Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına 4-cü lisenziyanı qazanıb.
Futbolpress.az xəbər verir ki, bu uğura Malik Həsənov imza atıb.
63,5 kq çəkidə mübarizə aparan idmançımız multiidman yarışına vəsiqəni Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində əldə edib.
Malik Paris-2024 lisenziyasını daha öncə qazanan Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) qoşulub.
Bununla da Azərbaycan yığması Fransa paytaxtına ən çox lisenziya qazanan Avropa ölkəsi adına şərik olub. Ölkəmizdən başqa, hələlik meydan sahibləri və İspaniya kişilərin mübarizəsində 4 çəki ilə təmsil olunmaq hüququ qazanıblar. Rekorda sahib 3 ölkənin ən yaxın izləyiciləri İtaliya, Türkiyə və İrlandiyanın hesabında üç vəsiqə var.
Qeyd edək ki, Azərbaycan millisi Parisdə 6 çəki dərəcəsindən altısında təmsil şansını da saxlayır. Yığmamızın daha iki üzvü Tailanddakı çıxışını davam etdirir. Boksçularımızdan Şamil Əsgərov (57 kq) və Alfonso Dominqes (92 kq) “dördlüy”ə qoşula bilər.