Reqbi — iki komanda arasında oval bir topun əl və ayaqlarla nəzarət edilərək hesab artırılması əsasına söykənən komanda oyunudur. Bu idman növü 1823-cü ildə İngiltərədə Reqbi Şəhərinin eyni adlı məktəbində yaradılıb. Əsas qaydalardan biri topu əlində saxlayaraq, rəqib tərəfə qaçmaqdır. Görüşlər hər birində 15 oyunçu (Reqbi-15) olan iki komanda arasında keçirilir. Meydançanın hər iki tərəfində H formalı qapı dirəkləri olur. Xallar topun bu dirəkləri keçməsindən sonra hesablanır.
Xallar və növlər…
Əgər yerdən vurulan (sərbəst zərbə, qapıdan zərbə istisna olmaqla) zərbə yerə və zərbəni vuran komandanın oyunçusuna dəymədən qapı dirəklərinin arasından keçərsə, bu, qol sayılır. Reqbidə futboldan fərqli olaraq, qolun vurulma tərzlərinə görə xallar dəyişir. Cəhdə görə 5, cəhdən sonra gələn qol 2, cərimə zərbəsindən vurulan 3, drop-qol (yerdən sıçrayan topa zərbə) 3 xaldır.
Reqbinin daha çox məşhurlaşan növü reqbi 7-dir. Burada hər komandada 7 oyunçu çıxış edir. Bunların 3-ü hücumçu, 4-ü müdafiəçidir. Hər biri 7 dəqiqədən ibarət olan 2 hissəlik oyunlar keçirilir və fasilə cəmi 1 dəqiqə olur. Bu növ 1924-cü ildən olimpiya növləri arasındadır və 2016, 2020-ci il Yay Olimpiya Oyunlarının da proqramında yer alıb. Bundan başqa, reqbi-10 (10 komandalı), tambo reqbi (palçıqlı ərazidə oynanılır), qar reqbisi (qarlı havada oynanılır) kimi növlər var.
2014-cü ildə dünya üzrə 6 milyondan çox insan reqbi oynayıb. Onlardan 2,36 milyonu peşəkar kimi qeydiyyatdan keçib. 1886-cı ildə yaradılan Reqbi Birliyi bu idman sahəsinin ali qurumudur. Hazırda 101 ölkə tam hüquqlu üzvdür. Reqbi yarananda ilk dövrlərdə oyunçulara ödənişləri edilməyib. 1995-ci ildən isə qeydiyyatdan keçən peşəkar oyunçular məvacib qarşılığında çıxış edirlər.
Azərbaycanda reqbi
Azərbaycana reqbinin gəlişi XIX əsrə təsadüf edir. Ölkəmizdə bu sahənin inkişafı Vaqif Sadatxanın adı ilə bağlıdır. Azərbaycanda reqbinin yaradıcılarından olan mütəxəssis əvvəlcə “Dinamo”nun, sonra isə “Neftçi”nin bazasında reqbi komandaları formalaşdırıb. 1972-ci ildən 1976-cı ilə qədər Bakıda Şəhər İcra Hakimiyyətinin mükafatları uğrunda şəhərlərarası reqbi çempionatları təşkil edilib.
Azərbaycanda ilk rəsmi reqbi klubu 2001-ci ildə yaradılıb. “Bakı” Reqbi Klubu (BRK) adlanan komandanın rəhbəri Vaqif Sadatxan olub. Klubun şəhərlərarası çempionatda debütü uğurlu alınıb və ilk 2 matçda uduzmayıb (1 qələbə, 1 məğlubiyyət). Komanda növbəti ildə həmin turnirdə fianal yüksəlib. BRK həm Bakıda, həm də Tbilisidə Gürcüstan klubları ilə yoldaşlıq oyunları keçirilib.
Azərbaycanın reqbi millisi Avropa çempionatında ilk rəsmi oyununa 2005-ci ilin aprelində çıxıb. Komanda səfərdə Bosniya və Herseqovinaya uduzsa da, evdə qalib gəlməyi bacarıb. Bu, Azərbaycan reqbi tarixində millinin ilk beynəlxalq zəfəri kimi düşüb.
Azərbaycan Reqbi Federasiyası 2004-cü ildə yaradılıb. 2005-ci ildə qurum Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Federasiya həmin il Beynəlxalq Həvəskar Reqbi Federasiyasına tamhüquqlu üzv kimi qəbul edilib.
Federasiya hazırda da fəaliyyət göstərir. Azərbaycanda reqbinin mövcud durumu ilə bağlı qurumun İnkişaf və Kütləvi İnformasiya Vasitələri (KİV) üzrə vitse-prezidenti Eldar Kərimovla danışdıq. Milli komandanın da sabiq üzvü olmuş federasiya rəsmisi ölkəmizdə bu sahənin vəziyyəti ilə bağlı bunları söylədi:
“Ümumi durum belədir ki, reqbinin ölkəmizdə inkişafı bir neçə mərhələdən ibarət olub. Vaqif Sadatxan Azərbaycan reqbisinin banisi sayılır. Təkbaşına bu idman növünü qaldırmağa çalışırdı. 2004-cü ildə federasiya yaradıldı və Vaqif müəllim bir neçə komanda hazırlayırdı. Onun tələbələri çoxdur. 2015-ci ildən yenidən inkişaf dövrü başladı. Artıq Vaqif müəllimə şagirdləri də qoşulub. “Qarabağ” Reqbi Klubu yaradıldı. Hazırda ölkəmizin ən yaxşı komandasıdır. “Qarabağ” Azərbaycan Reqbi Federasiyanın məşqçi və oyunçu tərəfdən bazası sayılır. Bundan başqa, “Pələng”, “Tisa Titans”, Qəbələdə, Şamaxıda və Samuxda da komandalar fəaliyyət göstərir. Uşaq və yeniyetmələrin reqbiyə cəlb edilməsi, kütləviliyin artırılması üçün işlər gedir, çempionatlar təşkil edilir”.
Mövcud problemlər və dəstəkçilər
Reqbi Azərbaycanda digər idman sahələrindən daha az tanınır. Bir çox insan ölkəmizdə də bu idmanın olması, müxtəlif yarışların keçirilməsindən xəbərsizdir. Hazırda hər sahədə olduğu kimi reqbidə də problemlər mövcuddur. Kərimov yaşadıqları çətinliklərdən bəhs edərkən, əsasən maliyyə məsələlərinin ön plana çıxdığını dedi:
“Əsas problem maddi çətinliklərdir. Sponsorumuz yoxdur. Öz gücümüzə çalışırıq. Millinin sabiq üzvlərindən 4-5 nəfər var ki, işləyirik. Uşaq reqbisini inkişaf etdirməyə çalışırıq. Kiçik və orta biznesmenlər bizə dəstək olur. İdman ləvazimatlarının, formaların alınmasına kömək edirlər. Həftədə bir dəfə “ASK Arena”da ödənişsiz məşq edirik. “Sumqayıt” klubunun rəhbərliyi “Kapital Bank Arena”nı bizə verib, həftədə 3 dəfə orada çalışırıq. Özü də təmənnasız. Hazırda məşqlərin hər biri ödənişsizdir. Ümumi bütün xərcləri isə özümüz çəkirik. İstəyirik ki, öz gücümüzə nəticə ortaya qoyaq və bu idman növünün uğurlu olacağını göstərək. Bundan sonra dövlətdən dəstək istəyə bilərik. Reqbi Federasiyası gənclər və idman nazirliyində akkreditasiya prosesindədir. Milli Olimpiya Komitəsi tərəfindən təsdiq almışıq. Nazirlik də yaxın zamanda qeydiyyat prosesini tamamlayacaq. Yarışlar isə “Qarabağ” Reqbi Klubunun təşkilatçılığı ilə olur”.
Reqbi ruhu
Reqbi kənardan baxanda daha sərt, kobud bir oyun təəssüratı yaradır. Bu da valideynlərin övladlarını reqbiyə qoymasına əngəl törədən əsas amillərdəndir. Kərimov məsələ ilə bağlı bunları qeyd etdi:
“Əsas problemlərdən biri də bu idman növünə cəmiyyətimizin bələd olmamasıdır. Valideynlər reqbiyə baxanda görürlər ki, sərt bir sahədir. Onlar sosial şəbəkələrdə bununla bağlı videolara baxır və uşaqlarını reqbiyə qoymağa çəkinirlər. Amma reqbi travmatik olmayan bir sahədir. Futbolla müqayisə etsək, burada ayaqların təması yoxdur. Ayaqla ayağa müdaxilə qayda pozuntusudur. Bundan başqa, uşaqlara təhlükəsizliyi öyrədirik. “Reqbi ruhu” deyilən bir ifadə var. Reqbi ilə məşğul olan biri ikili mübarizədə həm öz təhlükəsizliyini, həm də qarşısındakının zədələnməməsini istəyir. “Qarabağ” 2015-ci ildən fəaliyyət göstərir və cəmi 2 dəfə oyunçuda sınıq aşkarlanıb. O da uşaqların özlərinə görə. Başqa belə bir hal olmayıb”.
2015-ci ildən daha sürətli iş prosesinə keçən Azərbaycan Reqbi Federasiyası artıq bölgələrdə tez-tez yarışlar keçirir, bu sahənin inkişafı üçün müəyyən planlar cızıb. Həmsöhbətimiz federasiyanın reqbinin təbliğatı üçün çalışmalar apardığını bildirdi:
“Gələcək planlarımızda yarışların keçirilməsi, məşqçilərin hazırlanması, mümkün qədər çox komandaların yaradılması daxildir. Ölkəmizdə 6-7 nəfər rebqi üzrə sertifikat sahibidir. Uşaqların cəlb olunması ilə bağlı məktəblərə girməkdə çətinlik çəkirik. İstəyirik ki, seçimlər edək, lakin icazə almaq çətindir. Ancaq özəl məktəblər köməklik göstərirlər. Artıq bir neçə komanda yaratmağa nail olmuşuq. Bacarıqlı yeniyetmələr var. Onlar güclü ola bilərlər. Uşaqlar bir dəfə məşq etməklə bu sahəni çox bəyənirlər. Azarkeşlər üçün də maraqlı bir idman növüdür. Uşaqlar böyük həvəslə məşqə gəlirlər. Çalışırıq ki, məşqçilərin sayını artıraq. Növbəti ildən yeniyetmələr üzrə 6 komandanın iştirak edəcəyi reqbi çempionatı keçiriləcək. Komanda və məşqçi saylarının artması bizi daha yaxşı inkişafa aparacaq”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu