Azərbaycanda şahmatın inkişaf perspektivləri

FutbolPressMedianın İnkişafı Agentliyinin layihəsiV YAZI

Uşaq və gənclərin mənəvi inkişafında şahmatın oynadığı və ya oynaya biləcəyi rol olduqca böyükdür. Bu, hər şeydən əvvəl intellektual dayanıqlı fərdin formalaşmasında əhəmiyyətə malikdir. Ölkəmizdə ənənənələri olan şahmatda “yeni dalğalar”ın səssizliyi qayğı mənbəyidir. Dövlət səviyyəsində böyük diqqət göstərilən “ağıl oyunu”nu daha da inkişaf etdirmək perspektivləri isə var…

Azərbaycanda şahmat tarixi

Dünyada şahmatın ən populyar olduğu ölkələrdən biri Azərbaycandır. Bu oyun növü barədə məlumatlara XII əsr mütəfəkkirləri Xaqani Şirvani və Nizami Gəncəvi kimi şairlərin əsərlərində rast gəlmək mümkündür.

Şahmat ölkəmizdə zərif cins nümayəndələri arasında da populyar idi. Azərbaycanlı şairə Məhsəti Gəncəvi ilk qadın şahmatçı hesab edilir.

Yazıçı və filosof Mirzə Fətəli Axundov 1864-cü ildə yazdığı “Şatranjın oyunu” əsərində oyunun qaydalarını izah edir.

Bütün bunlara baxmayaraq, Azərbaycanda şahmatın mütəşəkkil formada kütlələr arasında yayılması XX-əsrin 20-ci illərindən başlayır. İlkin zamanda digər idman növlərində olduğu kimi, “ağıl oyunu” da daha çox qeyri-azərbaycanlılar arasında məşhur idi. Bu səbəbdən 1923-cü ildə keçirilən Bakı çempionatında Naxçıvanda doğulmuş Vladimir və Mixail Makoqonov qardaşları qalib oldular. Lakin “korenizasiya” siyasəti çərçivəsində müsəlman əhalinin dövlət quruculuğu, eləcə də idman sahələrində iştirakı ilə 1930-cu ildən sonra bu disbalans aradan qalxır. 1934-cü ildə keçirilən ilk ölkə çempionatının qalibi Qasım Səlimxanov olur.

Kişilərdən fərqli olaraq, zərif cins nümayəndələrinin şahmat yarışlarında aktiv iştirakı üçün təbliğat müəyyən müddət istənilən effekti vermir. 1936-cı ildə qadınlar arasında keçirilən ilk ölkə çempionatında Olqa Rojdenstvenskaya qalib gəlib. (Karpov,1990:11) Həmin il Bakılı Anastasiya Poliskaya isə zərif cins nümayəndələri arasında Zaqafqaziya çempionu olur. O dövrədək ən uğurlu qadın şahmatçı kimi  Tatyana Zatulovskayanı misal göstərmək olar.

Azərbaycan şahmat tarixində ilk dəfə idman ustası adına Sultan Xəlilbəyli layiq görülüb. 1950-ci illərdəki yarışmalarda isə ölkə çempionu adını Azər Zeynallı və Vladimir Bağırov qazanıblar. (Karpov,1990:12).

Bu idman növündə tariximizin ən uğurlu dövrü kimi 1970-1980-ci illəri qeyd etmək mümkündür. 1985-ci ildə Bakı məktəbinin yetirməsi olan Harri Kasparov 22 yaşında şahmat üzrə dünya çempionu olur.

SSRİ-nin dağılması ilə paytaxtımız çoxmillətli strukturunu itirir və bir çox xalqın nümayəndələri şəhəri tərk edirlər. Buna baxmayaraq, ənənə davam edir, yeni gənc kadrlar formalaşırdı. Ölkənin ən güclü “iti zəka sahibləri” Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Vüqar Həşimov, Rauf Məmmədov və Eltac Səfərli bu dönəmdə yetişdi. Onlar 2009, 2013, 2017-ci illərdə Avropa çempionu oldular.

Mövcud durum: problemlər

Yuxarıda adları sadalanan nəslin yaşı getdikcə artır və ölkə olaraq hazırda güclü kadr defisiti ilə üz-üzəyik. Vüqar Həşimovun vəfatından sonra beynəlxalq yarışlarda ölkəmizi təmsil edən idmançılarımızdan yalnız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov uğur qazana bilir.


Mərhum qrossmeysterimiz Vüqar Həşimov

Azərbaycan hökuməti bu sahədəki gerilikləri aradan qaldırmaq üçün 2009-cu ildən etibarən kompleks tədbirlər həyata keçirməyə başladı. Yeni gənc kadrların yetişdirilməsi üçün “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi üzrə Dövlət Proqramı” qəbul olundu.

Bu çərçivədə Azərbaycan Şahmat Federasiyasının Azərbaycan Respublikası Təhsil Nazirliyininin qarşılıqlı koordinasiyası ilə isə məktəblərdə şahmat dərsinin tədrisinə başlanılır:

“Təhsil nazirinin Ümumtəhsil məktəblərində “Şahmat” fənninin tədrisinin davam etdirilməsi tədbirləri haqqında 29 avqust 2013-cü il №784 əmrinə əsasən 2013-2014-cü dərs ilindən yeni pilot layihə kimi bu idman növünün keçirildiyi ümumtəhsil məktəblərinin siyahısı təsdiq edildi. Yəni, əmrə əsasən dərslərin keçirilməsi 2013-2014-cü ildə də davam etdirilməli, bu fənni II, III və IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına dərs cədvəlinə daxil edilməklə həftədə 1 saat keçirilməlidir”.

2016-cı ilə Şahmat Federasiyasının keçmiş prezidenti Elman Rüstəmov proqramın yekunu ilə bağlı tədbirdə çıxış edərkən planın uğurla icra edildiyi qeyd edir.

Lakin layihəyə təhsil ekspertlərinin münasibəti mənfi idi. Əjdər Ağayev qeyd edir:

“Şahmat idman növünə daxildir və bu cür dərslər də ənənəvi olaraq, uşaqlara dərsdənkənar fənn kimi keçirilib. Yəni, gün ərzində tədris planında olan dərslər bitdikdən sonra, həftədə bir neçə dəfə nəzərdə tutulmaqla, bu sahənin mütəxəssisləri uşaqlarla məşğul olur. Şahmat üzrə mütəxəssis də şahmatın əlifbasından başlayaraq, hərflərinə, gedişlərinə qədər uşaqlara öyrədir. Bu yaxşı haldır. Amma şahmatı müstəqil fənn kimi tədrisə gətirməyin mən də lehinə deyildim. Bu o deməkdir ki, tədris planındakı fənlərin biri artırılmalıdır. Buna isə ehtiyac yoxdur. Bizim tədris planımızda kifayət qədər fənn var. Ona görə də şahmatı tədris planında oturdub, dərs cədvəlinə salıb, tədrisə gətirməkdənsə, orta məktəblərdə şahmat dərnəklərinin yaradılması və bu dərnəklərin də zəruri məşğələ kimi tədrisinə həvəsi olan uşaqları bir yerə yığıb, onlara sistemli şəkildə mütəxəssislər tərəfindən dərslərin verilməsi yaxşı olar.”

Plan təsdiq edilsə də, məktəbdə dərslərin hansı müəllimlər tərəfindən tədris ediləcəyi problemi mövcud idi. Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov məsələ ilə bağlı bunları deyir:

“Müəllimlər üçün seminarlar keçirilir. Şahmat Federasiyası və Təhsil Nazirliyi həmin seminarlara rəhbərlik edir. Müəllimlər ya şahmat məktəbindən, ya da orta məktəbin özündən seçilir. Bundan başqa, müəllim ayrıca şahmatçı da ola bilər”.

Proqramın tələsik və koordinasiya edilmədən formalaşdırılması  həm qeyri-peşəkar müəllimlərin tədris prosesinə qoşulması, həm də layihənin özü-özlüyündə həyata keçirilməsində əngəllər formalaşdırdı. 2019-cu ildə şahmat dərsi keçirilən məktəblərdə aparılan monitorinqlər zamanı tədrisin ümumiyyətlə aparılmadığını, və ya qeyri-peşəkar şəxslər tərəfindən aparıldığı aşkar olunur.

Bakı şəhəri 33 nömrəli tam orta məktəbin idman müəllimi Zənurə Məmmədova bu oyunu yay idman növlərinə daxil edib: “Qışda bu fənnə tələbat olmadığından onun tədrisi yaya saxlanılır”.

Problemin miqyasını Nəsimi rayon 5 saylı tam orta məktəbin direktoru Nərminə Gündüzlü daha yaxşı ifadə edir: “Şahmat üzrə qrossmeysterlərin məktəbdə dərs deməməsi problemdir. Onların məktəbdə dərs deməməsi səbəbi ilə biz riyaziyyat müəllimlərinin fənni tədris etməsi məcburiyyətində qalırıq. Mənə elə gəlir ki, əgər şagirdlərə bu oyunu məhz şahmatçılar tədris etsələr, daha yaxşı nəticələr əldə etmək olar”.

Nə etməli?

Dövlətin təsdiq etdiyi proqramın doğru icra edilməməsi gələcəkdə Azərbaycan şahmatına çox ciddi problemlər yarada bilər. Hazırda gənc “iti zəka sahibləri” arasında qrossmeyster ünvanını qazanan iki şahmatçımız – 16 yaşlı Aydın Süleymanlı və 20 yaşlı Vüqar Əsədli var. Bundan başqa, gələcək vəd edən yeni şahmatçılarımızdan 15 yaşlı Riad Səmədov və Seyid Hüseyni, 14 yaşlı Fərid Orucovu, 12 yaşlı Cahandar Azadəliyevi misal göstərmək olar. Bu idmançıların gələcək uğurlarını isə düzgün koordinasiya və təşkilatçılıq müəyyənləşdirə bilər.


Gənc istedad Aydın Süleymanlı

Maddi amilin gənc istedadların karyerası üzərində təsiri unudulmamalıdır. Şəhriyar Məmmədyarovun bir neçə il əvvəl verdiyi açıqlamasında maddi sıxıntı çəkdiyini söyləməsi diqqətləri federasiya üzərinə çəkdi. Bu idman növü ilə məşğul olan şahmatçıların inkişafına kapital qoyulmaması onların ölkədən getməsi ilə nəticələnə bilər. ABŞ-ın xüsusilə son illərdə maddi amil hesabına filippinli Uesli So və erməni Levon Aronyanı  öz heyətinə qatmasını unutmamaq lazımdır.

Şahmatın əvvəlki ənənəsini qorumaq üçün kompleks tədbirlər paketi hazırlanmalı və bunun icrasının monitorinqi aparılmalıdır.

Tural Həmid

İstifadə olunan ədəbiyyat
А.Е. Карпов, (1990) Шахматы. Энциклопедический Словарь.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.