Azərbaycanda qadın futbolu inkişaf mərhələsindədir. Son dönəmlərdə qızların futbola marağının atması, qadın oyunçulardan ibarət komandaların sayının çoxalması, milli komandanın beynəlxalq arenadakı nəticələri göz qabağındadır. Bir sözlə, sadaladıqlarımız fonunda Azərbaycanda qadın futbolunun sürətlə inkişaf etdiyini qeyd edə bilərik.
“Sabah” futbol klubunun 17 yaşadək qızlardan ibarət komandasının baş məşqçisi Mehdi İbrahimovla qadın futbolunun hazırkı durumu, millinin nəticələri, kütləvilik və digər məsələlər haqda söhbətləşdik. İbrahimov əvvəlcə Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində Türkiyəyə 1:0 hesabıyla qalib gəldiyi görüşü şərh etdi:
“Millinin nəticəsini sürpriz hesab etmirəm. Çünki səfərdə də yaxşı oynamışdılar. Bəzi hakim səhvləri də məğlubiyyətimizə səbəb olmuşdu. Orada millinin nəticələrinə ac olan kütlə var idi və bu da sözünü dedi, uduzduq. Bakıdakı oyunda isə nəticə ilə yanaşı, meydanda sərgilənən performans əla oldu. Rəqibin keyfiyyəti ortadadır. Bizim futbolçular inkişaf üçün Türkiyəyə gedir, amma onlarınkı ölkə xaricində top qovurlar. Buna baxmayaraq, millimiz möhtəşəm qələbə qazandı. Üstəlik, həm taktiki, həm də texniki cəhətdən rəqibi üstələdik”.
Məşqçi ölkədə qadın futbolunun hazırkı mənzərəsini belə tərənnüm etdi:
“Qadın futbolunda inkişaf görünür. Aşağı yaş qruplarında klublar artıq formalaşmağa başlayır. Getdikcə maraq daha artıq. Klublar son dönəmlərdə bu işə diqqət ayırıb və oyunçuları hər şeylə təmin edirlər. İşin marketinq tərəfində də müəyyən işlər görülür. Bunlar da kütlənin artmasına səbəb olur”.
Azərbaycanda qadın futbolunun inkişafında xidmətləri olan şəxslərdən biri əsas yığmanın və “Neftçi”nin baş məşqçisi Siyasət Əsgərovdur. Mütəxəssis 2012-ci ildən qadın futbolunda çalışır. Daha əvvəl Türkiyədə “Fomget” klubunda əvvəlcə idman direktoru, daha sonra baş məşqçi kimi çalışan Əsgərov bu komanda ilə çempionluq yaşayıb. Mövsümün əvvəlində isə “Neftçi”nin inkişafı üçün işləyir. İbrahimov Siyasət Əsgərovun xidmətləri, onun qadın futboluna inkişaf töhfələrindən söz açdı:
“Millinin uğurlu çıxışında baş məşqçi Siyasət Əsgərovun böyük rolu var. Onun yığdığı komandanı xatırlayıram. İlk dönəmlərdə bizə legioner mütəxəssislər gəldi, buna baxmayaraq, sonradan bütün idarəçilik Siyasət müəllimdə oldu. Həmin komanda indi müəyyən yerə gəlib çıxa bilib. Komandanın demək olar, bütün oyunçuları legioner həyatı yaşayır. Bu da onların inkişafına böyük təsir edir”.
İbrahimovun baş məşqçisi olduğu “Sabah”ın U-17 komandası da çempionatda bu mövsüm qızıl medalların sahibi olub. Mütəxəssis komandanın çıxışı ilə bağlı bunları söylədi:
“Sabah”ın U-17 komandası ilə çempion olduq. Mövsümə tez başlamışdıq, ilk ilimiz olsa da, sonda yaxşı nəticə qazandıq. Bəzi qızlarımız öz məktəbimizdə yetişənlər idi. Digərləri isə başqa klublardan transfer etmişdik. Düzdür, transferlərlə bağlı çətinlik yaşayırdıq. Yeni yaranan kluba keçməkdə tərəddüd edirdilər. “Sabah” klubu lazım olan bütün şəraiti yaratdı və sonda məğlub olmadan çempion olduq. Qızların futbola marağı çox artıb. Belə deyim, artıq məhəllələrdə oynayan qızlar da var. Onları futbola cəlb etmək istəyirik, valideynlərlə görüşüb, danışırıq”.
Mehdi İbrahimov qadın futboluna marağın artmasının səbəblərini izah etdi:
“Millinin nəticələrinin yaxşılaşması, artıq televiziyada da yayımlanması marağı artıb. Artıq qadınların çempionat oyunlarına da gələnlər olur. Əvvəl marketinq işləri yaxşı deyildi və çox adam qadın futbolundan xəbərsiz idi. İndi belə deyil, bəzən məşqlərimiz oğlan komandaları ilə üst-üstə düşür. Görürük ki, bəzi valideynlər də qızların futboluna baxırdı. Son illərdə həm keyfiyyət, həm kəmiyyət artıb. Əvvəl 100 uşaqdan 10-15 uşaq seçirdiksə, indi bu rəqəmlər 10 dəfə artıb. Vacib olan keyfiyyəti tapmaq lazımdır”.
Azərbaycan mentalitetində belə bir ifadə var: “qadınlar futbol oynamaz”. Lakin son illərdə bu sahəyə marağın artması, qızların futbolda özünü sınamaları, klubların, milli komandaların nəticələri göstərir ki, qızlar da futbol oynaya bilir. İbrahimov son dönəmlərdə artıq bu ifadənin tarixdə qaldığını söylədi:
“Qızlar futbol oynamaz” ifadəsi mənə çox absurd gəlir. Yəni, digər idman sahələrində qadınlar var. Karatedə olan qadın döyüşə bilirsə, nə üçün futbol oynaya bilməsin? Bunlar köhnə fikirli insanların deyimidir. Qadın boksa, güləşə, karateyə gedirsə, futbola niyə yox? Düzdür, qızların fiziki görünüşünə təsirlər olur, ancaq güləşçi qadınla futbolçu qadın arasında da fərqlər var.
Artıq gənc ailələr uşaqlara seçim şansı verir. Əvvəl belə şeylər nadir hallarda idi. O vaxtlar valideyn deyirdi idmana getmə, dərs oxu. İndi belə deyil. Düzdür, təhsil vacibdir və biz də bunu uşaqlara bildiririk. Elə uşaqlarımız var ki, həm oxuyur, həm idman edir. Məşqçilər heyətində də qızlarımız var. Ümumiyyətlə, futbola maraq çox artıb. Futbolçu olmasa da, qızlarımız ataları, qardaşları ilə futbola baxırlar”.
Mütəxəssis sonda şəxsi karyerasıyla bağlı hədəflərini dilə gətirdi:
“Hədəfim öncə oxumaq, təhsil almaqdır. Bu işi daha yaxşı səviyyədə bacarmaq üçün bu, vacibdir. Bütün diqqətimi buna yönəltmişəm. İmkan və vaxt olduqca da yaxın ölkələrə gedib, təcrübə keçmək istəyirəm. Son olaraq İzmirdə “Altınordu”nun akademiyasında olduq. Orada qızlardan ibarət klublar var. İzmirdə bir neçə akademiyanın iş prinsiplərinə baxdıq. Uşaqları necə cəlb edir, hansı metodlardan istifadə edirlər. Siyasət Əsgərova çatmaq və ya onu keçmək hazırkı durumda demək olar, mümkünsüzdür. Nə çətinliyimiz olsa, ilk növbədə ona qaçırıq. Türkiyədə işləyəndə belə tez-tez ona müraciət edirdik. O, ilk gündən qadın futbolunun içində olan biridir. Onun fikirlərinə ehtiyacımız var. Ona çatmaq, onu keçmək kimi düşüncəmiz yoxdur. Hərənin öz iş prinsipi, metodikası, idarəetmə üsulu var. İndi Bakıdadır və tez-tez onunla görüşüb, fikir mübadiləsi aparıram. Siyasət Əsgərov Azərbayan qayıtdıqdan sonra bütün milli komandaları yaxından izləyir. Bizdə 16 yaşlı Xanım Əsədova var idi, onu görüb, əsas yığmaya çağırdı. Şəki şəhərindən Pərişan, “Neftçi”dən Aişəni milliyə dəvət edib. O, qadın futboluna çox bağlı adamdır. Millinin uğurlarında böyük pay sahibi odur”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.