“Başqa söhbətlərə girmək istəmirəm” – Samir Abasov

Azərbaycan Premyer Liqasının XXXIII turunda keçirilən “Kəpəz” – “Sumqayıt” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Uzaq səfər, meydança amili təsir etdi. Uşaqlar həddindən artıq ağır görünürdü. Oyunu idarə etdik, imkanlarımız oldu. Əfsuslar olsun ki, ağır hərəkət etməyimiz, ötürmələrdə, hücumlara keçidlərdə vaxt itkisi oldu. Səfərdən bir xalla qayıdırıq. Gərgin avrokubok yarışındayıq. Digər oyunlara yaxşı hazırlaşmalıyıq. Bu gün bir çox şey, xüsusilə də, müdafiəçilərimiz pis oynadı. Bəlkə də, ötən oyunda çox güc sərf etdilər.

– Bir xal qazandız, ya iki xal itirdiz?

– Bilmirəm. Oyunun gedişatı da ürəyimcə deyildi. Özümüz vəziyyəti gərginləşdirdik. Bugünkü fiziki durumumuz yaxşı deyildi. Bilmirəm, itirdik, ya qazandıq. Sonda biləcəyik.

– Oyun çox gərgin keçdi..

– “Kəpəz” ev oyununda idi. Gəncədə olmasa da, azarkeşləri var idi. Gərginliyin nədən qaynaqlandığını bilmirəm. Azarkeşlər də öz komandasını dəstəkləyir.

– “Kəpəz” sanki sizə qarşı xüsusi güc sərf edir. Necə düşünürsüz, növbəti matçda “Zirə”yə qarşı belə oynayacaqlar?

– Bəli, oynayacaqlar. Nəsə desəm, oyundan çıxmış olacağıq. Başqa söhbətlərə girmək istəmirəm.

– Komanda üzərində təzyiq var. Bunun altından çıxa biləcəksiz?

– Çox komandanın planlarını pozmuşuq. Digər rəqiblərdə də təzyiq yaranır. Düşünürlər ki, necə olur, bu şəraitdə bu yerdə olurlar. Təzyiqdən çıxa bilməsək, bizə dərs olacaq. Məqsədlərimiz başqadır. Qələbə gözəldir, amma hər şeydən dərs çıxarmalıyıq.

– “Kəpəz” heç-heçə etsə də, böyük sevinc yaşadı. Sanki final oyunu idi…

– Rəqibin bizə qarşı necə olacağı haqda düşünürdüm. Bunu əvvəldən uşaqlara demək təzyiq yarada bilərdi. Uşaqlara fasilədə də demişdim, uduzsaq da, problem yoxdur. Təzyiqə düşməyin. Rəqib haqda yox, özümüz haqda düşünürük. Həddindən artıq informasiya ilə uşaqları yükləmək bizə çətin olardı. Təqvimə baxmamışam ki, “Kəpəz” kimlərlə oynayacaq. Nə edə bilərəm? Özümüz haqda düşünürəm.

Şahin Cəfərov