Azərbaycan futbolunda fizioterapiya: nələrə diqqət etmək lazımdır?

FutbolPressİdman sağlamlıqdır, lakin peşəkar idmanda zədələr qaçılmaz olur. Sahəsindən asılı olmayaraq, idmançılar bəzən ciddi, bəzən yüngül, bəzən də xroniki zədələrlə üzləşirlər. Hər bir halda, zədə idmançının karyerasına mənfi təsir edir. Xəsarəti səbəbindən karyerasını bitirənlər də az deyil.

Zədə bütün idman növləri kimi futbolda da qaçılmazdır. Bunun qarşısını tam almaq mümkün olmasa da, düzgün diaqnoz və müalicə ilə vəziyyəti yüngülləşdirmək olar.

Azərbaycan futbolunun ən uğurlu mütəxəssislərindən olan, hazırda “Qarabağ”ı çalışdıran Qurban Qurbanov 2017-ci ildə Azərbaycan yığmasına baş məşqçi təyin olunanda da ən çox qabartdığı məsələ bu idi. Azərbaycan idmanında fizioterapevt çatışmazlığı var. Xüsusilə, sıx qrafikdə futbolçuların yüklənməsindən sonra tez-tez zədələnənlər az deyil. Əzələ yorğunluğunun fəsadları, bir oyunçunun müəyyən müdətə kənarda qalması da komandaya təsirsiz ötüşmür.

Fizioterapiya idmançının zədədən sonra fiziki üsullarla müalicəsidir. Burada müəyyən idman hərəkətləri və aparatlardan istifadə edilir. Hazırda demək olar, bütün idman sahələrində komandaların, fərdi idmançıların fizioterapistləri var. Lakin digər peşələrdə olduğu kimi, bu sahədə də müəyyən çatışmazlıqlar mövcuddur.

Məsələ ilə bağlı uzun illərdir Azərbaycan futbolunda həkim-fizioterapevt kimi çalışan Rahim Məhərrəmovla söhbətləşdik. “Qəbələ”, “Neftçi” kimi komandalarda işləmiş, hazırda fəaliyyətini “Sabah”da davam etdirən mütəxəssis fizioterapiya anlayışı haqda bunları söylədi:

“Fizioterapiya anlayışı böyükdür. Bu, tibbi cihazlardan və tibbi xüsusi sarğılardan istifadə edərək zədə almış idmançıların bərpasını tezləşdirmək və reabilitasiya sahəsinə təhvil vermək üçündür. Düzgün diaqnoz qoyulduqdan sonra uyğun müalicəyə başlamaq lazımdır. Bizim əsas problemimiz zədənin tezləşdirilməsidir. Məşqçini də başa düşürük, lakin zədənin tez müalicə edilməsi sonradan fəsadlara səbəb ola bilir. Fizioterapiya kursu sırf həkim müayinəsindən sonra təyin olunur. Hər zədəyə uyğun aparatlar təyin edilir. Bunun üçün də birinci MRT olunmalıdır ki, zədənin dərəcəsi bilinsin”.

Məhərrəmov Azərbaycan idmanında fizioterapiya ilə bağlı müəyyən problemlərin olduğunu vurğuladı. O, ilk növbədə mərkəzləşdirilmiş yerin yaradılmalı olduğunu və mütəxəssislərin orada cəmləşməyinin vacibliyini qeyd etdi. Bəzən həkimlər hərəsi bir müalicə yazır və nəticədə müəyyən problemlər yaranır:

“Çox klubda fizioterapiya şöbəsi, aparatlar var. Azərbaycanda bir Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu fəaliyyət göstərir. Orada da həkimlərlə bağlı bir az problemlər var. Savadlı, güclü kadrlar var, ancaq say baxımından çatışmazlıqlar mövcuddur. Böyük mərkəzləşdirilmiş sistem olsa, daha yaxşı olar. Mütəxəssisləri yığıb, idmançıları da bir yerə toplayıb, orada sağaltmaq olar. Birlikdə düzgün müalicə təyin etmək zədənin aradan qaldırılması baxımından faydalıdır”.

Həkim-fizioterapevt gənclərin daha çox fiziki durumunun yaxşılaşdırılması üçün reabilitasiyaya ehtiyacı olduğunu vurğuladı. Onun fikrincə, gənclər yuux rejiminə, sağlam qidalanmaya daha çox diqqət ayırmalıdır:

“Fizioterapiya zədə alandan sonra aparatlarla idmançıların sağaldılmasıdır. Gənclər üçün reabilitasiya daha yaxşı olar. Onlarda əzələlərin möhkəmlənməsinə ehtiyac var. Zədə almayıbsa, onun rejiminə fikir vermək lazımdır. Boyun artan vaxtında əzələlərin gərilməsinin qarşısını almaq, yuxu rejiminə düzgün riayət etmək vacibdir. Eyni zamanda sağlam qidalanması, düzgün idman hərəkətləri də mühümdür”.

Həmsöhbətimiz son olaraq kadr çatışmazlığının həlli yolundan bəhs etdi:

“Kadr çatışmazlığı əsas idman travmatoloqlarıdır. Bir az iş praktikası lazımdır. Seminarlar daha çox keçirmək, xaricdə mütəxəssislər dəvət etmək, fikir mübadiləsi aparmaq lazımdır. İdman tibbində peşəkar həkimlərimiz həmişə olub. Sadəcə hazırda mərkəzləşdirilmiş bir yer olsun ki, orada mütəxəssislər yığışsın, düzgün diaqnoz qoyulsun, uyğun müalicə olsun. Masajistlərimiz, fizioterapistlərimiz var. İdman Akademiyasında da bu kadrların yetişdirilməsi üçün işlər başlayıb. Problemlər var, ancaq yavaş-yavaş qaydasına düşəcəyinə inanıram”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu