Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları bu gün başa çatacaq. Azərbaycan yarışda yeddi medal qazanıb. Cüdoçular Hidayət Heydərov, Zelim Kotsoyev qızıl, taekvondoçu Qaşım Maqomedov və boksçu Alfonso Dominqes gümüş, güləşçilər Həsrət Cəfərov, Giorgi Meşvildişvili və Maqomedxan Maqomedov isə bürünc medal qazanıb.
Cüdoçularımız iki qızıl qazanmaqla tarixi uğura imza atdı. Güləşdə isə qızıl və ya gümüş medal qazanılmadı. Əvəzində üç idmançı bürünclə kifayətləndi. Cüdoçuların çıxışı müsbət qiymətləndirilir, güləşçilərlə isə müxtəlif narazılıqlar var.
Güləşçi Əliabbas Rzazadənin şəxsi məşqçisi, güləş üzrə qadınlardan ibarət millimizin keçmiş baş məşqçisi Aslan Ağayev güləşçilərimizin çıxışını dəyərləndirdi:
“Güləşçilərimiz üçün qənaətbəxş oldu. Olimpiyadır və hər nəticə mümkündür, sensasiyalar da çox olur. Şükürlər olsun, medalsız qalmadıq. Xalqımız güləşçilərimizin yaxşı nəticə verməsinə öyrəşib. Bəzi idmançılarımızın yaş fərqi da var idi və qismət belə oldu. İnanıram ki, Azərbaycan güləşi daha yaxşı olacaq. Perspektivli gənclərimiz var və inanıram ki, növbəti Olimpiya Oyunlarında qızıl medalımız olacaq”.
Ağayev bəzi idmançıların gözləntiləri doğrulmadığını əlavə etdi:
“Yunan-Roma güləşində Sənan Süleymanovdan da medal gözləyirdik, amma əfsuslar olsun ki, yarışa az qalmış zədələndi və yaxşı çıxış edə bilmədi. O, Turan Bayramov, mənim tələbəm Əliabbas Rzazadəyə də ümidlərimiz çox idi, amma alınmadı. İnşallah, gələcəkdə daha yaxşı olarlar”.
Cüdo üzrə keçmiş dünya çempionu Elxan Məmmədov isə Hidayət Heydərov və Zelim Kotsoyevin “qızıl” qazanmasını şər etdi:
“Azərbaycan cüdoçuları üçün Paris-2024 çox uğurlu alındı. İki qızıl medal qazandıq. Bu, Azərbaycan cüdosu üçün tarixi nəticədir. Cüdoçuların sıralamasında da ikinci olduq. Bu uğurda əməyi keçən hər kəsə, Azərbaycan Cüdo Federasyasının nümayəndələrinə, başda cənab prezident İlham Əliyev olmaqla hər kəsə təşəkkür edirəm”.
Məmmədov medal ümidi olan idmançıların gözləntiləri qarşıladıqlarını bildirdi:
“Düzü, federasiya olaraq cüdoçuların hamısına ümid böyük idi. Mən xüsusilə, Elcandan medal gözləyirdim. Hidayət və Zelimin qızıl qazanması ehtimalı böyük idi. Hər kəs bunu gözləyirdi. Onlar daha əvvəl dünya çempionu olmuşdular və Olimpiya Oyunlarında da ümidləri doğrultdular”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.