Bakı şəhər turniri keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 4-də yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Bakı şəhər turniri keçirilib.

Futbolpress.az xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində təşkil olunan yarışda, ümummillikdə 48 nəfər həvəskar idmançı bacarığını göstərib.

Beynəlxalq dərəcəli və respublika səviyyəli hakimlərin idarə etdiyi turnirdə oğlanlar arasında Ziya Mürşüdlü birinci, Səid Süleymanzadə ikinci, İsmayıl Məmmədovla Musa İsmayılov üçüncü yeri tutub. Qızların mübarizəsində Aynur Ağayeva qalib gəlib. Leyli Məmmədova ikinci, Mələk Əhmədzadə ilə Sürəyya Quluzadə üçüncü olub.

Turnir bağlanış tədbiri və mükafatlandırma ilə başa çatıb, qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək verilməsi idi.