Baxşıyev: “Stadionlardan feyr-pley bayrağını endirsək, daha yaxşı olar”

Azərbaycan Premyer Liqasının IV turunun “Araz-Naxçıvan” – “Neftçi” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Maraqlı oyun alındı. Hər iki komanda əzmkar mübarizə apardı. Komanda şəklində daha üstün oynadıq. Futbolun yazılmayan qanunları var. Düşünürəm ki, iki xal itirdik.

– Buraxılan qolu şərh edərdiniz… Rəqib baş məşqçi Roman Qriqorçuk feyr-pleyə ehtiyac olmadığını dedi.
– Qriqorçukun fikirlərini şərh etmək istəmirəm. Fikrimcə, stadionlardan feyr-pley bayrağını endirsək, daha yaxşı olar. Bir şeyə riayət etmirsənsə, nəyə lazımdır? Bizim də uduzduğumuz oyunlar olub, amma belə şey etməmişik. “Neftçi”ni təbrik edirəm, layiqli qoldursa, olsun.

– Qriqorçukla danışdınız?
– Bu qaydalar necə tərtib edilir, bilmirəm. Rəqibə reaksiya verirsən, sənə qırmızı vərəqə verirlər. Heç bir təhqir etməmişəm. Feyr-pleyə belə əməl edirlərsə, sözüm yoxdur.

– Roman Qriqorçukla “Qəbələ”də işləmisiniz. Yəqin ki, o vaxt da feyr-pley məsələləriniz olub. O zaman Qriqorçuk necə reaksiya verirdi?
– Ümid edirəm ki, qarşıdakı oyunlarda belə hallarla rastlaşmarıq. Yazılmayan qanundur, amma hamıy aiddir. Bu gün belə alındı. Ümid edirəm ki, bir də belə şey başımıza gəlməz.

– “Qəbələ”də olanda da ardıcıl turlarda komandanıza qırmızı vərəqələr verilirdi. İndi də hər qəribə hadisədə adınız var.
– Problemli adam deyiləm. Bəzən emosiyalarımı saxlaya bilmirəm. Hakimlər necə görür, bilmirəm. Heç kimi təhqir etməmişəm.

Şahin Cəfərov