Azərbaycan millisi beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Albaniyaya 1:3 hesabı ilə məğlub oldu.
Yığmanın sabiq oyunçusu Əfran İsmayılov “FutbolPress”ə açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:
“Albaniya ilə matçda iki fərqli hissə izlədik. Millimiz ilk hissədə demək olar ki, yaxşı oyun sərgiləmədi. Heyət düzgün qurlmamışdı. Ümumiyyətlə, oyunun taktikasını da başa düşə bilmirdim. İkinci hissədə sxemi dəyişdikdən sonra normal oyun oynadıq. Özümüzdə top saxlamağı bacarırdıq. Normal hücumlar qura bildilər. Gec də olsa, son dəqiqələrdə komandamız qollardan birinin əvəzini çıxdı. Qorxaq futbol oynamadılar, aktiv performans göstərirdilər. Düzdür, yoldaşlıq görüşüdür, köklənmək baxımından çətinlik ola bilər. Həmçinin onu da qeyd etmək lazımdır ki, millimizin baş məşqçi məsələsi də həll olunmayıb, bu da oyunçulara müəyyən çətinlik yarada bilər. Lakin bir şeyi yaddan çıxarmaq olmaz ki, bu milli komandadır. Azərbaycan bayrağını təmsil edirsən”.
İsmayılov baş məşqçi məsələsinin həll olunmamasının futbolçular üçün problem olduğunu söylədi:
“Baş məşqçi məsələsinin həll olunmaması futbolçulara problem yaradır. Belə atmosferdə çıxış etmək çətindir. Amma peşəkar oyunçudurlar, bu vəziyyətə uyğunlaşmalıdırlar. Çünki Azərbaycanın heyətində oynayırlar. Hər hansı klub olsa, bu başadüşülən olar. Yetərincə gecikmişik, yeni məşqçi də yığmanı qısa müddətdə Millətlət Liqasına hazırlamalıdır. Açığı, Arif müəllimin oynatdığı sistem mənim üçün bir az qəribə gəlir. Bilmirsən ki, beşli müdafiə oynadır, ya dördlü”.
Sabah yığma komanda ikinci yoldaşlıq görüşündə Qazaxıstanla qarşılaşacaq. Müsahibim matçdan gözləntilərini bölüşdü:
“Azərbaycan Qazaxıstanla oyunda qələbə qazanmalıdır. Orada da baş məşqçi problemi var. Hələlik, Çerçesov yığmanın başına keçməyib. Lakin bunu da yaddan çıxarmaq olmaz ki, qazaxlar son illər formadadır. İnkişaf edirlər. Dişimizə uyğun rəqibdir. İstədiyimiz oyunu göstərə bilsək, asanlıqla qələbə qazana bilərik”.
Məlik Məlikov