Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Türkiyə I Liqasında pley-off oynamaq şansı əldə edib. Komanda pley-off mərhələsinin ilk qarşılaşmasında “Bodrumspor”la qarşılaşacaq. Qarşılaşma mayın 16-da baş tutacaq.
Vüsal İsgəndərli “FutbolPress”ə açıqlamasında komandasının şanslarını dəyərləndirdi:
“Pley-off şansımızı sona qədər qoyumağı bacardıq. Şükürlər olsun ki, istəyimizə çatdıq və həlledici oyunlarda iştirak etmək üçün şans qazandıq. Artıq bundan sonra hər bir klubun imkanları bərabərdir. İlk matçın cavab oyunu olmayacaq. Ona görə də əlimizdən gələni etməliyik ki, qələbə qazanaq. Super Liqaya vəsiqə qazanmaq istəyirik. Buna şanslarımız var. Maddi cəhətdən imkanları bizdən çox olan komandaları qabaqlayıb pley-offa yüksəlmişiksə, demək ki, yaxşı işlər görmüşük”.
İsgəndərli “Boluspor”dakı performasını pis qiymətləndirmir:
“Boluspor”da pis çıxış etmədim. Komandaya gec qoşuldum. Qışda transfer olunmam oyunuma çox təsir etdi. Komandaya gec öyrəşdim, həmçinin qeyd etməliyəm ki, bu il təlim-məşq toplanışlarına qatıla bilmədim. Bunlar geridə qaldı, qarşıdakı çıxışıma köklənməliyəm. Gələcək karyeram barədə hazırda düşünmürəm”.
Məlik Məlikov