Azərbaycan Premyer Liqasının XXXV turu çərçivəsində çempionatda iddiası qalmayan “Səbail” avrokubok mübarizəsini davam etdirən “Neftçi” ilə qarşılaşırdı. Matç “ağ-qaralar”ın 3:0 hesablı üstünlüyü ilə başa çatdı.
Oyuna “Neftçi” daha istəkli və sürətli başladı. Bu da başadüşülən idi. Çünki Bojoviçin komandasına qələbə hava və su kimi lazım idi. Mümkün xal itkisi komandanın avrokubok yolundakı mübarizəsinə ciddi zərbə vuracaqdı. Bayıldakı qələbə paralel keçən “Sabah” – “Sumqayıt” oyununun nəticəsindən aslı olaraq “Neftçi”ni ikinci edə bilərdi. Buna görə də “flaqman” son səfər oyununda meydanı 3 xalla tərk etməli idi. Lakin matçın ilk hissəsində komandanın hücumları qeyri-dəqiq alınırdı və qolla tamamlanmırdı. Şahin Diniyevin kollektivi də müəyyən zaman aralığında hücumlar etsə də, fərqlənmək mümkün olmurdu. İddiası qalmayan “Səbail”in matça tam köklənə bilmədiyi hiss olunurdu ki, bunu da oyunsonrası mətbuat konfransında Şahin Diniyev etiraf etdi. Beləcə, qarşılaşmanın birinci hissəsi qolsuz bərabərliklə başa çatdı.
İkinci hissəyə isə “Səbail” daha yaxşı başladı. İkinci yarının ilk 20 dəqiqəsinda “dənizçilər”in ardıcıl hücumları “ağ-qaralar”ı həyacanlandırırdı. Lakin bəzən təcrübəsizlik və bəxtsizlik, həmçinin Brkiç və “Neftçi” müdafiəsinin inamlı oyunu Şahin Diniyevin komandasının sevinməsinə mane oldu. 69-cu dəqiqədən sonra isə oyunun axarı tamamilə dəyişdi. Yeqor Boqomolskinin sağ cinahdan ötürməsini Brayan Moreno baxımlı qolla tamamladı. 77-ci dəqiqədə isə Ataa Caber adını tabloya yazdırdı. Hücumlarının ardı-arası kəsilməyən “Neftçi” oyunun 82-ci dəqiqəsində Qara Qarayevlə hesabı 3:0 etdi. Bu, matçda vurulan son qol oldu. Beləliklə, qarşılaşma “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatdı.
“Sumqayıt”ın “Sabah” səfərində (0:2) məğlubiyyəti “Neftçi”nin işinə yaradı. Paytaxt təmsilçisi hazırda 56 xalla ikincidir. Ən yaxın izləyicisi “Zirə” və “Sabah”ı 1 xal qabaqlayır. Son turda “Sabah”la qarşılaşma “Neftçi” üçün mövsümün oyunu ola bilər. Mümkün məğlubiyyət komandanın avrokubok arzularının üzərindən xətt çəkə bilər. Heç-heçə isə Bojoviçin komandasına sərf edir. Odur ki, son turda “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” qarşılaşması finala bərabər olacaq. Paralal keçən qarşılaşmalardan aslı olaraq adı çəkilən kollektivdən birinin avrokubok xəyalları puç ola bilər.
Məlik Məlikov