Baxşıyev: “Kimə qarşı oynadığımızı bilirik”

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Maraqlı oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı. Bizi nəyin gözlədiyini bilirdik. Komandam ortaya yaxşı iş qoydu. Qələbə qazandıq və bunu unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq.

– Maraqlıdır, “Araz-Naxçıvan” kubok oyunlarında penaltilər qazanır. Bu gün də qol penaltidən vuruldu. Bu, təsadüfdür?
– Hər epizodları dəyərləndirsək, hakimlərin verdiyi qərardır və müzakirəmizə ehtiyac yoxdur. Düşünürəm ki, təsadüfdür. Futbolun içində olan elementdir. Ümumi götürəndə, daha çox penaltini yox, komandanın meydançada verdikləridir.

– 1 qol üstünlüyü sizi nə dərəcə arxayınlaşdırır?
– Məğlub olsaydıq da, üstünlüyümüz və əskikliyimiz olmayacaqdı. Kimə qarşı oynadığımızı bilirik. “Qarabağ” reklama ehtiyacı olmayan komandadır. Bu matçı unutmaq və çempionata köklənmək lazımdır. Vaxtı gələndə cavab oyununa köklənəcəyik.

– Start heyətdə bəzi dəyişikliklər var idi…
– Seçim mənə məxsusdur və buna görə açıqlama vermək fikrində deyiləm.

Şahin Cəfərov