Azərbaycanda fransız boksu

FutbolPressI HİSSƏ

Məlum olduğu kimi, iyunun 29-da Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirildi. Kollegiyanın qərarına əsasən, “Azərbaycan Sambo Federasiyası” İB, “Azərbaycan Savat Federasiyası” İB, “Azərbaycan Taekvondo Federasiyası” İB, “Azərbaycan Avtomobil Federasiyası İB, “Azərbaycan Kapoeyra Federasiyası” İB, “Azərbaycan Yelkən Federasiyası” İB-nin akkreditasiyaları təsdiqləndi.
 
Adıçəkilən federasiyalar arasında geniş ictimaiyyətə bəlkə bir o qədər də tanış olmayan savat xüsusi diqqət çəkir. Olimpiya növləri ilə bir gündə qəbul edilməsi, qeyri-olimpiya növləri arasında ilklərdən olması federasiyanın gördüyü işlərə marağı artırır.
 
Budəfəki yazımızda savat, Azərbaycan Savat Federasiyasının fəaliyyətindən bəhs edəcəyik…
 
Savat nədir?
 
Fransız boksu – savat döyüş növünün vətəni adından bəlli olduğu kimi Fransadır. “Savat”, fransızca “savate” sözü “köhnə çəkmə” (başmaq) mənasını verir. İdmançıların xüsusi görünüşlü çəkməyəbənzər ayaqqabılarda döyüşdüyü yeganə idman növüdür. Burada əllər və ayaqlardan eyni şəkildə istifadəyə icazə verilir.
 
Müasir savat özündə əsasən XIX əsrin sonlarında formalaşmış “klassik savat” döyüş tərzini əks etdirir. O zaman savat Parisdə və Fransanın şimal şəhərlərində məşhur küçə döyüşü idi. Cənubda, xüsusilə də port şəhəri Marseldə isə dənizçilər bu döyüş növünün xüsusi üslubunu yaratmışdılar. Marsellilərin tərzində ayaqların həddindən ziyadə yüksəkdə tutularaq zərbə endirilməsi və əllə baş nahiyəsinə yüngül toxunuşlar var idi. Məlumata görə, əvvəllər əllərə üstünlük verilirdi. Ayaqla zərbələrin əlavə edilməsinə səbəb səyahətlər zamanı gəminin yırğalanması və əllərin daha çox tarazlığı saxlamağa yardımçı olması idi. Həm də maraqlıdır ki, o zamanlar yumruqla zərbələr qanunla qadağan olunsa da, ayaqla vuruşlara hər hansı maneə yox idi. Bu stil “jeu Marseillais” – “Marsel oyunu” adlandırılırdı. Sonradan “şosson” da deyilməyə başladı. “Şosson” “başmaq” mənasını verir. Çünki sonralar dənizçilər arasında xüsusi rahat başmaqların geyinilməsi dəb almışdı.
 
Müasir boks, başqa adı ilə ingilis boksunda isə ayaqla zərbələr qadağan idi. Elə indi də qaydalar belədir.
 
1825-ci ildə əczaçı Mişel Kasso savat üzrə ilk təlim mərkəzini açıb. Kassonun tələbəsi olan Şarl Lekur ingilis boksu yarışlarından birində məğlub olduqdan sonra savata ayaq zərbələrini də əlavə edib. Sonralar bu döyüş növünə taxta çubuqlar da əlavə olundu. Qılınc düşünülsə də, o zaman Fransada bu silah qadağan olunduğundan uzun çubuqlarla məşqlər keçilirdi.


 
Savatın inkişafını sonralar Lekurun tələbəsi Jozef-Pyer-Şarlemon davam etdirib. O, 1879-cu ildə Fransız boksu Akademiyasını açıb. Bununla da savat yeni mərhələyə qədəm qoyur. Yarışların keçirilmə qaydaları müəyyənləşdirilir, savatla bağlı nəşrlər edilir. Məhz Pyer Şarlemon savatı şübhəli və qorxulu döyüş vasitəsindən əyləncəli və böyük diqqət çəkən idman növünə çevirir. Onun oğlu Şarl Şarlemon ingilis boksu üzrə dünya çempionu Cerri Driskolu məğlub edərək, savat üzrə ilk dünya çempionu olur.
 
Savatın yüksəliş dövrü ötən əsrin əvvəllərinə təsadüf edir. 1924-cü ildə bu döyüş növü ilk dəfə müasir Olimpiya Oyunlarında – Paris Olimpiadasında sınaqdan keçirilir. 1922 – 1937-ci illər arasında müxtəlif çəki dərəcələrində Fransa çempionu olmuş Pyer Baruzi xüsusi ustalıqla böyü rəğbət qazanır. Qeyri-müəyyən səbəblərdən savat Olimpiya Oyunlarının proqramında saxlanılmır. Bu hadisələrdən sonra böyük zərbə alan savat ikinci çiçəklənmə dövrünü 60-cı illərdə yaşayır. Bu idman növü həmin zamanlarda sərhədləri aşır. Qısa zamanda Fransa ilə yanaşı Belçika və Almaniyada mərkəzlər açılmağa başlanır. 1965-ci ildə Milli Fransız Boksu Federasiyası yaradılır. 1985-ci ildə isə artıq Beynəlxalq Fransız Boksu Federasiyası qurulur. Bu gün bütün yaş qruplarında dünya və Avropa çempionatları, dünya kubokları, Afrika və Ərəb ölkələri kubokları keçirilir.
 
Savatın qaydaları və növləri
 
Savat döyüşləri boks rinqində keçirilir və 2-5 raund arası dəyişilir. 454 qramlıq əlcəklərdən istifadə edilir. Geyim tərzi güləş ayaqqabılarına bənzəyən, amma dabanı yüksək, uc hissəsi daha sərt olan “çəkmələrdən”, kombinezon tərzində rahat idman şalvarı və köynəklərdən ibarətdir.
 
Yarışlar müxtəlif üslublar üzrə keçirilir: yüngül kontakt (l’assault – ассо), yarım kontakt (le pre Combat) və tam kontakt (le Combat).
 
Savatın müxtəlif versiyaları mövcuddur. Müasir versiyaları bunlardır: asso, kombat, kann, self-defens, savat-pro.
 
Savat döyüşlərində müxtəlif cür istifadə imkanları yaradılmaqla 4 növ ayaq, 4 növ də əl zərbələrindən istifadəyə icazə verilir.
 
Ayaqla zərbələrə daxildir: dönərək zərbələr (fuete), yandan və öndən zərbələr (şasse), ayağın çöl tərəfi ilə zərbələr (revers), baldır nahiyəsinə alçaqdan zərbələr; zərbə zamanı savatçı arxaya əyilməlidir (kup de pied bas).
 
Əllə zərbələrə daxildir: öndəki əllə düzünə zərbələr (direkt bras avant), arxadakı əllə çəpəki zərbələr (direkt bras arye), huk, bükülmüş əllə (kruşe) və apperkot, istənilən əllə (upperkut).
 
İstənilən məşq və döyüşlərin əvvəlində idmançılar əllərini sinələrindən (ürəklərinin üzərindən) başlamaqla düz açaraq “Salyut” jesti edirlər. Bu hər kəsi salamlamaq və hörmət əlamətidir.

Bu günlərdə Savat Avstraliyadan tutmuş ABŞ-a qədər dünyanın 100-dən çox ölkəsində tədris edilir. Artıq çox rahatlıqla müxtəlif qarışıq döyüş növləri yarışlarında savatçıları görmək olar. Savat uzun müddətdir ki, ümumdünya döyüş oyunlarında təmsil olunur.
 
Savat Azərbaycanda
 
Azərbaycanda savat rəsmən 2017-ci ildən tədris olunmağa başlayıb. Ölkəmizdəki nümayəndəliyi Azərbaycan Şaolin Döyüş Sənətləri Federasiyasının prezidenti Rafiq Əliyevə verilib. Məhz o gündən federasiyanın adı dəyişdirilərək Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyası adlanıb. Dərhal geniş təlimlərə başlanılıb. Həmin ildə Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq Savat Federasiyasının idarə heyətinin üzvü, Ukrayna Savat Federasiyasının prezidenti professor Gennadiy Volovikovun rəhbərliyi ilə təşkil olunan seminarda Azərbaycan Şaolin Döyüş Sənətləri Federasiyasının Attestasiya Komissiyasının sədri Vidadi Hacıyevin vasitəçiliyi ilə Azərbaycan Şaolin Döyüş Sənətləri Federasiyasının Prezidenti Rafiq Əliyev, baş məşqçi Ruhi Hüseynov, məşqçi Əhməd Rüstəmov və Zaur Babayev təmsil ediblər. Bir neçə ay sonra isə Gennadiy Volovikovun rəhbərliyi ilə artıq Bakıda beynəlxalq seminar keçirilib.


 
Azərbaycan Savat Federasiyanın prezidenti əməkdar məşqçi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Rafiq Əliyevdir.
 
Əliyev bu idman növünü ölkəmizə gətirməsini belə xatırlayır:
 
“Gürcüstanda savat üzrə seminar keçirilirdi. Bizə təklif gəldi ki, orada iştirak edək. Vidadi Hacıyevin vasitəçiliyi ilə 4 məşqçi və mən Tbilisiyə yollandıq, seminarda olduq. Maraqlandıq və məlum ki, çox qədim tarixi var, dünyada ən populyar idman növlərindən sayılır. Azərbaycan isə heç vaxt sayı 100-ə yaxın olan həmin ölkələrin arasında olmayıb. Hansısa səbəblərdən köhnə fikirli federasiya rəhbərləri buna imkan verməyiblər. Mən özümü xoşbəxt hesab edirəm ki, Azərbayca tarixinə kiçik də olsa, imzamızı atdıq, ölkəmizi həmin sıraya qoşduq. İndi isə Azərbaycan bu növdə dünyanın lider ölkələri sırasında gedir”.


 
Əliyev federasiyanın akkreditasiyasının təsdiqlənməsini gördükləri işlərə verilən böyük dəyər kimi qiymətləndirir:
 
“Cənab prezidentimizin bütün sahələrdə apardığı islahatlar idmanda da özünü büruzə verir. Çalışqan federasiyalar ardıcıl olaraq akkreditasiyadan keçirlər. Gənclər və İdman Nazirliyi yeni iş fəaliyyətinə keçib. Sağlam düşüncəli gənclər prosesə cəlb olunur. Xüsusilə qeyd etməliyəm ki, gənclərin inkişafına böyük diqqət ayrılır. Akkreditasiyamızın təsdiqi savat ailəsi üçün böyük uğurdur. 100 ildən çoxdur, beynəlxalq təşkilatı olan bu idman növü 6 ildir, Azərbaycanda da var. Belə qısa müddət olmasına baxmayaraq, biz dünyada ən öndə olan federasiyalardan sayılırıq. Bu da ölkəmiz adına müsbət məqamdır. Federasiyamıza akkreditasiya verilməsi fəaliyyətimizə verilən yüksək qiymətdir”.
 
Müqavilə və pandemiya
 
17-21 oktyabr 2018-ci il tarixlərdə Bolqarıstanın Plovdiv şəhərində dünya çempionatı ilə yanaşı Beynəxalq Savat Federasiyasının Baş Assambleyasında ilk dəfə olaraq ölkəmizi Gənclər və İdman Nazirliyinin nümayəndəsi Yusif Hüseynov, Azərbaycan Savat Federasiyasının prezidenti Rafiq Əliyev, federasiyanın məşqçiləri İlqar Nəcəfli, Həsən Əliyev, Rövşən Qəmərli və Soltan Tağıyev təmsil edib. Baş assambleyanın iclasında Beynəlxalq Savat Federasiyasının prezidenti Juli Qabriel Azerbaycanın üzvlük nişanını federasiyanın prezidenti Rafiq Əliyevə təqdim edib və tezliklə ölkəmizdə Avropa çempionatının keçirilməsinin mümkünlüyü bildirib.


2019-cu il noyabrın 16-da mərhum gənclər və idman naziri Azad Rəhimovun dəvəti ilə Dünya Savat-Fransız Boksu Federasiyasının vitse-prezidenti, Fransa Savat Federasiyasının prezidenti Joel Dumez və Avropa Savat Konfederasiyasının prezidenti Rodolf Redon Bakıya səfər edib. Görüş zamanı əsas planlardan biri 2021-ci ildə asso versiyası üzrə Avropa çempionatının Bakıda keçirilməsi olub. Lakin paytaxtımızdakı idman arenaları, eləcə də Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının məşq və yarış sistemləri ilə tanış olan qonaqlar ardıcıl iki Avropa çempionatının Azərbaycanda baş tutmasını təklif edirlər. Beləliklə, 2021-ci ildə asso, 2022-ci ildə isə kombat versiyası üzrə Avropa çempionatlarının ev sahibliyi hüququ paytaxtımıza verilir.
 
Bu yöndə hazırlıqları koronavirus pandemiyası pozur. İstənilən yarışlara 1 il öncədən hazırlıq dəyərləndirildiyindən ölkəmizdə zalların bağlı olması və komandaların gəliş imkanlarının məhdudluğu təəssüf ki, bu yarışların baş tutmasına imkan vermir.
 
Sözügedən turnirlərin Azərbaycanda təşkil olunması mümkün olmasa da, proses dayanmayıb. Gələcəkdə Azərbaycanın savat üzrə beynəlxalq turnirləri qəbul etməsi realdır. Federasiya prezidenti Rafiq Əliyev belə deyir:
 
“Həmin zaman təəssüf ki, pandemiya planlarımızı pozdu. Bu yarışlar indi də qüvvədədir.  Lakin 2023-cü ilə kimi heç bir beynəlxalq yarışa razılıq verilməyib. Yeni inkişafyönümlü layihələrə uyğun olaraq, gələcəkdə savat üzrə böyük turnirlərin ölkəmizdə keçirilməsi gözlənilir. Amma indidən konkret bir söz demək olmaz”.

Haqqında bəhs etdiyimiz görüşlər zamanı ən önəmli məqamlardan biri Fransa Savat Federasiyası ilə Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyası arasında bağlanan konvensiya olur. Bu konvensiyaya əsasən, 5 il ərzində ən azı bir səfər edən və bir qəbul edən tərəf olmaqla 10 nəfərlik heyətlə qarşılıqlı seminarlar, toplanışlar keçirilməsi barədə anlaşma imzalanır. Bu 10 nəfərlik heyətə dünyanın ən güclü Savat ölkəsi olan Fransanın ən güclü idmançıları, ən təcrübəli hakimləri, həkimləri, məşqçiləri, eləcə də rəsmiləri daxil olacaq. Bu müqavilənin 3 ili pandemiyaya düşsə də, yumşalma nəticəsində son 2 ilin hazırlığının icra edilməsi planlaşdırılır.
 
Rafiq Əliyev bildirir ki, artıq bu il seminarlarin biri baş tutacaq:
 
“3 il əvvəl Fransa və Azərbaycan arasında 5 illik konvensiya imzalanıb. Buna uyğun olaraq Azərbaycandan 10 nəfər heyət – idmançılar, hakimlər, məşqçilər və digər şəxslər Fransaya səfər edəcək. Bunda məqsəd odur ki, orada təcrübələrini artırsınlar. 10 nəfər isə Fransadan Azərbaycana gələcək. Burada isə bizim məşqçi, hakim və idmançılar onlardan öyrənəcək. İlk belə mübadilə proqramı bu ilin noyabr ayına planlaşdırılır”. (davamı burada)

Faiq Tahirov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu