabət var. 11 futbolçu ilə ili başa vura bilmərik. Komandaya oyunçu gətirib, lazım olanda istifadə edirik. Onlar da özlərini yaxşı tərəfdən göstərirlər. Onlara güvənim çoxdur.

– Maksimlə gələcək barədə söhbət etmisiniz?
– Qısa söhbət olub. Onun komandanı tərk etməsi mənim üçün çətindir. Ümumən, o, Azərbaycan futbolu üçün fayda verib. Məşqçi olmaq istəyir. Qarşıdakı günlərdə klub rəhbərliyi ilə danışıqlar olacaq.

– Nəriman Axundzadənin son oyunlarından razısınız?
– Son 3-4 turu çıxsaq, digər oyunlarda razı qalmışdım. Son oyunlarda ondan narazı idim. Gənc futbolçudur. Mövsüm ərzində eyni formada ola bilməz. İnanıram ki, belə oyunlar onun üçün daha faydalı olacaq. Şanslardan istifadə edir.

– Kadi Borgesi “Qarabağ”da görmək istəyirsiniz?
– Özü də qayıtmaq istəyər, mən də. Bəzən bizdən asılı olmayan şeylər olur. Həyatdır, hər şey ola bilər. Belə bir futbolçunun komandada olmasını istəyərəm.

Məlik Məlikov