Taekvondo Koreya dönüş sənətidir. Bu idman növünün özünə xas xüsusiyyəti daha çox əl və ayaqlardan fəal istifadə edilməsidir. Taekvondo üç sözün – tae (ayaq), kvon (əl) və do (sənət) birləşməsindən yaranıb. Vətəni Cənubi Koreyadır.
1945-ci ildə II Dünya Müharibəsi başa çatandan sonra Seulda kvan adlı yeni döyüş sənəti məktəbləri açıldı. Bu, yapon və Çin döyüş növləri ilə məşğul olmuş koreyalı döyüş sənətçiləri tərəfindən yaradılmışdı. Taekvondo əvvəl kvan adlı döyüş sənəti kimi tanınıb. Həmin vaxt taekvondo ifadəsi hələ meydana gəlməmişdi. 1952-ci ildə Cənubi Koreya prezidenti Sinqman Ri ordunun zabitləri Ço Honq-hi və Nam Taenin döyüşünü izlədi. O, nümayiş edilən idmanının vahid bir sistemə salmağı və ölkədə təbliğ olunmasını istəyir. Bundan sonra artıq taekvondo bir idman, döyüş sənəti kimi formalaşmağa başlayır. 1955-ci ildən kvan döyüş sənətinin liderləri yeni idman növünün yaradılmasını ciddi şəkildə müzakirə edirlər. Ordu zabiti Ço Honq-hi Tae Kvon Do adının istifadə edilməsini müdafiə edir. Bundan sonra döyüş sənətinin adı taekvondo olaraq bilinir.
Taekvondo ilə məşğul olmuş bir sıra adlar var ki, onlar sonradan film sektorunda da məşhurlaşıb. Bunlar Donni Yen (“İp Man”), Toni Caa (“Onq Bak”), Skot Adkins (“Məğlubedilməz”), Çak Norris (“Əjdəhanın qayıdışı”) və başqalarıdır. Bununla yanaşı, tanınmış futbolçu, hazırda “Milan”da çıxış edən Zlatan İbrahimoviç də taekvondo ilə məşğul olub.
1959-cu ildə Koreyada 9 taekvondoçunun səyi nəticəsində Koreya Taekvondo Assosiasiyası yaradılıb. Dünyanın ən böyük taekvondo təşkilatları 1966-cı ildə yaradılmış Beynəlxalq Taekvondo Federasiyası (İTF) və 1973-cü ildən fəaliyyət göstərən Ümumdünya Taekvondo Federasiyasıdır (WTF). Qurumlar 1980-ci ildən WTF Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən tanınıb.
Hər idman növündə olduğu kimi, taekvondoda da müxtəlif prinsiplər var. Bu növlə məşğul olanlardan ilk növbədə tələb edilən nəzakətli, düzgün, təmkinli və sərbəst ruhlu olmağıdır. Bunlar taekvondonun prinsipləri kimi qəbul edilib.
Azərbaycanda taekvondo
Azərbaycanda taekvondo ötən əsrin sonlarından inkişaf etməyə başlayıb. Ölkədə Taekvondo Federasiyası (ATF) 1992-ci ildə yaradılıb. Quruma 1999-cu ildən Kəmaləddin Heydərov rəhbərlik edir. Azərbaycanda bu idman növü qısa zamanda kütləviləşib.
Taekvondoçularımız tək ölkədaxili deyil, beynəlxalq arenalarda da müxtəlif nailiyyətlər əldə edib. Bununla yanaşı, 2003-cü ildə MDB ölkələrinin I Açıq Çempionatı, 2004-cü ildə Afina Olimpiya Oyunlarına Avropa lisenziya turniri, 2005-ci ildə gənclər arasında Avropa çempionatı Azərbaycanda təşkil edilib.
Ölkəmizin müstəqillik illərində Olimpiya idman növləri üzrə ilk dünya çempionu Niyaməddin Paşayevdir. 2001-ci ildə Koreyada dünya çempionatında “qızıl” qazanan Paşayev bundan başqa, 2 dəfə də – 2004, 2005-ci illərdə Avropa çempionu adına yiyələnib. Sabiq dünya çempionu hazırda ATF-də vitse-prezident vəzifəsində çalışır. Ümumilikdə taekvondoda milli komandaların yarışında da Azərbaycan uğurlar əldə edib. 2015 və 2016-cı illərdə kişi komandalarının mübarizəsində Azərbaycan yığması dünya çempionu olub.
Hazırda ölkəmizdə taekvondoda inkişaf nəzərə çarpan dərəcədədir. Bu ilin yayında Konyada keçirilən İslam Həmrəyliyi oyunlarında iştirak edən taekvondoçularımız 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb. Son olaraq Azərbaycan yığması Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyindən 3 qızıl, 2 gümüş və 3 bürünc medalla Bakıya qayıdıb. Bu, son 15 ilin rekord göstəricisidir. 2007-ci ildə yeniyetmə taekvondoçularımız Macarıstanda keçirilən Avropa çempionatında 7 medal qazanmışdı.
Vallettada Zəhra İsayeva (29 kq), İlyas Hətəmli (37 kq), Vasif Səlimov (53 kq) qızıl, Xuraman Cavadzadə (37 kq), Elcan Əliyev (65 kq) gümüş, Mehdi Budaqlı (33 kq), Fuad Məhərrəmli (45 kq) və Bahadur Dostuyev (49 kq) bürünc medal qazanıb. Milli 8 medalla həm oğlanların, həm də ümumu komanda hesabında Avropanın 3-cüsü olub.
Azərbaycanda taekvondonun hazırkı durumu, inkişaf planları və əldə edilən nailiyyətlərlə bağlı Azərbaycan Taekvondo Federasiyasının baş katibi Həmdiyyə Məmmədovla danışdıq. Qurum rəsmisi əvvəlcə son olaraq Avropa çempionatında əldə edilmiş tarixi uğur (8 medal) haqda fikirlərini bildirdi:
“Azərbaycan Taekvondo Federasiyasında milli komandalarda təlim-tədris və məşq prosesi beynəlxalq standartlara cavab verən metodika və qaydalara uyğun təşkil edilib. Odur ki, komandamızın yeniyetmələrin Avropa birinciliyində yüksək nəticələr əldə edəcəyinə ümid edirdik. 8 medal – 3 qızıl, 2 gümüş, 3 bürünc medal qazanan yığmamızın son 15 ilin ən yüksək nəticəsi olaraq komanda hesabında oğlanlar arasında və ümumi komanda hesabında Avropada III yerə sahib olması qürurverici nəticədir”.
Həmsöhbətimiz qazanılan uğurlarda federasiyanın böyük pay sahibi olduğunu qeyd etdi. Təsadüfi deyil ki, 2023-cü ildə Ümumdünya Taekvondo Federasiyasının (WTF) yaranmasının 50-ci ilində keçiriləcək dünya çempionatına ev sahibliyini Azərbaycan edəcək. Məmmədov nüfuzlu yarışın təşkil edilməsi üçün hazırlıq prosesinə başlanıldığını bildirdi:
“Azərbaycan Taekvondo Federasiyasında 2001-ci ildən başlayaraq idman nailiyyətlərinin silsilə yüksəlişi ilə respublikada populyar və nəticə verən federasiya kimi öndə mövqe tutub. Müstəqillik dövründə olimpiya növlərində keçmiş SSRİ-nin 15 respublikası arasında yeganə dünya çempionu olan, 2015-ci ildə dünya kubokunun sahibi olması, 2016-cı ildə komandalar arası dünya çempionu, 2014-cü ildə gənclər arasında olimpiya çempionu və 2016-cı ildə respublikaya Olimpiyadadan yeganə qızıl medal gətirən federasiya olmağımız dediklərimizə bariz nümunədir. Hazırda Federasiya normal, işgüzar, ahəngdar fəaliyyətini davam etdirir, yığma komandamız Federasiyanın idman bazasında təlim-məşq prosesini plan və proqramlar üzrə davam etdirir. Federasiya rəhbərliyinin diqqəti və qayğısı daim idmançıların üzərindədir. Gələn il dünya çempionatının Azərbaycanda keçirilməsi ilə əlaqədar artıq hazırlıq prosesinə start verilib”.
Bu növün ölkəmizdə daha geniş yayılması və marağın artırılması məqsədilə federasiya tərəfindən qurumun daxilində idman bölmələri yaradılıb. Bundan başqa, respublika yarışları, şəhər birincilikləri də təşkil edilir. Görülən tədbirlər haqda danışan Həmdiyyə Məmmədov federasiyanın diqqət və qayğısını yüksək səviyyədə dəyərləndirdi:
“Azərbaycan Taekvondo Federasiyası idman kompleksində fəaliyyətini davam etdirir və qarşısında duran vəzifələrin yerinə yetirilməsi əzmindədir. Narahatedici məqam və problemləri yoxdur. Taekvondonun təbliğatı və kütləviliyi məqsədilə qeyd etmək lazımdır ki, Federasiyada yaradılmış idman bölmələrinin sayı 40-dan yuxarıdır, 6-sı bu il yaradılmaqla fəaliyyət göstərən klubların sayı 60-a çatıb. Rəsmi yarışlarla yanaşı respublikanın müxtəlif bölgələrində mütəmadi olaraq açıq birincilik yarışları və yoldaşlıq görüşlərinin təşkil edilib keçirilməsi ənənəvi hal alıb”.
Yekun
Azərbaycan taekvondoçularının son zamanlarda beynəlxalq arenada qazandıqları uğurlara nəzər salsaq, bu növdə inkişafın getdiyini və gələcəkdə daha böyük nəticələrin əldə olunacağını demək olar. Ölkəmizdə taekvondo nə qədər güləş, cüdo, futbol səviyyəsinə çatmasa da, artıq beynəlxalq yarışların Azərbaycanda təşkil edilməsi, Avropa və dünya çempionatlarında qazanılmış uğurlar ölkə taekvondosu adına xoş hadisələrdir.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu