Azad olunmuş torpaqlara ilk “ayaq açan” idman növü

FutbolPressSon zamanlar Azərbaycanda populyarlıq qazanan idman növlərindən biri avarçəkmədir. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası bu ərəfələr bir-birinin ardınca müxtəlif yarışlar, təlim-məşq toplanışları, bu idman növünün təbliği istiqamətində tədbirlər həyata keçirir. Xüsusilə, federasiyada rəhbər dəyişikliyindən sonra fəaliyyətində ciddi canlanma müşahidə olunur.

Tarixi

Avarçəkmə Azərbaycana yad idman növü deyil. Ümumən isə dünyada ən qədimlərdən biridir. Avarçəkmənin tarixinə nəzər yetirsək, ənənəsinin eramızdan əvvələ dayandığını görərik. Həmin dövrlərdə avarçəkmədən daha çox hərbi əməliyyatlar zamanı, səyahət və nəqliyyat vasitəsi kimi istifadə edilib. İdman növü kimi formalaşması isə XIII əsrə təsadüf edir. Avarçəkməni məşhurlaşdıran və buna maraq oyadan amillərdən biri idman mübarizəsi ilə yanaşı əyləncəli olmasıdır. Beləliklə, çox keçmir ki, avarçəkmə Venesiya karnavallarının proqramına daxil edilir. Müasir yarışların keçirilməsinə XVIII əsrdən başlanıb. Həmin zaman Londonda, Temza çayında qayıqçılar arasında yarışlar təşkil edilib. 1892-ci ildə Beynəlxalq Avarçəkmə Federasiyası (FISA) yaradılıb. Beynəlxalq Kanoe Federasiyasının (ICF) təsis edilməsi isə 1946-cı ilə təsadüf edir.

Bu idman növünün ölkəmizə gəlişi XX əsrdə baş verib. Daha dəqiq ifadə etsək, 1930-cu illərdən Azərbaycanda avarçəkmə idmanı ilə peşəkar olaraq məşğul olunmağa başlanıb. 1933-cü ildə 3 yaxt klub istifadəyə verilib. 1959-cu ildə Azərbaycan avarçəkənləri ilk ümumittifaq yarışa qoşulub. Həmin il akademik avarçəkənlərimiz SSRİ xalqlarının II spartakiadasında çıxış ediblər. 1964-cü ildə Mingəçevir şəhərində “Kür” avarçəkmə hazırlığı üzrə Olimpiya Mərkəzinin istifadəyə verilməsi Azərbaycanda bu idman növünün inkişafına böyük təkan verib. Ümumən həmin zaman ölkəmizdə avarçəkmə ilə məşğul olanların arasında Yevgeni Əmir Şah, Tamerlan Kusov, Gedalio Sadıxoğlu, Vladislav Şvetsov kimi avarçəkənlər kifayət qədər məşhur olub.

Avarçəkmənin növləri

Akademik avarçəkmə – XVIII əsrdə Böyük Britaniyada yaradılıb. Bu növdə qayıq həm əl, həm ayaq, həm də bədən gücü ilə və sinxron şəkildə idarə olunur. Qayıqlar 1, 2 və 4 nəfərlik cüt avarlı, 2 və 4 nəfərlik sükansız tək avarlı, 2 və 4 nəfərlik sükanlı tək avarlı və 8 nəfərlik tək avarlı olur.

Kanoe – qayıqlar 1, 2, və 4 nəfərlik olur. İdmançılar qayığı bir dizi üstə oturaraq tək avarla hərəkət etdirirlər. Kanoenin idarə olunması digər növlərlə müqayisədə daha çətindir. Çünki həm sürət, həm istiqamət, həm də tarazlıq tək avarla nizamlanır.

Kayak – qayıqlar 1, 2, və 4 nəfərlikdir. Kanoeyə nisbətən idarəetmə daha asandır. Kayak tək avarla, lakin iki tərəfdən idarə edilir. Həmçinin ayaqda sükan və qayığın arxa hissəsində pərin olması idarəetməni asanlaşdırır. Kayakın sürəti də kanoeyə nisbətən yüskəkdir.

Slalom – bu növdə kayak və kanoe qayıqlarından istifadə edilir. 1 nəfərlik kayakda kişi və ya qadın, bir nəfərlik kanoedə kişi və ya qadın, iki nəfərlik kanoedə kişilər və 2 nəfərlik kanoe qayığında qarışıq cütlüklər (kişi+qadın) yer alır. Yarışlar süni kanallar və dağ çaylarında təşkil edilir. Suyun sürəti ən azı 2 m/saniyə olmalıdır. Avarçəkənlər yürüş zolağında asılan qapılardan keçərək finişə çatmağa çalışır. Maneələrdən asılı olaraq slalom yarışları 5 çətinlik kateqoriyasına bölünür.

Raftinq – burada hava ilə doldurulmuş 2, 4 və 6 nəfərlik qayıqlardan istifadə edilir. Yarışlar dağ çayları və süni yaradılan kanallarda təşkil olunur. İdmançılar qayığı kanoedəki kimi tək və ya cüt kayak avarı ilə idarə edir.

Sahil avarçəkməsi – yarışlar dənizdə və ya okeanda təşkil edilir. İlk baxışda akademik avarçəkmə ilə eyni görünür. Lakin dəniz və okean şərtlərinə uyğun olaraq bu növdə qayıqlar çay və göllərdə istifadə ediləndən daha geniş və möhkəmdir.

Mövcud durum, nailiyyətlər, planlar…

Keçən ilin dekabrında federasiyada rəhbər dəyişikliyi baş verib. Həmin zaman Azərbaycan Milli Avarçəkmə Federasiyası adlanan qurumda prezident olan Elçin Zeynalov ümumi yığıncaqda hesabat məruzəsi ilə çıxış edərək son illərdəki fəaliyyət barədə məlumat verib. Daha sonra keçirilən səsvermədə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov federasiyanın yeni prezidenti seçilib.

Bu ilin martında qurumda daha bir yenilik baş verib. Federasiyanın adı dəyişdirilib və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adlandırılıb. İnkişaf strategiyasına uyğun olaraq qurumun loqosu da yenisi ilə əvəzlənib.

Son dövrlərdə keçirilən yarışlara nəzər yetirsək, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr olunan “Prezident kuboku-2022” reqatasını xüsusi qeyd etməliyik. “Prezident Kuboku-2022” reqatasının rəsmi açılışı və ilk yarışlar 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Suqovuşanda start götürüb. Yarışı əhəmiyyətli edən əsas məqam da məhz onun ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə təşkil edilməsi olub. Kayak və kanoe üzrə yarışlarda Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı mübarizə aparıb. Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar. Hər iki ölkənin idmançılarına çempionluq kuboku təqdim olunub. Ümumi nəticədə Azərbaycan komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.

Bundan başqa, Suqovuşan su anbarında avarçəkənlərin təlim-məşq toplanışı və nümunəvi çıxışları olub. Suqovuşana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva təlim-məşqi yerində izləyiblər.

Azərbaycan avarçəkənləri beynəlxalq yarışlarda da ölkəmizi uğurla təmsil edir. İyulda İsveçrənin Lutsern şəhərində təşkil olunan akademik avarçəkmə üzrə Dünya kubokunun III mərhələsində Diana Dimçenko 4-cü yerə sahib olub. O, Uelsin Pembrukşir şəhərində keçirilən və hazırda davam edən sahil avarçəkməsi üzrə dünya çempionatında finala yüksəlib.

Azərbaycanın yeniyetmə avarçəkənləri Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe növlərində keçirilən “Olimpiya Ümidləri” adlı yarşıa göndərilir. Turnirdə iki idmançımız iştirak edib. Gülnarə Həmzəzadə 200 və 500 metr məsafəyə yürüşlərdə kanoedə, Maarif Qarayev isə 200 və 500 metr məsafəyə kayakda çıxış edib. Hər iki idmançımız üçün “Olimpiya Ümidləri” yarışı gələcək inkişaf və perspektiv baxımından böyük təcrübə olub.

Bundan başqa, ölkə daxilində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə, Gənclər gününə həsr olunmuş tədbirlər təşkil olunub. Qarşıda isə daha bir mötəbər yarış olacaq. Oktyabrın 21-23-ü tarixlərində baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirinin ilk günündə kayak və kanoe növündə yarışlar Suqovuşanda təşkil olunacaq. İlk dəfə olaraq Beynəlxalq Kanoe Assosiasiyasının təqvim planına daxil edilən “Mingəçevir Reqatası”nda 15-dək komanda gücünü sınayacaq.

Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının fəaliyyəti, gələcək planları, ümumən bu idman növünün ölkəmizdəki mövcud durumu ilə bağlı qurumun baş katibi Fərhad Əliyevlə söhbətləşdik…

– AKAF son zamanlarda aktivliyi ilə seçilən federasiyalardandır, bir-birinin ardınca tədbirlər, yarışlar, təlim-məşq toplanışları təşkil olunur. Azərbaycanda avarçəkmənin hazırkı durumunu necə dəyərləndirmək olar: inkişaf istədiyiniz kimi gedirmi?
– Azərbaycan dünyada idmana diqqət ayıran və inkişafı üçün çalışan, bu mənada seçilən ölkələrdəndir. Ölkə rəhbərliyi cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə və idmana xüsusi qayğısının nəticəsidir ki, bu gün ölkəmizdə bütün idman növləri paralel olaraq inkişafdadır. Azərbaycan Kanoe və Avarçəkmə Federeasiyası da öz növbəsində daim yeni uğurlar, nailiyyətlər üçün çalışır. Hədəfimiz ölkə ərazisində avarçəkməni daha çox populyarlaşdırmaq, yeniyetmə və gənclər üçün əlçatan etməkdir. İstər təşkil edilən daxili və beynəlxalq yarışlar, istərsə də müxtəlif bölgələrdə təlim-məşq toplanışlarının təşkil olunması inkişafa yönəlmiş planlar daxilindədir. İlin əvvəlində Gənclər Gününə həsr edilən turnir təşkil olundu. Daha sonra işğaldan azad edilən cənnət Qarabağımızda, Azərbaycanın dilbər guşələrindən olan Suqovuşanda ilk genişmiqyaslı təlim-məşq toplanışı baş tutdu. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın toplanışı şəxsən izləməsi federasiyamız üçün böyük şərəf və qürur hissi idi. Bundan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ümummilli lider Heydər Əlyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku-2022” beynəlxalq reqatasını Suqovuşanda təşkil etdi.

– Keçən ilin dekabrında federasiyada rəhbər dəyişikliyi oldu. 10 ay ərzində nələrə nail olmağı bacardız?
– Qeyd etdiyimiz turnirlərin təşkili ilə yanaşı görülən çoxsaylı digər işlər də var. Federasiyanın adı fəaliyyət sahələrinə uyğun olaraq rəsmi dəyişdirildi. Beynəlxalq Kanoe Federasiyası (ICF) və Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) tamhüquqlu üzvü olan Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) adı 2022-ci ildə rəsmi olaraq dəyişdirilərək Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) adlandırıldı. Federasiyanın rəsmi saytı yenidən işlənildi və ictimaiyyətə təqdim olundu. Bu sayədə federasiyanın fəaliyyəti ilə bağlı məlumatları operativ olaraq həm saytımız, həm də sosial şəbəkə hesablarımız vasitəsilə əldə etmək mümkündür. Eyni zamanda Bakıda avarçəkməyə marağı, həvəsi olan yeniyetmələrin bu idman növü ilə məşğul ola bilməsi üçün Bakı Bulvarı ərazisində yerləşən “Venesiya şəhərciyi”ndə məşqlər təşkil olundu. Beləliklə, konsepsiya alətləri ilə yanaşı idmançılarımızın əyani olaraq qayıqlarda avarçəkmə ilə məşğul olması təmin olundu. Neftçalada yerləşən Axmaz göldə təşkil edilən təlim-məşq toplanışı da bölgələrdə bu idman növünün əlçatan olmasına xidmət edir. Orada yerli gənclərin təlim qayıqlarında avar çəkməsi birbaşa avarçəkməyə olan marağın bariz nümanəsi idi. Bu gün həmçinin Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində də komandamız mütəmadi məşqlər keçir. Azərbaycanda təşkil edilən yarışlarla yanaşı federasiyamız gənc idmançılarımızın ölkə xaricində keçirilən müxtəlif beynəlxalq turnirlər, o cümlədən Dünya və Avropa çempionatlarında iştirakını təmin edir. Bunun sayəsində idmançılarımız böyük təcrübə toplayır.

– Avarçəkmə işğaldan azad edilmiş torpaqlarımıza, obrazlı desək, “ilk ayaq açan” idman növü oldu…
– Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun işğaldan azad etdiyi Qarabağımızda, Suqovuşanda ilk genişmiqyaslı təlim-məşq toplanışı təşkil edildi. Novruz bayramı ərəfəsində baş tutan bu toplanışı cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən izləməklə bizə böyük qürur yaşatdı. Bu böyük diqqət məsuliyyətimizi daha da artırdı. Bundan sonra AKAF Qarabağda ilk beynəlxalq yarış təşkil etdi. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku-2022” beynəlxalq reqatasının ilk günü Suqovuşanda baş tutdu. Azərbaycanla yanaşı daha 4 ölkə Özbəkistan, Moldova, Gürcüstan və Türkiyə komandaları bu gözəl mənzərəli su anbarında kayak və kanoedə mübarizə apardı. Artıq Suqovuşanda daha geniş tərkibli ikinci beynəlxalq yarışın təşkilinə hazırlıqlar davam edir. 21-23 oktyabr tarixlərində baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirinin ilk günündə kayak və kanoe növündə yarışlar Suqovuşanda təşkil olunacaq. Növbəti iki gündə isə reqata Mingəçevirdə davam edəcək. Yarışlar İdman Azərbaycan telekanalında canlı olaraq yayımlanacaq. Bu sayədə idmansevərlər “Mingəçevir Reqatası-2022” beynəlxalq yarışını 3 gün ərzində canlı olaraq izləyə biləcəklər. Onu da qeyd edək ki, Azərbaycanla birgə ümumilikdə 15-dək komanda yarışda iştirak edəcək. “Mingəçevir Reqatası” ilk dəfə olaraq Beynəlxalq Kanoe Assosiasiyasının təqvim planına da daxil edilib.

– Avarçəkmənin təkcə idman növü kimi qalmaması, insanlar üçün bir növ əyləncəyə çevrilməsi, daha populyarlaşması, kütləviləşməsi istiqamətində federasiya rəhbərliyi hansı addımları atır və atmağı planlaşdırır?
– Avarçəkmə demək olar ki, zədə riski olmayan idman növlərindəndir. Üstəlik açıq havada, su üzərində olması və əzələlərin inkişafı baxımından da gənclərin fizioloji quruluşuna böyük müsbət təsir edir. Əlavə olaraq spesifik və əyləncəli olması avarçəkməyə olan marağı daha da artırır. Bizim əsas məqsədlərimizdən biri də ölkə ərazisində avarçəkməni geniş yaymaqdır. Yeni su hövzələrində təlim-məşq toplanışları və yarışların təşkili də kütləviliyin təmin olunmasına xidmət edir. Bununla yanaşı ümumilikdə gənclər arasında avarçəkməyə marağı daha da artırmaq üçün müxtəlif maarifləndirmə işləri aparılır. Qeyd edək ki, “Mingəçevir Reqatası-2022” üçün də bir müsabiqə xarakterli layihəmiz artıq icra edilməkdədir. Müsabiqənin qalibi olacaq gənclər reqatanı Mingəçevirdə izləyə biləcəklər. Müsabiqənin şərtləri ilə AKAF-ın instaqram və feysbuk səhifələrində tanış olmaq olar. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası eyni zamanda gələn ilin tədbirlər planı üzrə də işlər aparır.

Faiq Tahirov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu