Bu gün Azərbaycan I Liqasında XXVI tura start veriləcək. İlk oyun günü 3 qarşılaşma keçiriləcək və hər biri eyni saatda baş tutacaq. Turnir cədvəlində eyni xala malik komandalar – “Zaqatala” və “İrəvan” üz-üzə gələcək. Hər iki komanda 27 xalla müvafiq olaraq 6 və 7-ci yerləri bölüşürlər.
“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov “FutbolPress”ə açıqlamasında azarkeşləri önündə keçirəcəkləri son ev oyununda qələbə qazanmaq istədiklərini bildirdi:
“Bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq. Hesabın necə olacağını düşünmürük. Məqsədimiz qələbə üçün oynamaqdır. Bizim üçün bir xal 6-cı yerdə qalmağa imkan yaradır. Amma bununla belə 3 xalı hədəfləyirik. Azarkeşlərimiz önündə bu il üçün son matçımızdır. Bu il onları çox da sevindirə bilməsək də, ən azı sonuncu ev oyununda qələbə qazanmaq istəyirik. Çempionatda sonuncu oyunumuz isə “Difai Ağsu”ya qarşı olacaq. Bizim üçün fərqi yoxdur rəqib birinci və ya sonuncudur. Bu oyuna da qələbə üçün çıxacağıq. İstəyirik ki, son oyunumuzu 3 xalla başa vuraq. Matçın necə olacağından asılı olmayaraq meydanda sona qədər döyüşəcəyik. Heyətimiz geniş deyil. Əlimizdə olanlarla mövsümü başa vuracağıq”.
Məmmədov zədələrin onlara çətinlik yaratdığını qeyd etdi:
“Çempionatı daha yaxşı yerlərdə bitirə bilərdik. Lakin bir neçə futbolçumuz I dövrədən sonra komandadan ayrıldı. Bundan əlavə Emin və Elmir Abbasov qardaşları var idi ki, Rusiyaya getdilər və sənəd problemi olduğu üçün Azərbaycana dönə bilmədilər. Həmçinin Bəhruz Teymurov “Şamaxı”ya keçdi. Qismət belə oldu. Üstəlik Samir Ağayev yaxşı futbolçu idi, onun da ön çarpaz bağı qırıldıqdan sonra əməliyyat olundu və bizə kömək edə bilmədi. Ümumilikdə baxdıqda zədələr bu il bizə ciddi maneələr yaratdı. Süni ot örtüklü meydançalar bizə problemlər yaradır. Qeyd etdiyim məqamlar istədiyimizi əldə etməyə mane oldu”.
Baş məşqçi hələlik gələcək karyerası ilə bağlı son qərarın olmadığını bildirdi:
“Növbəti mövsümlə bağlı hazırda heç bir danışıq getmir. Çempionat bitdikdən sonra rəhbərliklə danışıqlarımız olacaq. Ümumiyyətlə bilmirik bizə nə təkli olunacaq. Hələlik işlər müəyyən deyil. Klub rəhbərliyi ilə növbəti mövsüm üçün planları, hədəfləri müzakirə edəcəyik. Təklif olarsa, şərtlər bizi qane edəcəksə, ona uyğun qərarımızı verəcəyik. Bizim üçün hədəf nə olacaq, həmin hədəfə görə bizə hansı şərait yaradılacaq, bu hələlik məlum deyil”.
Məlik Məlikov