“Azərbaycan futbolunu beynəlxalq aləmə tanıtmaq istəyirik”

Bu ay Azərbaycanda uzun müddət sonra uşaqlar arasında beynəlxalq futbol turniri keçirilib. Qubanın ev sahibliyi etdiyi yarışda 12 yaşadək futbolçulardan ibarət yerli və xarici komandalar mübarizə aparıb. 5 ölkədən 8 komandanın yarışdığı turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub. “A” qrupunda “Bunyodkor” (Özbəkistan), “Ulduz” FA, Şimali Kipr Türk Respublikasının yığma komandası və Quba OİK, “B” qrupunda isə “Dinamo Minsk” (Belarus), “Saburtalo” (Gürcüstan), “Qarabağ” və “Metak” qüvvəsini sınayıb.

2-6 sentyabrda keçirilən turnirin qalibi Belarusun “Dinamo” (Minsk) komandası oldu.

“Ulduz” Futbol Akademiyasının komandasın finalda rəqibinə məğlub olaraq, gümüş medalla kifayətləndi.

Turnirin təşkilatçılığı və digər məsələlərlə bağlı “Ulduz” akademiyasının direktoru Mehman Əlimovla söhbətləşdik:

“Akademiyamız yarandığı ilk gündən məqsədi bölgələrdə olan istedadlı uşaqları Azərbaycan futboluna qazandırmaqdır. Ölkə futbolumuzu qlobal aləmdə tanıtmaq istəyirdik. Bu məqsədlə yeni yaranmağımıza baxmayaraq, Özbəkistan, Rusiya və Türkiyədə turnirlərdə olmuşuq, müxtəlif yaş qrupları üçün səfərlər təşkil etmişik. Nazirliyin dəstəyi ilə də ölkəmizdə beynəlxalq turnir təşkil etdik. Uşaqların təcrübələrini artırmaq üçün belə turnirlər faydalıdır. Bunlar hər biri ölkə futbolumuzun inkişafı üçün lazımdır”.

Azərbaycan futbolunun problemlərindən olan uşaq futbolunda son dönəmlərdə belə təşəbbüslə müsbət qarşılanır. Bundan əvvəl yazılarımızda, mütəxəssis fikirlərində ən çox toxunulan məsələ uşaqların beynəlxalq təcrübəsinin artırılması işləridir. Bu baxımdan “Ulduz” Futbol Akademiyası və Gənclər və İdman nazirliyinin birgə təşkilatçılığı ilə turnirin təşkili müsbət addımdır. Dəqiq olan odur ki, belə turnirlər nə qədər çox olsa, uşaq futbolunun inkişafı sürətlənər, uşaqlar xarici təcrübə əldə edərlər.

Əlimov “Ulduz Cup” turnirini ənənəvi hala salmaq istədiklərini əlavə etdi:

Qarşıda da belə turnirlərin keçirilməsini düşünürük. “Ulduz Cup” turnirini ənənəvi hala salmaq niyyətindəyik. Bununla həm uşaqlar beynəlxalq təcrübə qazanmış olacaq.

Bir daha qeyd edirəm, məqsəd Azərbaycan futbolunu beynəlxalq aləmə tanıtmaqdır. Buna görə də, belə turnirin təşkili əvvəlcədən planlarımızdan idi. Bundan sonra da həm turnirlərin təşkili, həm uşaq komandalarının xaricə səfərlərini təşkil etməyi düşünürük. Yeni yaranan akademiya olsaq da, nazirliyin də dəstəyi sayəsində uşaq futbolunda irəliləyişə nail ola bilmişik”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.