Kimsə danmır və ya dana bilməz ki, yeni müstəqillik dönəmimizin ən möhkəm komandası “Qarabağ”dır.
Ancaq “daha neyləməlidir ki…” ritorikası süni və hətta qıcıqlandırıcıdır. Bu klub öz yaratdığı yolu eninə və uzununa böyütməkçün imkanları dəyərləndirdikcə təriflənir. Əgər bu imkanları daha da geniş işlətmək perspektivi görünürsə, lakin reallaşdıra bilmirsə, azarkeş qınağı, mütəxəssis/media tənqidi ən normal bir şeydir.
“Dinamo” Zaqrebdə üstün oynamadan böyükhesablı qələbə qazanmağın modulunu göstərdi. “Qarabağ” bu cür situasiyada necə davranmaq lazım olduğunu işləyə, nəzəri/praktik prosesə çevirə bilmədi. Vəssalam. Bu, belədir. Bilməliyik. İki oyuna 5 cavabsız qol…
İtkilər? Zaqreb təmsilçisində də vardı. Praktika? Müqayisədə geri qaldığımızı demək olmaz.
Cəhd etdik maksimum və olmadı. Rəqib bütünlüklə Karlo Ançelotti fəlsəfəsinə fokuslanıb. Rəqibin bütün bacarıqlarını “azdıracaq” dağıdıcı futbol sərgiləmək və periodik ekstra sürətli hücumlar qurmaq. Gözlənilməzlik. İlk oyun bunu tam şəkildə göstərdi…
Status-kvo vəziyyətində “Qarabağ”a batmaq çətin olardı, gərək ani və sürətli həmlələr edəsən. “Dinamo” bunu etdi.
Həmişə “Qarabağ”ın çətinlik çəkdiyi situasiyadır bu – kompaktlıqda çox yaxşı, lakin xaotik situasiyalar yaradıb, anidən sürətli və əks-hücum qurmaq alınmır. Klubumuzun “kimyasında” yoxdur bu.
Ola bilərdi. Bu mərhələlərin on illik “sakini” bu cür “kompleks” yaşamamalı, məngənəyə düşməməlidir.
Heyəti gücləndirmək baxımından da ehtiyatlılıq mənasız uzantıyla davam edir. Artıq yanaşmanı dəyişmək vaxtıdır.
Bəraətbazlıq etməkdənsə, mümkün çıxış yollarını axtarmaq gərəkdir. Heç olmasa, buna cəhd edənlərin başı üzərində “domokl qılıncı” olmamaq lazım. Bu yerlərə gəlinibsə, axtarışlar, cəhdlər hesabına gəlinib. “Neyləmək olar”çılarla uzağa getmək müşküldür – nə yolun eninə, nə uzununa…
Elçin Cəlilov