Azərbaycanlı məşqçi: “Voleybol aktiv həyat tərzinin inkişafında böyük rol oynayır” 

FutbolPressÖtən ilin dekabrında yaradılan “Xarı Bülbül” voleybol klubu Azərbaycan çempionatında ilk mövsümdə uğurlu çıxış edib. Hədəfi ölkə voleyboluna töhfə vermək olan komanda Yüksək Liqanı gümüş medalla bitirib. Azərbaycanı “Çağırış Kuboku”nda təmsil edəcək “Xarı Bülbül” burada Slovakiyanın “Spartak” komandası ilə qarşılaşacaq.

Klub yeni yaranmasına baxmayaraq uğurlu çıxışı diqqət çəkib. Komandanın baş məşqçisi Ziya Rəcəbovla komandadakı vəziyyətdən, “Çağırış Kuboku”na hazırlıqdan, Azərbaycan voleybolunda mövcud problemlərdən, bu idman növünün inkişaf perspektivlərindən danışdıq.

Əvvəlcə Azərbaycan çempionatının səviyyəsindən bəhs edən mütəxəssis yeni mövsümün daha maraqlı keçəcəyini qeyd etdi:

“Ölkə çempionatında vəziyyət keçən illə müqayisədə yaxşıdır. Ötən il 4 komada var idi, bu mövsüm isə 6 komada kişilərdə, eyni sayda isə qadınlardadır. Yüksək Liqa keçən ilkindən çox fərqli olacaq. Bu il 2-3 klubu çıxmaq şərtilə digər komandaların sponsorları var, federasiya da onları maliyyələşdirir. Ümumi götürdükdə bu il yarış daha baxımlı olacaq.

Komandamızda vəziyyət, ab-hava olduqca yaxşıdır. Heyətimizdə 14 voleybolçu var. Komada ilə “Çağırış Kuboku”nda çıxış edəcəyik. Oyunlarımız 25-26 oktyabrda Bakıda keçiriləcək. İndi Polşadayıq. İki yoldaşlıq görüşü keçirmişik. Növbəti oyun ayın 10-da olacaq. Komada daxilində heç bir problem yoxdur. Oyunçuları ideal vəziyyətdədir”.

Məşqçi karyerası ərzində “Rabitə”də bir neçə dəfə çempionluq yaşayan, İndoneziyada “Cakarta” komandası ilə yerli liqada qızıl medal qazanan mütəxəssis Azərbaycan voleybolunun inkişaf perspektivlərindən söz açdı:

“Voleybolun inkişafı üçün təbliğat lazımdır. Bölgələrdə, məktəblərdə bu işlər aparılmalıdır və indiki halda bunların hər biri görülür. Özüm akademiya təsis edərək, voleybolu uşaqlar arasında təbliğ etmək, həmçinin milli komadaya oyunçu cəlb etmək hədəfi qoymuşam. 6 yaşdan 14 yaşa qədər uşaqlar cəlb edilir. Bu günə qədər millinin aşağı yaş qruplarına 6 nəfər uşaq seçilib. Voleybol komanda idman növləri arasında ən çox sevilənlərdəndir. Son illərdə voleybolda inkişaf olmadı, buna səbəb də, maliyyə sıxıntıları idi. Hazırda vəziyyət əvvəlki illər kimi deyil, amma ümid var ki, bu idman növünü daha da inkişaf etdirək, ən azı əvvəlki vəziyyətinə qaytaraq”.

Voleybol üzrə Azərbaycan yığmalarının hazırkı durumuna toxunan mütəxəssis millilərin uğursuz çıxışlarının səbəbini söylədi:

“Yığmaların uğursuzluğu gözlənilən idi, əvvəldən bunu təxmin edirdik. Problemin mənbəyini əsas yığmada yox, aşağı yaş qruplarında axtarmaq lazımdır. Sistemli işin özəyi 10-15 il əvvəl qurulmalı idi. Voleybolumuzun ən yaxşı vaxtlarında ölkəyə legionerlər gəlirdi, yerli oyunçu çatışmazlığı var idi. Həmin vaxtdan aşağı yaş qruplarına xüsusi diqqət ayırmaq və azı 10 il gözləmək lazım idi ki, yeni nəsil yetişsin. Bu məsələdə gecikildi, lakin indi Azərbaycan Voleybol Federasiyasında böyük addımlar atılır. Aşağı yaş qruplarının inkişafı üçün Türkiyədə mütəxəssis dəvət olunub. Bunun nəticəsini görmək üçün vaxt lazımdır. Onlar arasında 100 nəfərdən 2-3-ü yığmaya cəlb edilsə, yaxşı nəticə hesab etmək olar”.

Rəcəbov voleybolu digər idman növlərindən fərqləndirən cəhətlərə toxundu:

“Voleybol digər idman növlərindən fəqli olaraq mədəni idman növləri sayılır. Futbolda oyunçulara qarşı kobud oyun, təmas çox olur, amma bu idman növündə belə bir şey yoxdur. Sənə kimsə toxunmur və dünyada yeganə idman növüdür ki, texnikasına görə ilk yerdədir. Bütün peşəkar idman növlərində zədələr çox olur, amma burda nisbətən azdır. Voleybol aktiv həyat tərzinin inkişafında böyük rol oynayır. Məşqə gələn uşaqlar dəfələrlə qeyd ediblər ki, onlar həm mənəvi yorğunluğunu, həm də fiziki yorğunluğunu aradan qaldırmaq üçün bu idman növü ilə məşğul olurlar”.

Azərbaycan yığmasının sabiq üzvü voleybolun gənclər üçün faydalı idman növü olduğunu bildirdi. Zədələrdən daha uzaq sahə olduğunu qeyd edən Rəcəbov gənclərə öz tövsiyəsini verdi:

“Gənclərə tövsiyəm odur ki, zərərli vərdişlərdən uzaq olsunlar, idmanla məşğul olsunlar. Təbii ki, bu dediklərim sırf voleybola aid deyil, amma zədəsiz, travmasız həyat tərzi istəyirlərsə, bu idman növü ilə məşğul olsunlar.

Voleybolla bir-iki dəfə məşğul olduqdan sonra bu idman növünə qarşı asılılıq yaranır. Olduqca mədəni idman növüdür, bu növdə hər bir hərəkət baxımlılığı artırır. İstər hücum olsun və ya müdafiənin təşkili, blokların qurulması və s. hər biri marağı daha da artırır. Sonda gənclərə bir daha çağırış edirəm ki, sağlamlıq, aktiv həyat tərzi üçün idmanla, xüsusilə voleybolla məşğul olsunlar”.

Məlik Məlikov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu