Azərbaycan idmanında tarixi həftə

Dünya idmanının diqqəti hazırda Parisdədir. İyulun 26-da start götürən Yay Olimpiya Oyunlarının bitməsinə isə artıq 7 gün qalıb. Azərbaycan burada 15 növdə 48 idmançı ilə təmsil olunur. Bir çox idmançı çıxışını başa vurmasına baxmayaraq, medalçılarımız da artıq var.

Bir həftədən çoxdur, davam edən yarışda artıq Azərbaycan iki qızıl medal qazanıb. Cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev öz çəkilərində Olimpiya çempionu olublar. Daha bir idmançımız – boksçu Alfonso Dominqes isə finala yüksəlib və azı gümüş medalı təmin edib.

Son bir həftədə Azərbaycan xalqına çempionluqları ilə böyük sevinc yaşadan cüdoçular artıq vətənə dönüblər və onların coşğu ilə qarşılanması idmana, idmançılara maraqdan xəbər verir.

Çempionların sevinclərini isə sözlə ifadə etmək mümkün deyil. Onların hava limanındakı açıqlamalarından sitatlara diqqət edək:

Zelim Kotsoyev: “Eyforidayam. Üçüncü gündür ki, sevincdən yata bilmirəm. Azərbaycana qızıl medal gətirə bildiyimə görə çox şadam”.

Hidayət Heydərov: “Hisslərim çox gözəldir. Olimpiya çempionu olmaq həqiqətən, çox gözəldir. O qədər şokda idim ki, sevinə bilmədim”. 

Çempionlar həm özlərinə, həm Azərbaycan xalqına böyük sevinc, fərəh hissi yaratdılar. Fransada Azərbaycan himninin səslənməsi, bayrağımızın zirvədə yer alması tarixi qürur yaşatdı.

Azərbaycan idman ölkəsidir və demək olar, müxtəlif növlərdə son dövrlərdə ciddi irəliləyiş var. Xüsusilə, cüdoçuların Paris-2024-də iki “qızıl” qazanması tarixi nəticədir. Buna qədər bir Olimpiya Oyunlarında eyni növdə iki çempion olmamışdır. Azərbaycanın böyük ümidlər bəslədiyi güləşçilər isə hələ yarışa qoşulmayıb. Onların sınağı isə avqustun 7-dən başlayacaq. Burada da medal gözləntiləri çoxdur, xüsusilə, dünya və Avropa güləşində adından söz etdirən Mariya Stadnikdən. Kişilərdən isə Həsrət Cəfərov, Rafiq Hüseynova inam böyükdür.

Olimpiya Oyunlarında qazanılan medallar, göstərilən nəticələr Azərbaycan idmanına göstərilən diqqətin nəticəsidir. Son həftə cüdoçuların uğurlu çıxışı ilə daha çox yadda qalıb, amma futbolda da beynəlxalq arenada Azərbaycan təmsilçiləri yaxşı nəticələrdə ümid verdi.

Son illərdə Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyan “Qarabağ” Çempionlar Liqasında, “Zirə” və “Sabah” isə Konfrans Liqasında mərhələ adladı. Qələbələr ölkənin UEFA reytinqinə müsbət təsir etdi və sıralamada iki pillə irəliləmişik. Futbolda rəqabətin artması, beynəlxalq arenada uğurlu çıxış ölkə futbolunun inkişafına təkanını verəcək.

Paris-2024 və avrokuboklardan əlavə, digər növlərdə də idmançılarımız bu həftə yaxşı nəticələrlə diqqət çəkib. Gimnastlarımız Belarusun paytaxtı Minskdə “Crystal Rose – Helen Valery” qran-pri yarışında 4 medal qazanaraq, fərqlənənlər arasına düşüb.

Nəticələr inkişafdan xəbər verir. İdmançılar öz üzərlərində işləyib, daha artığını bacarmaq potensialındadırlar. Olimpiya Oyunlarının bitməsinə bir həftə vaxt qalıb və qarşıda daha bir neçə medal şansımız var. Eynilə futbolda da bir avrokubok mövsümündə üç təmsilçimizin qruplara qalması böyük nailiyyət kimi yaddaşlarda qalacaq.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.