Bakı – İstanbul – Budapeşt / Gecədən başlayan, günün ikinci yarısına qədər davam edən səfər. “Sumqayıt”ın “Fehervar”la Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün Macarıstana yollanmışıq.
Təxminən 10 saata yaxın davam edən uçuşdan sonra Budapeştə çatdıq. Fərqli atmosferi, insanları olan şəhər köhnə/arxitektur tikililəri ilə göz oxşayırdı. Müasir göydələnləri, çoxzolaqlı yolları olmasa da, şəhər hardan baxsan, insana zövq verirdi. Ələlxüsus da təmizlik. Demək olar, yerdə zibilə, boş butulkaya rast gəlmək olmurdu. Şəhəri də sakit idi, küçədə insan axını yox, gurultulu səslər, avtomobillər siqnalları isə bura üçün yad idi.
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov və futbolçu Rövlan Muradovun mətbuat konfransında iştirak etməkçün oyunun keçiriləcəyi “Sostoi” stadionuna yollandıq. Sekeşfehervarda yerləşən arena da öz təmizliyi, müasirliyi ilə fərqlənirdi. Mərkəzdən uzaqda yerləşən qəsəbə elə təəssürat yaradırdı ki, sanki burada insan yaşamayıb, yol kənarlarında nə ticarət mərkəzləri, nə irili-xırdalı obyektlər var. Yaşıllıq isə gözoxşayıcı idi. Təbiəti qoruyan macarlar sovet dönəmindən qalma bir neçə tikililəri də səliqəli saxlamağı bacarıb. İstər Sekeşfehervar, istərsə də Budapeştlə bağlı təəssüratlar qısa olsa da, hər şey sadəcə mükəmməl idi. Hansısa qüsur axtarmağa isə lüzum yoxdur.
Keçək Abasovun jurnalistlərlə görüşünə… İlk oyunda məğlubiyyətin olmasına baxmayaraq, mütəxəssis inamlı danışdı, Abasov qələbəyə inanır, oyunçuları da buna kökləyib. “Fehervar” Madrid “Real”ı, Kataloniya “Barselona”sı deyil, keçmək də olar, sadəcə diqqət və əlavə güc tələb olunur. Macarlar doğma azarkeşi önündə erkən qol axtarışında olacaq, onları əks-hücumda yaxalamaq, müqavimətini sındırmaq Abasovun gizli planlarından biridir. Komandanın əsas narahatverici yeri müdafiədir ki, Abasov ona da çarə tapdığını bildirdi. Cinah oyunçusu Rövlan Muradov da baş məşqçisi kimi kifayət qədər inamlı və ümidli göründü.
“Sumqayıt” bu gün mövsümün ikinci çətin oyununa çıxacaq. “Kimyaçılar” hesabda geridir (ilk oyun 1:2) və qələbə üçün mütləq iki fərqlə qalib gəlmək lazımdır. Oyunu əlavə vaxta aparmaq da variantlardandır. Ancaq ilk növbədə macarların erkən qol arzusunu boğmaq şərtdir.
Budapeştdə birinci gün başa çatıb və indi əsas gün – “Sumqayıt”ın Macarıstanda tarix yazmaq günüdür. Avrokuboklarda səfər qələbəsi olmayan “kimyaçılar”ın uğuruna “Sostoi”də şahidlik etmək ümidi ilə…
Şahin Cəfərov, Budapeşt.