Çarter reysi ilə 5 saata yaxın uçuşdan sonra Riqaya çatdıq. Eşitdik ki, Özbəkistan millisi dünya çempionatına vəsiqə qazanıb. Bizimkilərin əhvalındakı izahı, çətin ab-havanı bəlkə Tarkovski də lentə alsa, tam ifadə edə bilməzdi.
***
Millimizin cah-cəlallı sana malik baş məşqçisi Santuşun dövründə hələ də qələbə üzü görməməyimizdən giley notları ətrafa səpələnirdi ki, həmkarlardan kimsə, “əşşi, daha Latviyanı da udmasaq, bəs haçan…?!” psevdorealizmiylə mövzuya nöqtəli vergül qoydu.
Haşiyə çıxıb qeyd edim ki, Bakıdan çıxanda gömrüyün pasport kontrolundan sonra kofe istirahəti üçün oturmuşduq. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, onun müşaviri Orxan Əhmədov media əhli ilə bir-bir görüşüb hal-əhval tutdular. Tez-tez maraqlanırdılar. Assosiasiyanın Marketinq Departamentinin rəhbəri Aysu İbrahimlinin də media əhlinə diqqətli davranışı diqqət çəkdi.
Düşünürəm ki, AFFA-nın prezidenti Rövşən Nəcəf də bu səfərdə olsaydı, o da gəlib idman jurnalistləri ilə bir-bir salamlaşardı, çünki özünü artıq bu yöndən tanıtdırıb. Həmçinin vitse-prezident Balakişi Qasımovun da mütləq yüksək etika, həmkara hörmət anlamında, lap belə şəxsi keyfiyyətlərinə görə bunu edəcəkdi.
Halbuki bu şəxslərin hər biri mediada tənqid də olunub, qınanıb da. Açdığım bu məsələyə bir simvolik məqamla nöqtə qoymaq istərdim. Uzun illər millinin administratoru işləyən İslam Abbasov bəndənizdən yaşca kifayət qədər böyük olsa da, görərkən yerindən qalxıb (!), gəlib salamlaşdı, hal-əhval, diqqət…
***
Bilirsiniz, bu haşiyə elə-belə açılmadı. Bu şəxslər illərdir bu sahədə çalışırlar. Biz də illərdir bu sahədə külüng döyürük. Bu adamlar idman jurnalistlərinin mövqeyinə görə heç vaxt dəyərləri itirməyib, böyüklük göstəriblər. Peşəkarlıq həm də budur…
İnanırıq ki, “daşlar yerinə oturacaq”. Müvəqqəti “sürüşmələr” özülü sarsıda bilməz, özünü sıradan çıxarar.
Bu səfər heyətində illərlə zamanın istisi-soyuğundan keçib bərkimiş, böyük təcrübə qazanmış, ad-sanını qorumuş media nümayəndələri var. Və bir çox bu cür yüksək dəyərə malik ad da Bakıdadır. Harda olmasından asılı olmayaraq, onların niyyəti, əziyyəti, cəhdi ölkə futbolunun qüdrətli olması üçündür.
Onların hər biri ən sərt tənqidi də, tərifi də təsadüfən etmir. Onların hörməti, dəyəri bilinməlidir. Bilənlər bilir, biləcək də. Bilməyənlər də ya biləcək, ya da biləcək. Başqa yolu yoxdur.
***
Media əhli Skonto stadionun yaxınlığında “Marriot” otelində məskunlaşıb. Açığı, təşkilatçılıq peşəkar və səliqəlidir.
Dostlarla stadionun adıyla bağlı xoş xatirələri yada saldıq…
Rəhmətlik Saşanın “Şəmkir”i 2000-ci ildə bu stadionda ilk dəfə Çempionlar Liqasında mərhələ adlayıb, Azərbaycan futbolu adına tarix yazmışdı. 25 il əvvəl.
Həmin oyunun qəhrəmanı Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya ötən həftə PSJ ilə Çempionlar Liqasını qazandı…
Özbəkistan DÇ-yə vəsiqə qazandı…
Gürcüstan son Avropa Çempionatına vəsiqə qazanmışdı…
Sabah Latviya ilə özümüzü yoxlayacağıq.
Fransa
Ukrayna
İslandiya
Bir qrupdan ki qorxasan, ümidin olmaya, nəyimizin harasıyla inkişaf edəcəyik?!
Elçin Cəlilov
Riqa, Latviya