Qolf xüsusi düzəldilmiş yaşıl sahələrdə kiçik topla oynanılan idman növüdür. Burada məqsəd sözügedən topu müəyyən edilmiş parkura (çuxura) ən az vuruş edərək salmaqdır.
Qolf digər idman növlərindən standart olmaması ilə seçilir. Qol sahələrinin heç biri eyni deyil. Bəzən çuxurların, bəzən sahələrin uzunluğu fərqli olur. Qolf sahəsinin ölçüsü 5400 metrdən 7000 metrə qədər dəyişə bilər. Bu idmanın özünəməxsus qaydaları var. Bunlar həm oyunçuya, həm də sahəyə hörmət etməklə bağlıdır. Qolfun əsas prinsipinə çevrilən qaydalar bu idman növünün getdikcə populyarlaşmasına və sevilməsinə gətirib çıxarıb.
Bir qolfçu vuruş edərkən digərləri dayanır, rəqibinin diqqətini yayındırmır. Vuruş zamanı sahəyə zərər dəydikdə isə qolfçu özü həmin yeri düzəltməlidir.
Qolfun tarixi
Bu idman növünün tarixi ilə bağlı fərqli mülahizələr var. Bəzi tarixçilər onun lap qədim dövrdə romalıların bomaniya oyunu ilə oxşar olduğunu bildirir, bəziləri isə Çində yaradıldığını iddia edir. Müasir qolfun vətəni Şotlandiya hesab edilir. Qolfla bağlı ilk yazılı qeydlər II Ceymsin adı ilə bağlıdır.
Qolf azı iki, ən çox dörd nəfərin iştirakı ilə oynanılır. Hər çuxurun fərqli adları olur. Bir qolf sahəsində 6, 8, 10, 12 və 18 parkur ola bilər. Oyunçunun oyun zamanı ən çox 14 fərqli qolf çubuğundan istifadə etmək imkanı var. Qoflçuların əsas hədəfi “gren” adı verilən, xüsusi bayraqlı dirəyi olan çuxura topu atmaqdır. Son parkura ən az vuruşla topu salan qalib elan edilir.
Qolfla bağlı bəzi terminlər:
“Hole in one” – bir vuruşla topu çuxura atmaq
“Driver” – ilk vuruş üçün istifadə olunan qolf çubuğu
“Adress” – qolfçunun vuruşa başlama vəziyyəti
“Air Shot” – Uğursuz vuruş (cubuğun topa dəyməməsi, sahənin korlanması)
“Dub” – Pis zərbələr
“Away” – oynanan çuxurda bayraq dirəyinə ən uzaq olan oyunçuya deyilir
“Ball holed” – topun çuxura düşməsi.
Qolf hazırda İngiltərə və ABŞ-də daha çox yayılıb. ABŞ-də 25 mindən çox qolf sahəsi, 35 milyondan çox qolfçu var. Bu idman növünün yüksək qurumları Avropa Qolf Federasiyası, Beynəlxalq Qolf Federasiyasıdır. Ən böyük turnirlər “Master Tour”, “Challenge Tour”, “Asian Tour” və “PGA European Tour”dur. Bu idman növünün məşhur siması Tayqer Vudsdur. Amerikalı qolfçu eyni zamanda dünyanın ən zəngin idmançılarından hesab olunur. Onun sərvəti 1 milyard dollardan çoxdur.
Azərbaycanda qolf
Ölkəmizdə bu idman növünün yaranması yaxın dövrə təsadüf edir. İlk qolf klubu 2013-cü ildə Qubada yaradılıb. 74 hektar ərazidə yerləşən Milli Quba Qolf klubu dünya standartlarına cavab verir. Elə həmin ildə Bakıda Milli Qolf Akademiyası açılıb. Hazırda ölkəmizdə bir neçə qol meydançası hazırlanmaqdadır. Azərbaycan Qolf Federasiyası qolfun inkişafı, kütləviləşməsinə birbaşa cavabdeh qurumdur. Qurum ilk olaraq akademiya açmaqla özünün ən böyük layihəsinə start verib. Bakı Qolf Akademiyasında mini qolf klub var. Burada gənclər həm qolfun nəzəri biliklərinə sahib olur, eyni zamanda praktiki məşğul ola bilir.
Əsası 2012-ci ildə qoyulan Qolf Federasiyasının prezidenti Rauf Xəlilovdur. Xəlilov daha əvvəl Azərbaycan Dağ Xizəyi İdman Federasiyasının prezidenti vəzifəsində çalışıb. O həm də “Sabah” futbol klubunun Müşahidə Şurasının üzvüdür. Azərbaycan Qolf Federasiyası 2022-ci ildə Avropa Qolf Federasiyasının tam hüquqlu üzvü olub.
Azərbaycan qolfunun hazırkı durumu ilə bağlı Qolf Federasiyasının İdarə Heyətinin üzvü Tural Vəlizadə ilə danışdıq. Milli komandanın da üzvü olan qolfçu bu idman növünün ölkəmiz üçün yeni olduğunu söylədi:
“Qolf Azərbaycan üçün yeni bir idmandır. Bizdə keçmişdə qolf adət-ənənəsi olmayıb. Ancaq buna baxmayaraq, ölkəmizdə qolfa maraq böyükdür və bu, günü gündən artmaqdadır. Hazırda Azərbaycanda 2 qolf klubu fəaliyyət göstərir və Azərbaycan Qolf Federasiyasında qolfun inkişafına böyük bir töhvə verir. Milli komandanın üzvü kimi ölkəmizi qolf yarışlarında təmsil etmək mənim üçün çox məsuliyyətdir. Həmçinin, qururverici bir hissdir. Müxtəlif turnirlərə qatılırıq. Həm yerli yarışlarda, həm də beynəlxalq arenada ölkəmizi təmsil edirəm. Azərbaycanda keçirilən turnirlərin təşkili və şəraiti yüksək səviyyədədir. Qolf kublarımızda yerli və beynəlxalq turnirlərdə iştirak etmək üçün hər bir şərait mövcuddur”.
Vəlizadə Azərbaycanda qolfa gənclərin marağının böyük olduğunu bildirdi. O, kütləviliyi artırmaq üçün təhsil müəssisələri ilə çalışdıqlarını əlavə etdi:
“Gənclərin qolfa marağını hazırkı vəziyyətə görə yaxşı qiymətləndirmək olar. Qolfla məşğul olan gənclərimiz çoxdu. Türkiyədə yanvar ayında keçirilən beynəlxalq turnirdə gənc qolfçumuz Emin Rzayev öz yaş qrupu üzrə 2 ci yer oldu. Düşünürəm ki, bu uğur digər uşaqların və yeniyetmələrin bu idmana marağını artiracaq. Gəncləri cəlb etmək üçün əsasən məktəblərlə işləyirik. Təhsil ocaqlarında qış, yaz, yay tətillərində şagirdlərin qolf klublarına gəlişini təşkil edirik”.
Qolf klublarında bu idman ilə könüllü məşğul olmaq ödənişlidir. Dərslər əsasın 1 və ya 2 saat olur. Qrup dərslərinin saatı 20 manat, fərdi qaydada isə 5 saatlıq dəsr paketi 195 manatdır. Qiymətlər dünyadakı qolf klublarla müqayisədə 3-4 dəfə aşağıdır. Xaricdə olan dərslərin bir saatı 100 dollardan başlayır. Ölkəmizdə qolf dərslərinin qiymətlərinin aşağı olması gənclərin daha çox maraq göstərməsinə səbəb olur. Qolf Federasiyası və Qolf Klubları əhalinin həssas təbəqəsi üçün qolf dərslərini pulsuz tədris olunduğu layihələr keçirir.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu