Azər Bağırov: “Futbolçular “Qarabağ”dan qorxmadılar”

Azərbaycan Premyer Liqasının X turunun “Kəpəz” – “Qarabağ” oyunundan (0:5) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Birinci hissədə komanda xoşuma gəldi. Lakin ikinci hissədə istədiyimiz kimi olmadı. Qol şansımız var idi, dəyərləndirə bilsəydik, fərqli olardı. Bu gün birinci hissədə “Qarabağ”ın avrokubokdakı heyətinə qarşı oynadıq. Uşaqlar qorxmadılar, çəkinmədilər. Futbolçuda sevmədiyim qorxaqlıqdır. Bu gün uşaqlar istədiyim mübarizəni apardılar.

– Luis Paçunun vura bilmədiyi epizod qırılma anı oldu?
– “Qarabağ” onsuz da bizi təzyiqdə saxlayacaqdı. Amma futbolda emosiyalar var. “Qarabağ” bu dəqiqə hamıdan iki baş üstündür. Hakimlərin də yüngül simpatiyası olanda oyun başqa cür olur. Deməzdim ki, hakimlərin “Qarabağ”ı təzyiq altında saxlaması yaxşıdır. Ancaq referilər bu gün bir az bizə daha simpatiyalı ola bilərdi. Hakimlərdən şikayət etməyəcəm. Gördüyüm bəzi şeylər var, bəlkə, biz də böyüməliyik.

– Komandada əcnəbilər çoxdur. Yerlilərə daha çox şans vermək yaxşı olmaz?
– Azərbaycanlı futbolçuların meydanda olmasının tərəfdarı olmuşam, bunu istəmişəm. Gətirdiyimiz legionerlər oynadıqları oyunda özlərini yaxşı tərəfdən göstərə biliblər. Paçu da yaxşıdır, qol vurmasa belə, işləyir. Bu gün 15 legionerdənsə, 4 yaxşı əcnəbi daha yaxşıdır. “Qarabağ”a qarşı bütün komandalar çətinlik çəkir. Bizim də yaxşı epizodumuz var idi, amma Paçu vura bilmədi. “Qarabağ” Azərbaycanın fəxridir, onlara Avropada uğurlar arzu edirəm.

Şahin Cəfərov

.