“Səbail” Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazanıb. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv azarkeşləri önündə “Kəpəz”i 4 cavabsız qolla məğlub edib.
“Dənizçilər” oyunboyu daha üstün olan və daha çox qol epizodu yaradan tərəf idi. “Kəpəz”də yenilənmiş heyət var və oyunçuların anlaşmazlığı, xüsusilə yarımmüdafiədə verilən boşluqlar komandaya baha başa gəldi. Gəncə təmsilçisi demək olar, matda real qol epizodu yarada bilmədi.
Bəzi anlarda hücuma çıxan gəncəlilər ya ötürmələrdə səhvə yol verirdi, ya da son zərbələr uğursuz alınırdı. “Səbail” isə bütün komponentlərdə rəqibini üstələməyi bacardı. Diniyevin komandası sürətli hücumlarıyla fərq yaratmağa nail oldu.
“Səbail” ilk qələbəsini qazandısa, “Kəpəz” yenə xalsız qaldı. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv bu mövsüm nə qol vura bilib, nə xal qazana. Gedişat “sarı-göylər” üçün yaxşı görünmür. Növbəti tur “Sabah”a qarşı olacaq və mümkün məğlubiyyət Şükürovun komandadan ayrılmasına səbəb ola bilər.
Şahin Cəfərov