Azərbaycanlı tələbələr Çexiyada təcrübə proqramında iştirak ediblər

22-28 İyun tarixlərində Azərbaycan İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə bakalavr təhsil səviyyəsində təhsil alan 13 tələbəsi Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilən təcrübə proqramında iştirak edib.

Futbolpress.az xəbər verir ki, proqramın ilk günü Karlov Universitetinin Fizioterapiya kafedrasının müdiri Tereza Novakova Akademiyanın nümayəndələri və tələbələri üçün kampus turu təşkil edərək onları dərs otaqları və avadanlıqlarla tanış edib. Sonra tələbələr kafedranın müəllimləri Helena Vomackova, Michaela Stupkova, Katerina Marsakovanın praktiki dərslərində iştirak ediblər. Dərslər zamanı əzələ testləri, MET (Muscle energy technique) metodları və digər mövzular haqqında geniş məlumat verilib.

Bununla yanaşı, tələbələr universitetdən kənarda yerləşən Kladno hospitalında İlona Kucerovanın rəhbərliyi ilə avtoqəza və insult keçirmiş pasiyentlərin müayinəsini və əzələ testlərini müşahidə edərək reabilitasiya xidmətinin göstərilməsində yaxından iştirak ediblər.

Proqramın son günü tələbələrlə təcrübənin yekun sorğusu keçirilib. Bu, tələbələrin proqramdan əvvəl və sonra bilik səviyyələrini, əldə etdikləri irəliləyişi müəyyən etməyə imkan yaradıb.

Sonda Karlov Universitetinin ən qədim zalı olan Karolinum zalında Akademiyanın tələbələrinin sertifikat təqdimetmə mərasimi keçirilib. Fərqlənən tələbələrə sertifikatla yanaşı, xüsusi hazırlanmış hədiyyə də təqdim olunub.

Qeyd edək ki, Karlov Universiteti Mərkəzi Avropanın ən qədim universitetlərindən biridir. 2023-cü ildə Azərbaycan İdman Akademiyası ilə Karlov Universiteti arasında birgə bakalavr və magistr proqramlarının hazırlanması, akademik və tələbə heyətinin mübadiləsi və təcrübə proqramının təşkili məqsədilə müqavilə imzalanıb.