Azərbaycan Premyer Liqasının IX turunun “Kəpəz” – “Neftçi” oyunundan (4:3) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Oyun haqda çox danışmaq mümkündür. Qələbə qazanmışıq və çox sevincliyik. Üstəlik, “Neftçi”yə. Doğru yoldayıq və addımlarımız bizi yaxşı nələrəsə çatdıracaq. İstədiklərimizi bu gün edə bildik. Fasilədən sonra siğortalı oynamağa çalışdıq. Bu gün o gün idi ki, hər situasiyadan yararlana bildik.
– Bu gün demək olar, 99,9 faiz insan “Neftçi”nin qələbəsini gözləyirdi. Bu gün nəyi dəyişə bildiniz?
– Çoxuna qəribə gələ bilər. Hər oyunun təhlilləri var idi. Komandada yeniyik və bəzi şeyləri yavaş-yavaş dəyişməli, heyəti formalaşdırmalısan. Üstəlik futbolçuları da daha yaxşısını edə biləcəklərinə inandırmaq lazımdır. Bunu bacardığımızı düşünürəm.
– İlk qələbəni qazandınız, amma indi fasilə gəlir. Sonra isə “Qarabağ”la oyun olacaq…
– Sevincliyik ki, bu komandaya qarşı oynayacağıq. Uşaqları həmin oyuna daha yaxşı kökləmək lazımdır. Psixoloji cəhətdən hazır olmalıyıq. Bu gün də qol buraxsaq da, döyüşkənlik göstərdik.
– “Neftçi” üçün oyun planınız nə idi?
– Rəqibin üstünlüyü cinahlarında idi. Həm də 10 nömrə mövqeyində çətinliyimizin olacağını düşünürdük. İlk tapşırıq o oldu ki, liderlərimiz cinahlardan çıxmasın, onların vingerlərini zərərsizləşdirdik. Demək olar, hardasa müəyyən qədər alındı. Əsas problem Vitor Braqada oldu, buna səbəb də ingilis dilini bilməməsi idi.
– Yeni transfer Mahamadu Ba bu gün qol vurdu…
– Oyunçunun nə zaman qoşulmağı deyil, beyin olaraq necə olması vacibdir. Banın təcrübəsi də var. Pis oynamadı və bugünkü gün komandanın əsas oyunçularından biri kimi göründü.