Bakı turu və ilk ayın yekunu (LAYİHƏ)

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə “Ölkə futboluna güzgü tutaq” mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız bu dəfə Topaz Premyer Liqasında III tura və ümumiyyətlə, geridə qalan 3 tura nəzər yetirəcək…
 
Topaz Premyer Liqasında III tur başa çatdı. Keçirilən 4 görüş “Neftçi” və “Kəpəz”in ilk xalını, “İnter”in isə ilk qələbəsini rəsmiləşdirdi. “Qəbələ” prinsipial oyunda “Qarabağ”a yenildi. Ağdam klubu ilə birgə “Zirə” də itkisiz irəliləyir.
 
III turu bir baxımdan “Bakı turu” da adlandırmaq olar. Məsələ burasındadı ki, bütün matçlar paytaxtda, o qədər də böyük olmayan arealda baş tutdu. Ölkədə futbolun bölgələrə yayılma problemini məhz bu tur daha qabarıq şəkildə göstərdi.
 
Açılış oyunu son mövsümün bürünc mükafatçısı “İnter”lə debütant “Səbail” arasında keçirildi. Samir Əliyevin komandası səfərə bir qələbə ilə getmişdisə, Zaur Svanadzenin rəhbərlik etdiyi kollektiv xal üzünə həsrət idi. Bu baxımdan “İnter” üçün matçın əhəmiyyəti ikiqat artmışdı.
 
Elə tezliklə “Keşlə” adlanacaq sabiq “bankirlər” də oyuna çox istəkli başladılar. Artıq 4-cü dəqiqədə yenidən sıraya dönən kapitan Nizami Hacıyev komandasını hesabda önə keçirdi. Bu, “İnter”in görüş ərzində azsaylı qol vəziyyətlərindən biri idi və ondan da maksimum istifadə olundu. Əvəzində “Səbail” çoxlu qol imkanlarından yararlana bilmədi. Qeydə alınan 1:0 hesabı “İnter”ə mövsümün ilk 3 xalını qazandırdı. “Səbail” isə bununla ikinci məğlubiyyətini aldı.
 
“İnter” – “Səbail” görüşü  meydanda baş verənlərdən əlavə tribunalardakı gözlənilməz  ajiotajla da diqqət mərkəzinə düşdü. “İnter Arena” yəqin ki, heç vaxt komandanın çempionat oyunlarında bu qədər azarkeş görməmişdi. Məlumata görə, Keşlədə yerləşən müəssisə və dövlət obyektlərinin işçiləri tezliklə “Keşlə” adlanacaq komandaya dəstək olmaq üçün tapşırıqla gəlmişdilər. Bununla belə, yenə oyun üçün rəsmi protokollarda ən az tamaşaçının məhz sözügedən matçda olduğu qeyd edilib.


 
İlk oyun gününün ikinci, həm də sonuncu oyunu tarixi derbiyə təsadüf etdi. “Neftçi” doğma meydanda əzəli rəqibi “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirdi. Buna qədər hər iki matçda məğlubiyyətlə üzləşən komandalar meydane mütləq xal üçün çıxmışdılar. Görüşün sonunda xallar yarı bölündü. Qeydə alınan 0:0 hesabı turnir cədvəlinin son sıralarında yerləşən komandaların, nəhayət, xal qazanmasını rəsmiləşdirdi.


 
Bir neçə gün əvvəl baş məşqçi Elxan Abdullayevlə yollarını ayıran “Neftçi” “Kəpəz” önünə Elşad Əhmədovun rəhbərliyi altında çıxmışdı. Baş məşqçi əvəzi əvvəlki matçlardan fərqli olaraq, bir sıra dəyişikliklərə əl atmışdı. Oyun planında da müəyyən yeniliklər hiss edilirdi. Daha hərəkətli, daha çevik və hücumameylli “Neftçi” əslində “Kəpəz”ə qalib gəlməyə də layiq idi.
 
Görüşdə başqa bir diqqət çəkən məqam isə “ağ-qaralar”ın sarıya boyanması oldu. Komanda “90-lara qayıdış” adlanan yeni forma dəstindən ilk dəfə məhz bu oyunda istifadə etdi. Yeri gəlmişkən, bu forma daha çox kubok oyunları üçün nəzərdə tutulub.
 
“Kəpəz”də isə problemlər davam edir. Təkcə bir məqamı qeyd edək ki, yalnız antifutbol oynayan Gəncə klubu 1 xala da layiq deyildi. Oyunboyu vaxt uzatmaq üçün istənilən imkandan istifadə edən Şahin Diniyevin komandası 90 dəqiqə ərzində rəqib qapısı önündə bir real qol vəziyyəti belə yarada bilmədi. Hazırkı məqamda əgər “Neftçi”nin autsayderlər zonasından uzaqlaşması üçün bir işıq görünürsə, “Kəpəz”in sona qədər axırıncılardan olacağını gözləmək olar.
 
İkinci oyun günü “Zirə” – “Sumqayıt” görüşü ilə başladı. Buna qədər iki qələbəsi olan qəsəbə klubu itkisiz çıxışını davam etdirmək istəyirdisə, “gənclik şəhəri” təmsilçisi Bakının ən şərqdə yerləşən stadionuna bir qalibiyyət, bir məğlubiyyətlə gəlmişdi və ən azı heç-heçəyə ümid edirdi. İlk hissəsinin susqun keçdiyi matçda fasilədən dərhal sonra hesab açıldı. Əvvəlcə Riçard Qadze “Zirə”ni önə keçirdi, ardınca dubl edən Vüsal İsgəndərli fərqi 3-ə çatdırdı. Oyunda son nöqtəni də “Zirə”li qoydu.  Ancaq komanda yoldaşlarından fərqli olaraq Cozef Bum qapıları səhv saldı – 3:1.


 
Bu nəticə ilə Ayxan Abbasovun komandası xallarını 9-a çatdırdı. İtkisiz irəliləyən kollektiv iki liderdən biridi. “Zirə”nin belə çıxışı komandanın çempionluq yarışında “Qarabağ” və “Qəbələ”yə ciddi rəqib olma ehtimalını artırır. Qəsəbə klubu bunu sübut etmək üçün növbəti turda Qəbələ səfərində də uğurlu çıxışını davam etdirməlidi.
 
Turun son oyunu mərkəzi xarakterli idi. Son mövsümün qızıl və gümüş mükafatçıları – “Qarabağ” və “Qəbələ” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirdilər. İlk hissəsində qolun qeydə alınmadığı matçda qapıçılar fasilədən sonra topu üç dəfə tordan çıxarmalı oldular. Yekunda “Qarabağ” qələbəyə sevindi. Qeydə alınan 2:1 hesabı Ağdam klubunu turnir cədvəlinin zirvəsində “Zirə”yə şərik etdi.


 
“Qəbələ” ilə oyundan bir neçə gün əvvəl Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə üz-üzə gələn və tarixi uğura imza atan “Qarabağ” bu oyuna, əslində bir o qədər də əhəmiyyət vermirdi. Matçdan sonra komandanın baş məşqçisi Qurban Qurbanov da məğlubiyyətə hazır olduqlarını bildirdi. Mütəxəssisin meydana buraxdığı ilk “11-lik”də heç də əsas heyət deyildi. Ancaq fasilədən sonra əsas oyunçulardan Almeyda və Ndlovunun meydana çıxması komandanın oyun keyfiyyətini xeyli artırdı. Belə demək olarsa, “Qarabağ” ən yaxşı oyununu oynamadan və tam gücünü göstərmədən “Qəbələ”ni məğlub etdi.
 
Avropa Liqasında uğursuzluğa düçar olan “qırmızı-qaralar” isə hələ də istənilən formada deyillər. Zədəlilərin çoxluğu və limitə görə legionerlərin heyətdən kənar qalma halları baş məşqçi Roman Qriqorçukun seçim imkanlarını azaldır. İlk 3 tur və xüsusilə “Qarabağ”la oyun yeni transferlərin keçənilkilərdən üstün olmadığını göstərdi. Ən azından ona görə ki, “Qəbələ” ötən mövsüm daha güclü görünürdü.
 
İlk üç turun ümumi mənzərəsinə nəzər salsaq…
 
Premyer Liqada III turla birgə ilk ayın da başa çatdığını demək olar. Hazırda milli komandaların oyunları ilə bağlı fasilə yaranıb və matçlar bir də sentyabrın 8-də bərpa ediləcək. Ona qədər klublar yenidən müəyyən hazırlıq keçə biləcəklər.

Üç turdan sonra turnir cədvəlində ikihakimiyyətlilikdi. “Qarabağ” və “Zirə” hələlik itkisiz irəliləyir. Autsayderlər isə “Neftçi” və “Kəpəz”di. Hərəyə bir xal qazanan komandalar son iki pilləni bölüşdürürlər. Ötən mövsüm “gümüş”ü qazanan “Qəbələ” 3-cüdü. 3 xalı olanlar – “İnter”, “Sumqayıt” və “Səbail” 4-6-cı yerləri bölüşdürürlər.
 
 

N Klublar O Q H M T-F X
1 Zirə 3 3 0 0 8-2 9
2 Qarabağ 3 3 0 0 6-2 9
3 Qəbələ 3 2 0 1 4-3 6
4 İnter 3 1 0 2 2-3 3
5 Sumqayıt 3 1 0 2 3-5 3
6 Səbail 3 1 0 2 2-3 3
7 Neftçi 3 0 1 2 1-4 1
8 Kəpəz 3 0 1 2 1-5 1

 
“Zirə”, çempionatın ən məhsuldar komandasıdı. 3 oyuna 8 dəfə fərqlənən Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv “Qarabağ”dan 2 qol çox vurub. Bu baxımdan “Neftçi”ni autsayder hesab etmək olar. Düzdü, Bakı klubu kimi “Kəpəz” də 1 qol vurub, amma məsələ ondadı ki, “Neftçi”nin yeganə qoluna rəqib komandanın oyunçusu “imza atıb”. Rahid Əmirquliyev açılış oyununda topu öz qapısına göndərməklə “Neftçi”nin ilk qolunun, mövsümün isə ilk avtoqolunun müəllifi oldu.
 
Ümumiyyətlə, ilk 3 tur məhsuldarlığı ilə yadda qaldı.Yalnız bir görüşün qolsuz bitdiyi 12 matçda qapılara ümumilikdə 27 top vurulub. Bu isə orta məhsuldarlığın 2.25-ə bərabər olması deməkdi. Düzdü, bu, dünyanın aparıcı çempionatları ilə müqayisədə xeyli aşağı göstəricidi. Ancaq Azərbaycan çempionatı üçün rekordlardan sayılır. Müqayisə üçün qeyd edək ki, ötən mövsüm ilk 3 turdan sonra bu rəqəm 2-ə, 2015/16 mövsümündə isə cəmi 1.67-ə bərabər olub.
 
Vurulan 27 qolun biri penalti, ikisi isə avtoqol kimi qeydə alınıb. Ümumilikdə 3 turda 2 11 metrlik cərimə zərbəsi təyin olunub. Əgər Riçard Qadze fürsəti boşa veribsə, Filip Ozopiç imkandan maksimum yararlanıb. Avtoqollar isə Rahid Əmirquliyev və Cozef Bumun “aktivindədi”.
 
İlk 3 turda intizamsızlığı ilə “seçilən” futbolçu da olub. Söhbət “İnter”li Tərlan Quliyevdən gedir. O, “Səbail”lə matçda kobudluğa görə meydandan qovularaq, mövsümün ilk “qırmızı”sına sahib çıxıb.
 
Premyer Liqanın bombardiri Mahir Mədətovdu. Üç qol vuran oyunçunu iki qolla üç “Zirə”li – Riçard Qadze, Vüsal İsgəndərli və Təmkin Xəlilzadə izləyir.


 
Mahir Mədətovu ilk 3 turun oyunçusu da saymaq olar. Vurduğu 3 qoldan əlavə 2 məhsuldar ötürmə ilə də yadda qalan futbolçu artıq “Qarabağ”ın əsas simalarından birinə çevrilib. Son vaxtlar Qurban Qurbanovun daim güvəndiyi Mahir Çempionlar Liqasında komandanın qrup mərhələsinə vəsiqə qazanmasında da xüsusi pay sahibi oldu. Məhz onun “Kopenhagen”ə Bakıda vurduğu qol həlledici xarakter daşıdı. Mədətov əla forma yığıb və mövsümün gedişində bunu davam etdirə və daha artıra bilsə, Ağdam klubu üçün əvəzedilməz simalardan birinə çevriləcək.
 
İlk üç turun komandası isə “Zirə”di. TPL-də mövsümün startından əvvəl Avropa Liqasında çıxış edən komandanın çempionata tam hazır olduğu göz önündədi. İtkisiz irəliləyən qəsəbəlilərin sonda ilk “3-lük”də yer alacağını düşünənlər az deyil. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv göstərdiyi sürətli, göz oxşayan futbolla artıq indidən hansı iddiada olduğunu sübut edib. Çempionluq əlçatmaz kimi görünsə də, komandanın Premyer Liqaya xüsusi rəng qatacağını indidən demək olar.

Bir neçə kəlmə də debütant “Səbail” barədə… Samir Əliyevin komandası döyüşkənliyi ilə diqqət çəkir. İlk üç turda iki məğlubiyyət almasına baxmayaraq, “Səbail”in həmin matçlarda oyun baxımından rəqiblərindən geri qaldığını demək olmaz. Komanda xüsusilə “İnter”lə matçda xoş sözlərə malik idi. II turda isə Premyer Liqanın ən gənc klubu Azərbaycanın ən yaşlısı “Neftçi”yə qalib gələrək, ilk xallarını qazandı. “Səbail” heyət baxımından digərləriylə müqayisədə zəif görünsə də, istənilən rəqibə problem yaradacaq gücdədi.
 
***                   ***                   ***
 
Premyer Liqada III tura və ilk 3 turdan sonrakı ümumi mənzərəyə nəzər yetirdik. Kifayət qədər yüksək sürətlə başlayan çempionatda təxminən iki həftəlik fasilə yaranıb. Bu, bir baxımdan yaxşı forma yığan “Zirə” kimi komanda üçün müsbət sayılmasa da, fasilə zamanı “Neftçi”¸”Kəpəz” kimi klublar toparlanmaq imkanına malik olacaqlar. İstənilən halda bütün komandalar yaranan fasilədən xeyrli çıxmağa çalışmalıdılar. Bunun hansı effeklt verdiyini isə tam olaraq IV turun startından etibarən görəcəyik.

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb