Azər Bağırov: “Transferlər edəcəyik, imkanlarımız var”

“Kəpəz” bu gün qış təlim-məşq toplanışı çərçivəsində “Qarabağ”la yoldaşlıq görüşü keçirib.

Qarşılaşma Gəncə təmsilçisinin 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb. “Sarı-göylər”in baş məşqçisi Azər Bağırov “FutbolPress”ə açıqlama verərək, oyunla bağlı düşüncələrini bölüşdü:

“Məğlub olmağımıza baxmayaraq, yaxşı oyun izlədik. Heyətimiz geniş olmadığına görə iki hissəyə bölmüşdük. Futbolçularımızın daha çox rəqibə basqı yaratmasını istəyirdik. Təqribən 60-65 dəqiqə bunu yaxşı şəkildə bacardıq. Bu günə qədər qış toplanışı çərçivəsində 9 məşqimiz keçirilib. Hələ ki yaxşı irəliləyirik. İnşallah ki, bundan sonra daha da yaxşı olar”.

Gənc mütəxəssis komandasından razı qaldığını bildirdi:

“Nəticəni saymasaq, oyundan razı qaldım. Komandamın xətlərarası təzyiqi yaxşı idi. İlk yoldaşlıq matçına görə tapşırıqlarımın 70-80 faizini oyunçularımdan ala bildim”.

40 yaşlı çalışdırıcı komandasının transfer siyasətindən də söz açdı:

“Autsayderlər sırasında olduğumuza görə bir çox futbolçu “Kəpəz”ə gəlmək istəmir. Çətindir, amma çalışırıq. Transferlər edəcəyik, imkanlarımız var. Sadəcə transfer xətrinə transfer etmək istəmirik. Əsasən, vinger və orta xətt oyunçusu axtarışındayıq”.

Mirkamal Kazım