Savat və təhsil
Azərbaycan Savat Federasiyası üçün ilk gündən prioritet məsələ idmançıların təhsili olub. Bu üzdən əksər məşq məkanları məktəb zalları seçilib. Bu, məktəbdə oxuyan idmançılara əlavə enerji sərf etməmək imkanı yaradır. Uzun müddətdir ki, Bakı Fransız Liseyində savat məşqləri keçirilir. Bununla yanaşı, federasiya Ali təhsil müəssisələrini də unutmayıb. Təsadüfi deyil ki, federasiyanın vitse-prezidentlərindən biri Fransa – Azərbaycan universitetinin direktoru Vazeh Əsgərovdur. Bakıya səfərləri zamanı Beynəlxalq Savat Federasiyasının vitse-prezidenti, Fransa Savat Federasiyasının prezidenti Joel Dumez bu addımlardan xoş təəccüb və məmnunluq bildirmişdi:
“Azərbaycana ilk səfərimizdir. İnanılmaz dərəcədə məmnunluq hissi keçiririk. 2 Avropa çempionatına ev sahibliyini qəbul etdiyinə görə cənab Azad Rəhimova minnətdarlıq bildiririk. Bu, Fransa – Azərbaycan münasibətlərinin yüksəkliyinə daha bir nümunədir. Azərbaycan Savat Federasiyası 3 il yarımlıq fəaliyyəti ərzində gənclərin Avropa çempionatında, xüsusilə də böyüklərin dünya çempionatında medallar qazanmaqla böyük uğur əldə edib
Federasiyadan burada bir klubun açılmasını xahiş etdik. Fransa – Azərbaycan Universiteti möhtəşəm məkandır. Savatın Olimpiya perspektivlərinə gəlincə artıq uzun müddətdir, bu yöndə çalışırıq. Ölkənizdə də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevlə bu yöndə danışdıq. Savat artıq dünya oyunlarında təmsil olunub. Böyük ehtimalla Avropa oyunlarında da görəcəyik”.
Azərbaycan idmançıları Savat turnirlərində
Azərbaycan idmançıları qısa müddət ərzində bütün yaş qrupları üzrə mötəbər yarışlardan mükafatlarla dönüblər. Böyüklər arasında ilk yarışdaca qazanılmış 2 bürünc medala görə Azərbaycan Gənclər və İdman Nazirliyinə xüsusi təşəkkürnamə göndərilmişdi. Azərbaycan yığması davranış, geyim intizamı, döyüş üslublarına görə hər yarışdan sonra feyr-pley məktubları alır.
Yeniyetmələrin son dünya birinciliyində isə ölkəmizi təmsil edən 4 idmançının hər birinin fəxri kürsüyə qalxması Azərbaycana Dünya Savat Federasiyası tərəfindən təşəkkür məktubu göndərilməsinə səbəb olub. Yarışda Aydın Sayadlı gümüş, Ayman Mahalov, Səid İbrahimov və Xəyal Astanov dünya üçüncüsü olmaq sevinci yaşayıb. Ümumilikdə dünya birinciliyində 25 ölkədən 400 yaxın idmançı qüvvəsini sınayıb.
Həmin zaman federasiya prezidenti Rafiq Əliyev komandanın çıxışını tarixi uğur kimi qiymətlənirib:
“Bildiyiniz kimi, Fransa boksu brendini qorumaq üçün tapşırığa əsasən, yalnız tam dəqiq zərbələrə xal verilir. Biz isə ilk dəfə qatılmağımıza baxmayaraq, idmançılarımız Azərbaycanı yüksək səviyyədə təmsil etdilər. Təsəvvür edin ki, 25 ildir, bu yarışlara qatılan İran komandası cəmi bir bürünc medal qazandı. Biz isə əsasən idmançılarımızın təcrübə qazanmasını hədəflədiyimiz halda, 4 medal əldə etdik. Fransızların milli idman növü olduğundan onların birinciliyi isə yenə də kimisə təəccübləndirmədi. Azərbaycanın adını ucaltdığımıza görə hədsiz qürur duyuruq”.
Qarşıda gənclərin Avropa çempionatı keçiriləcək. Bu, iyulun 23-27-də Avstriyada təşkil olunacaq. Sentyabrda İtaliyanın Milan şəhərində böyüklər arasında dünya çempionatı keçirilməsi planlaşdırılır. Bu, savatın asso və kombat versiyaları üzrə təşkil ediləcək.
Hər nə qədər qısa müddət ərzində bu sahədə müəyyən nailiyyətlər əldə edilsə də, savatın ölkəmizdə populyar idman növlərindən olduğunu söyləmək hələlik mümkün deyil. Bəs bunun üçün nələr edilir, nələr etmək lazımdır?
Federasiya prezidenti Rafiq Əliyev bildirir ki, çətinliklərə baxmayaraq, savatı bölgələrdə inkişaf etdirməyə çalışırlar:
“Savat dünyada prioritet idman növlərindən sayılır. Yeganə idman növüdür ki, federasiyası vahiddir, alternativi yoxdur. Nəzər yetirsək, boks, kik-boks, taekvondo kimi növlərin fərqli federasiyaları mövcuddur. Savat bu baxımdan brend idman növüdür. Hətta Fransa prezidenti Emanuel Makron da bununla məşğuldur. Bir statistikanı qeyd edəcəm: Fransada 750 savat klubu var. Hərəsində təxminən 100 nəfər olduğunu qəbul etsək, bu, 75 minə yaxın idmançı deməkdir. Ən maraqlısı da odur ki, həmin sayın 60 faizi qadınların payına düşür. Yəni, Avropada artıq ailələr savatla məşğuldur. Qısa müddətə baxmayaraq, biz savatı Azərbaycanda olimpiya idman növləri səviyyəsində inkişaf etdirməyə nail olmuşuq. Ən ucqar bölgələrdə belə, yarışlar təşkil etmişik. Astarada, Gədəbəydə, şimal zonasında turnirlərimiz olub. Maddi çətinliklərə baxmayaraq, bunu bütün bölgələrə yaymağa, inkişaf etdirməyə çalışırıq. Düşünürəm ki, bunun öhdəsindən gəlmişik. Hazırda savata axın çox böyükdür. Bunun da səbəbi odur ki, çox güclü qurum olan dünya təşkilatının təcrübələrini Azərbaycanda tətbiq edirik. İlk növbədə ədalətli davranış önəmlidir. İdmançıların haqqı tapdalanmamalıdır, yarışlarda hər kəs layiq olduğu yerdə qərarlaşmalı və yekunda ökəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etməlidir”.
Savatın təhsillə qarşılıqlı əlaqəsindən artıq bəhs etdik. Ölkəmizdə bu proses məktəblərlə qarşılıqlı əlaqə çərçivəsində aparılır. Rafiq Əliyevin sözlərinə görə, Avropa mədəniyyətini özündə ehtiva edən savat sağlam nəslin yetişməsində böyük əhəmiyyətə malikdir:
“Bütün dünyada gənclərin pis vərdişlərə yönəlməsinə qarşı mübarizə aparılərr. Biz orta məktəblərdə, hətta bağçalarda bölmələr açırıq ki, yeniyetmə və gənclərimiz boş vaxtlarını səmərəli, məqsədli, gələcəkdə ölkəmizi təmsil edə biləcəkləri sahələrə yönələrək keçirsinlər. Savatın böyük mədəniyyəti var. Bu, sırf Avropa idmanıdır. Hər yerə yayılıb, ancaq burada daha çoxdur. Ümumən, qitədə son illərdə narkotika kimi pis vərdişlərə qarşı idmanla ciddi mübarizə aparılır. Bunda xüsusi rolu isə Avropa idmanı sayılan savat oynayır. Gənclər, yeniyetmələr universitetlərdə, məktəblərdə bu idman növünə cəlb olunur. Azərbaycanda da savatın təbliği ilə gənclərin buna yönəlməsi, pis vərdişlərdən uzaqlaşması prosesinə töhfə vermək olar”.
Savat fransızların milli idman növü olduğu üçün beynəlxalq yarışlarda yüksək əyarlı medalları adətən Fransa təmsilçiləri əldə edirlər. Ümumən, bir çox mütəxəssislər deyir ki, idmanda ənənə çox vacibdir. Necə ki, Azərbaycan daha çox qədim ənənələri olan güləşdə uğur qazanır. Rafiq Əıiyevin fikrincə isə savatda indiyə qədər qazanılan nəticələr azərbaycanlıların bu idman növündə uğurlu olmaq potensialını təsdiqləyir:
“Azərbaycanlıların savatda uğur qazanmaq potensialı böyükdür. Bunu artıq beynəlxalq federasiya təsdiqləyir. Azərbaycan idmançıları arasında böyüklərdən Tural Bayramov savatın kombat versiyası üzrə dünya ulduzları sırasına daxil olıub. Gənclər arasında isə Ayman Mahalov asso versiyasında dünya ulduzlarındandır. Onlardan başqa da bacarıqlı idmançılarımız kifayət qədərdir”.
Savat 100 il sonra – 2024-cü ildə yenidən Olimpiya Oyunlarına qaytarılacaq. Daha doğrusu, Parisdə keçiriləcək Olimpiadada nümunəvi çıxışlar nəzərdə tutulub. 2028-ci ildə isə Olimpiya Oyunlarının siyahısına daxil edilməsi gözlənilir.
Bəs Azərbaycandan Olimpiadada təmsilçi olacaqmı? Rafiq bəyi eşidək:
“Adlarını qeyd etdiyim ulduzlar və peşəkar idmançıların iştirakı gözlənilir. Bizə pandemiya çox mane oldu. Ancaq qısa müddətdə yenidən topralandıq. İki ay əvvəl Bolqarıstanda keçirilən Dünya Kubokunda idmançılarımız hətta qızıl medal da qazandılar. Pandemiyadan sonra Avropa idmanında qızıl medal qazanmaq ölkəmiz adına böyük uğurdur”.
Yaxşı idmançıların yetişməsi onların özündə olan potensialla yanaşı, bunun üzə çıxarılması, düzgün yönləndirilməsi, doğru məşq prosesindən də çox asılıdır. Yaxşı idmançını yaxşı məşqçi yetişdirir. Əliyevin fikrincə, qısa müddət olmasına baxmayaraq, məşqçilərin təcrübəsində xeyli artım var:
“Bu idman növü 5-6 ildir Azərbaycandadır. Bir neçə il öncə Ukrayna Savat Federasiyasının prezidenti Gennadiy Volovikovu ilk dəfə Azərbaycana dəvət etdik. O ozü və köməkçisi burada seminarlar keçdi. Biz bundan çox yaxşı yararlandıq. Əlavə olaraq bir neçə dəfə beynəlxalq seminarlara gedəndə özümüzlə məşqçi və hakimlər aparmağa çalışırıq. Sözsüz ki, yaxşı mütəxəssislərin yetişməsi üçün böyük vaxt lazımdır. Ancaq 6 il zamana baxanda məşqçilərin potensialı, təcrübəsində artım var”.
Pozitiv məqamlara baxmayaraq, Azərbaycan savatında hər yerin güllük-gülüstanlıq olduğunu demək olmaz. Bir çox sahə kimi kimi, bura da problem və çətinliklərdən xali deyil. Rafiq Əliyev indiyə qədər gördükləri işlərdə maliyyə baxımından ciddi çətinliklər çəkdiklərini bildirdi:
“Bu günə qədər nə etmişiksə, maliyyə çətinlikləri, borc-xərclə mümkün olub. İnşallah, gələckdə böyük şirkətlərdən dəstək olar, biz də bunu davam etdirərik. Gücümüz çatan qədərinin maksimumunu etmişik. Bundan sonra davam etdirmək bizim imkanlarımız daxilində deyil. Nazirlik bizə köməyini əsirgəmir, özündən asılı işlərdə, məsələn, beynəlxalq yarışlarda yığmanın təmsili kimi proseslərdə dəstəyini göstərir. Ancaq daxildə çətinlik böyükdür. Yarışlar keçirmək, seminarlar təşkil etmək, təlim-məşq toplanışları maliyyə tələb edir. Bizim maddi vəsaitimiz yoxdur ki, hansısa baş məşqçiyə məvacib ödəyək. Bu çətinliklərimiz var. İnanıram ki, bu sahəyə maraqlı şəxslər dəstəklərini əsirgəməyəcəklər”.
Savat Azərbaycanda yeni idman növlərindən olsa da, indiyə qədər xüsusilə şəxsi təşəbbüslər hesabına müəyyən iş görülüb, nəticələr əldə edilib. Dünyada buna marağın get-gedə artması, nüfuzunun yüksəlməsi, Olimpiya növləri sırasında daxil edilməsi prosesinin getməsi sahəyə marağı artırır. İndidən ciddi yanaşma sərgiləməklə gələcəkdə nüfuzlu yarışlarda nailiyyət əldə etmək üçün münbit şərait yaratmaq olar. Dünyada bir proses gedir və buna tez reaksiya verməklə gələcək uğurları təminatlı etmək mümkündür.
Faiq Tahirov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu