Basketbol üzrə 30-cu Azərbaycan çempionatının başlama vaxtı və yeni reqlamenti müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25-ci illər mövsümü 18 oktyabr tarixində başlayacaq. Ötən ildən fərqli olaraq, basketbol üzrə 30-cu Azərbaycan çempionatında 12 komanda çempionluq uğrunda mübarizə aparacaq.
Bu mövsümdən etibarən, “Cəlilabad” klubu “Quba” klubu ilə əvəzlənəcək, “Xəzri” klubu “Naxçıvan” BK olaraq adlandırılacaq, “Xırdalan” klubu isə “Abşeron” BK adı ilə fəaliyyət göstərəcək. Eyni zamanda yeni yaranmış “Ordu” və “Lənkəran” klubları da yeni mövsümdən çempionatda mübarizəyə qoşulacaqlar. Yeni reqlamentə əsasən çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Oyun zamanı meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq.
Müntəzəm mövsümün oyunları “A” və “B” qrupları üzərindən baş tutacaq. Ötən çempionatın nəticələrinə əsasən müntəzəm mövsümü ilk altılıqda bitirmiş, yəni pley-off ‘a vəsiqə qazanmış klublar “A” qrupunda, pley-off ‘a vəsiqə qazana bilməmiş dörd klub və yeni yaranmış iki klub “B” qrupunda mübarizə aparacaqlar. A qrupu: “Sabah” BK, “Naxçıvan” BK, NTD Bakı, “Abşeron” BK, “Neftçi” İK, “Sərhədçi” PİK. B qrupu: “Sumqayıt” BK, “Gəncə” BK, “Quba” BK, “Şəki” BK, “Ordu” İK, “Lənkəran” BK. Müntəzəm mövsümdə “A” qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, “B” qrupunu lider bitirmiş komanda pley-off ‘un 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. “A” və “B” qruplarında digər yerləri tutmuş komandalar isə pley-off ‘un 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq. Qeyd edək ki, klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların “A” qrupunda, hansı klubların isə “B” qrupunda iştirak edəcəyi müəyyənləşəcəkdir.