Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.
Futbolpress.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq yeniyetmə və gənc idmançı çempionluq uğrunda mübarizə aparıb.
Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500, 1000 metr, akademik avarçəkmədə isə 1, 2 və 4 nəfərlik qayıqlarda 1000, 1500 metr məsafədə birinci olmağa çalışıb. Çempionat maraqlı mübarizə şəraitində keçib.
Qalib idmançılar diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak edəcək heyətə cəlb olunacaq.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının əsas prioritetlərindən biri ölkəmizdə yeniyetmə və gənclər arasında avarçəkmə idman növünü təbliğ etmək, kütləviliyi artırmaqdır. Bu yöndə görülən işlər çərçivəsində il ərzində Bakıda və Mingəçevirdə mütəmadi olaraq ölkədaxili yarışlar keçirilir.