Azərbaycan basketbolunda yeni nəfəs, yeni başlanğıc

FutbolPressƏsrin ilk 10 illiyində Azərbaycan basketbolunda böyük bir dirçəliş olsa da, davamı gəlmədi. Son illərdə isə ümumiyyətlə, bu idman növündə ciddi durğunluq yaşanır. Uzun müddətdir, kişilərdən ibarət millimiz beynəlxalq oyunlara çıxmır, bu səbəbdən hətta FIBA sıralamasından çıxarılıb. Ölkə çempionatı keçirilmir və s.
 
Əslində, Azərbaycan basketbolunun kifayət qədər qədim tarixi var. Hətta SSRİ dövründə kütləviliyinə görə futbol və voleyboldan sonra 3-cü yerdə olub.
 
Azərbaycanda basketbolun tarixi
 
1891-ci ildə ABŞ-də yaradılan bu idman növünün ölkəmizə “ayaq açması” ötən əsrin 20-ci illərinə təsadüf edir. Həmin illərdə ayrı-ayrı əmək kollektivlərində, idarə və müəssisələrdə, ali təhsil ocaqlarında, idman cəmiyyətlərində basketbol komandaları yaradılıb. İlk zamanlar proses Bakı ilə məhdudlaşsa da, zaman keçdikcə əhatə dairəsi genişlənib və ölkəmizin regionlarına da yayılıb. “Dəmir yolu” idman klubu və “Dinamo” cəmiyyəti bu işdə xüsusilə fərqlənib.
 
1931-ci ildə Azərbaycanın kişilərdən ibarət komandası Zaqafqaziya birinciliyinin qalibi olur və ilk dəfə SSRİ birinciliyində çıxış etmək hüququ qazanıb. Bu ildən etibarən yığmamız regionda uzun müddət liderliyi özündə saxlayıb. 1934-cü ildən başlayaraq basketbol üzrə respublika birinciliyi keçirilməyə başlayıb. Növbəti ildən Azərbaycan yığması SSRİ birinciliyində uğurla çıxış edib. Eyni zamanda qadınlardan ibarət komanda da SSRİ birinciliyində qüvvəsini sınayıb. Qadınlardan ibarət yığma yekunda 4-cü yeri tutursa, kişilər komandası 11-ciliklə kifayətlənib. 1936-cı ildə qadın komandamız 3-cü yerə layiq görülüb. Kişilərdən ibarət milli də uğurlu çıpxış edərək, 4-cü olub.
 
Ümumən SSRİ dövrünə nəzər saldıqda, 70 il ərzində inkişaf ildən-ilə artır. 50-ci illərdə isə ölkəmizdə bsaketbol ən yüksək səviyyəsinə çatır.
 
Müstəqillik dövrü

90-cı illərin əvvəllərində ölkədə baş verən proseslərin nəticəsində digər idman növlərində olduğu kimi basketbolda da durğunluq yaranıb. Ancaq getdikcə idman hərəkatının formalaşması ilə basketbolda da dəyişiklik yaşanıb. 1994-cü ildə Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FIBA) tamhüquqlu üzv qəbul edilib. Bu, komandalarımıza beynəlxalq yarışlarda müstəqil dövlətimizin bayrağı altında çıxış etmək hüququ qazandırıb. Prosesin davamı olaraq yığma komandalarımız bir neçə beynəlxalq turnirdə iştirak edib və uğurlu nəticələr qazanıb.
 
Enişli-yoxuşlu basketbol tariximizdə növbəti neqativ hadisə ABF-in FIBA-nın tam hüquqlu üzvlüyündən kənarlaşdırılmasıdır. Bu, federasiyanın 1997-ci ildən 2000-ci ilə qədər ali basketbol qurumunun heç bir toplantı və tədbirlərində iştirak etməməsinə görə yaşanıb.
 
Bundan sonra ABF-də rəhbər dəyişikliyi baş verib. Beynəlxalq əlaqalarin yeni səviyəyə qaldırılması sayəsində 2000-ci ildə Türkiyədə keçirilən FIBA konqressində Azərbaycan federasiyasınınu beynəlxalq quruma üzvlüyü bərpa olunub.
 
Bundan sonra yeni inkişaf dövrü başlayıb. Ölkədə “Qala”, “Qərb Universiteti”, NTD “Servis” kimi güclü basketbol komandaları yaradılıb. 2002-ci ildə məşhur litvalı Rimas Kurtinaytis milliyə baş məşqçi təyin edilib. Güclü, bəynəlxalq sistemlərə uyğun ölkə çempionatı təşkil olunb. Tahir Baxşıyav, Anar Sarıyev, Zaur Paşayev kimi basketbolçular nəsli məhz həmin dövrdə yetişib, ölkəmizi beynəlxalq yarışlarda lqyiqincə təmsil edib. “Qala” Avropa Kuboku yarışlarında mübarizə aparıb, qadın və kişilərdən ibarət komanda Avropa İnkişaf Kubokuna qatılıb, kişilər yığmamız 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilən İslam Həmrəylik Oyunlarında 1-ci yeri tutub. Hətta milli bir il sonra Albaniyada Avropa İnkişaf Kubokunda qalib adını qazanıb.
 
2008-ci ildə Şotlandiyada ilk dəfə keçirilən Avropa Çempionatının “C” Divizionunda kişilərdən ibarət yığma Elxan Əliyevin rəhbərliyi altında 1-ci yeri tutaraq tarixi qələbəyə nail olub. Ardınca milli “B” Divizionunda da uğurlu çıxış sərgiləyir.
 
Ölkə basketbolunda son uğurlu nəticələr 2012-ci ildə əldə edilir. Kişilərdən ibarət milli Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “Novruz-2012” Beynəlxalq turnirinin qalibi olaraq Novruz Kubokunu Azərbaycana qətirib. Qadın komandamız isə Avropa Çempionatının “C” Divizionunda iştirak edib.
 
Təəssüf ki, bundan sonra inkişaf davam ettməyib, əksinə böyük bir durğunluq dövrü yaranıb və bu, indiyə qədər davam edir. Müxtəlif illərdə aşağı yaş yığmaları, klublar, 3×3 növü üzrə komanda müxtəlif turnirlərdə çıxış etsə də, əsas millilər yarışlara qatılmayıb. Nəticədə 2021-ci ildə Azərbaycanın əsas millisi FIBA reytinq siyahısından çıxarılıb. Şəraitsizlik, maliyyə problemləri ölkə çempionatına da təsirsiz ötüşməyib. 2018-ci ildə klublar ölkə çempionatını boykot ediblər. Bundan sonra müxtəlif cəhdlər olsa da, obyektiv və subyektiv səbəblərdən uğursuzluğa düçar olub.
 
Nəhayət, keçən ilin  dekabrında Azərbaycan Basketbol federasiyasında rəhbər dəyişikliyi edilib. Təhsil naziri Emin Əmrullayevin federasiyaya prezident seçilməsindən sonra Azərbaycan basketbolunda yeni mərhələ başlayıb, prosesə indi qabarıq şəkildə nəzərə çarpan ciddi hərəkətlilik gəlib.
 
Gələcəyə ümid varmı?
 
Azərbaycanda basketbolun mövcud durumu, gələcək perspektivlərini bu sahənin peşəkarı ilə müzakirə etdik. “Zirvə Astara” klubunun baş məşqçisi, Cəlilabad İdman İdarəsinin Uşaq və Gənclər İdman Məktəbinin basketbol məşqçisi Şəhriyar Əsgərovla söhbətə hazırkı vəziyyətlə başladıq:
 
“Son illər böyük bir durğunluq oldu. 2018-ci ildə Yüksək Liqanın komandaları çempionatı boykot etdilər. Ancaq 2019-20 mövsümündə 8 komandanın iştirakı ilə müəyyən səviyyədə çempionat keçirə bildik. Ukrayna və Moldovadan, Gürcüstandan legionerlər cəlb olunmuşdu. Hətta mənim komandamda amerikalı basketbolçu var idi. Təəssüf ki, pandemiya mövsümün yarımçıq qalmasına səbəb oldu. Ondan başqa 15 yaşlılar arasında layihəyə start vermişdik. Bu, ABŞ ilə müştərək bir iş idi. 30 komandanın iştirakı nəzərdə tutulurdu. 2020-ci il martın 4-də açılış olmalı idi. 1 gün əvvəl isə koronavirus pandemiyasına görə karantin elan edildi və planlar baş tutmadı. Ümumən, Azərbaycan basketbolunun müəyyən bir səviyyəsinin olduğunu demək olmaz. Onun da nəticəsidir ki, milli komandanı FIBA reytinqindən çıxardılar. Baxmayaraq ki, 2016, 2017-ci illərdə B və C Divizionlarında yeniyetmələrimiz iştirak edirdi, ancaq kişilərdən ibarət yığma komandamız yarışımırdı. Bu da əsasən maliyyə məsələləri ilə bağlı idi”.
 
Şəhriyar bəy federasiyadakı rəhbər dəyişikliyi və bundan sonra görülən, planlaşdırılan işlərdən danışdı:
 
“Ümumi iclasda mən də iştirak etdim. İllərdir, basketbolun içində olan biri kimi istər idman, istərsə də sənaye baxımından yanaşma çox xoşuma gəldi. Cənab nazir vurğuladı ki, idmanı elə bir səviyyəyə çatdırmalıyıq, müstəqil klublarımız olsun, teleyeyım haqlarını sata, sponsorlarda maraq yarada bilsinlər. Ən əsası da təkcə sözdə ifadə etməklə kifayətlənmədi, yollar axtardığını dedi. Serbiya və Gürcüstan basketbol federasiyaları ilə sıx əlaqələrimiz var. Bu yaxınlarda onların nümayəndələri Bakıda oldu. Yığma serb mütəxəssisə tapşırıldı, köməkçisi litvalı təyin olundu.
 
Ən əhəmiyyətlisi uşaq basketboluna göstərilən diqqətdir. 14 və 16 yaşlıların yarışları keçirildi. Bundan başqa, 11-12 yaşlıların seçimi getdi. Bu da böyük bir işdir. Hətta ucqar kəndlərin məktəblərində belə, ucaboy uşaqların axtarışına çıxıldı. Mən də bölgəmizdə – Cəlilabadda köməklik göstərdim. Planda ölkənin 5 rayonunda basketbol sinifləri yaratmaq layihəsi var. Seçilmiş uşaqlar artıq dəvət olunublar, yarışlar başlayıb. Bu da yenilikdir. Üstəlik proses davamlı olacaq. Dediyim 5 bölgədəki siniflərə xarici ölkələrdən ixtisaslı mütəxəssislər cəlb olunacaq və basketbolu onlar tədris edəcək. Uşaqlıqdan basketbol ekolu olan ölkədən gələnlərdən öyrənəcəklər. Mən də uşaq məşqçisiyəm və Azərbaycanda heç də geridə qalmış məşqçi sayılmıram. Ancaq bilirəm ki, bizim ona ehtiyacımız var. Bu, böyük addımdır. Ölkə çempionatından daha vacib uşaq basketboluna verilən diqqətdir.
 
Əhəmiyyətli məsələlərdən biri cənab nazirin sentyabr-oktyabr aylarında start götürəcək Super Liqa yarışlarına bir neçə universitet komandasının buraxılmasını planlaşdırmasıdır. Basketbol bir çox ölkələrdə məhz ali təhsil liqalarından başlayıb. NBA, Serbiya, Xorvatiya, Litvanın belə təcrübəsi var. Bir sıra məşhur komandalar universitet komandalarıdır. Hətta cənab nazir xarici ölkələrin basketbolçularının universitetlərimizə müəyyən güzəştli şərtlərlə qəbul edilməsi məsələsini gündəmə gətirdi. Təhsil haqqından azad olma və ya başqa güzəştlərlə gəlib oxusunlar və basketbol oynasınlar. Ümumiyyətlə, iş bu cür aparılsa, yüksəliş olmalıdır”.
 

Həmsöhbətimiz əsrin ilk 10 illiyindəki inkişafla hazırkı dövrdə atılan addımları müqayisə etdi:
 
“Bəli, həmin zaman güclü komandalar var idi. Ancaq bunlar bir qədər süni şəkildə yaradılmış və gücləndirilmiş komandlar idi. Uşaq basketbolunda həmin yanaşma gözə çarpmırdı. Düzdür, bu yarışların nəticəsində Tahir Baxşıyav, Anar Sarıyev, Zaur Paşayev kimi basketbolçular yetişdilər. Bu gün də onun bəhrəsini görürük. Zaur Paşayev indi də yığmadadır. Amma o vaxt uşaq basketboluna baxıdıqda kompleks yanaşma müşahidə olunmur. İndi isə məsələyə köklü yanaşılır. İndi də legionerlər gətirib komanda formalaşdırmaq olar. Ancaq məsələ ondadır ki, bu layihələr həyata keçirildikdən sonra ola bilər ki, daha az legioner gətirərik və bizim ölkədən xaricə çıxanlar olsun. İndi say barmaqla sayılasıdır. Zaur Paşayev Gürcüstanda, Orxan Aydın Türkiyədə oynayır, 1-2 cəlilabadlı uşaq Rusiyada komandalara qoşulub. Hüseyn Qaflanov adlı 2,05 m boyunda bir oğlan var. İspaniyada, “Real”da olub, sonra Serbiyaya aparıblar. Ola bilər ki, okeanın o tayına gedə bilən ilk “qaranquş” oldu. Bəlkə, NBA barədə danışmaq, basketbolun çox üst səviyyədə inkişafından danışmaq üçün tezdir. Amma görülən işlərin yekununda Azərbaycanı bu idman növünün sevildiyi bir ölkəyə, camaatın pul verib, biletini aldığı, gedib baxdığı, zöv qaldığı sahəyə çevirmək olar”.
 
Adətən belə stereotip var ki, azərbaycanlıların fiziki göstəriciləri basketbol üçün o qədər də əlverişli deyil. Şəhriyar bəy bu fikirlə razılaşmır:
 
“Azərbaycanlıların qısa, ortaboylu xalq olması stereotipi var. Ancaq əksinədir. Biz uşaqlara baxanda 11 yaşlı 1,71 boya malik qız tapdıq. Ondan başqa 12 yaşlı 1,72, 1,90-a yaxın oğlanlar var idi. Ümumən fiziki göstəricilər basketbol üçün normaldır. Baxın, Cəlilabad böyük yer deyil, ancaq ara-sıra buradan ölkə yığmasına, komandalara uşaqlar verirəm. Sadəcə, işi düzgün qurub, axtarmaq lazımdır”.
 
Əsgərov gələcəyə ümidlə yanaşmaq üçün qığılcım olduğu qənaətindədir:
 
“Mən 1972-ci ildən basketboldayam, bu sahənin həm idman, həm sənaye tərəflərinə bələdəm. Ümumi mənzərəyə baxandacəmi  5 aydır, işlər gedir. Mənə elə gəlir ki, proses düzgün qurulub. Cənab nazirin yanaşması doğrudur. Onda sponsor axtarışı yox, səni sponsor axtarmalıdı yanaşması var. Biz hələ sponsorun nə olduğunu düzgün bilmirik. Onlar özləri hədəf kütləyə çatmaq üçün əməkdaşlıq etməkdə maraqlı olmalıdırlar. İş belə qurulsa, yaxın gələcəkdə nəticələrini görəcəyik. Bizə ümid etmək qalır. Bunun üçün də bir qığılcım olmalıdır. Düşünürəm ki, həmin qığılcım var”.
 
Federasiya nələr planlayır?
 
Azərbaycan Basketbol Federasiyası “Yeni Nəfəs! Yeni Başlanğıç!” şüarı ilə işləri sürətləndirib. Qurumun mətbuat xidmətinin rəhbəri Sənan Əliyev görülən işlər, planda olan yeniliklər barədə ətraflı məlumat verdi:
 
“Azərbaycan Basketbol Federasiyasında rəhbər də yişikliyindən sonra bir sıra yeniliklər olub. İlk növbədə uşaq basketboluna diqqət ön plana çıxarılıb. 6 zonada seleksiya xarakterli seminarlar keçirililərək, istedadlı, ucaboy qız və oğlanlar bir araya toplanılıb. İlkin mərhələdə ümumi 5 məktəb olmaqla hər birində 20-30 uşaqdan ibarət “Basketbol sinifi” adlı siniflərin yaradılmağı planlaşdırılır.
 
Gələn mövsümdən etibarən “Məşqçilərin İnkişaf Proqramları” na əcnəbi mütəxəssisləri cəlb etməyi planlaşdırırıq. Beynəlxalq səviyyəyə yüksələ bilən yerli məşqçilərin olması Azərbaycan Basketbol Federasiyasının əsas prioritetlərindən biridir.


 
ABF-nin təşkilatçılığı ilə mart ayından etibarən “Hakimlərin İnkişafı Proqramı” na başlanıb və bunu davamlı olaraq həyata keçirməyi planlaşdırırıq. Keçiriləcək çempionatların sayı çox olduğundan, təbii ki, kifayət qədər çox hakimlərə və icraçılara ehtiyacımız var. Bu proqram bizə gələcəkdə beynəlxalq səviyyədə tanınan hakimlər qazandıracaq. Eyni zamanda milli səviyyədə daha çox hakimə sahib olmaq imkanı verəcək. Proqram Beynəlxalq FIBA Hakimi, qurumun Azərbaycan üzrə milli təlimatçısı Ələkbər Həsənov tərəfindən aparılır.
 
ABF-nin təşkilatçılığı bu ilin əvvəlində uşaqlar və yeniyetmələr arasında bir sıra turnirlər keçirilib. Fevral ayında U-12, mart ayında U-14, may ayında U-17 kubokları təşkil olunub. 11 mayda ümumilikdə 24 universitet olmaqla 29 komandanın (24 oğlan, 5 qız) iştirakı ilə “Tələbə Kuboku” adlı turnir baş tutmuşdur.
 
Hazırda oğlanlardan ibarət U-18, kişilərdən ibarət əsas və 3×3 kişi basketbolu üzrə milli komandalarımız mövcuddur. Baş məşqçi Tahir Baxşıyevin rəhbərlik etdiyi U-18  yığmamız 15 nəfər basketbolçudan ibarətdir. Yeni rəhbərliyin gəlişindən sonra U-18 seçməmiz mütəmadi olaraq Türkiyə və Gürcüstan kimi ölkələrdə təlim-məşq toplanışlarında iştirak edərək yerli ölkələrin klubları ilə yoxlama oyunları keçirib. Hazırda Qax rayonunda məşqlərini davam etdirən komanda iyul ayında keçiriləcək Avropa çempiontının oyunlarına hazırlaşır.
 
Kişilərdən ibarət milli komandamız 14 basketbolçudan ibarətdir. Federasiyanın qərarı ilə millimizin məşqçilər korpusunda dəyişikliklər baş tutdu. Baş məşqçi postuna serbiyalı mütəxəssis Alkesandar Trifunoviç gətirildi. Ona bundan sonra isə litvalı Aurimas Jasilionis kömək edəcək. Federasiyanın ən əsas məqsədlərindən biri milli komandanın inkişafı və gələcək yarışlarda uğurlu çıxış etməsidir. U-18 komandamız kimi əsas millimizdə bir sıra ölkələrdə təlim- məşq toplanışında olub. Türkiyənin – İzmir, Ankara, Gürcüstanın – Tiflis şəhərlərində toplanışlar keçirən yığmamız yerli ölkələrin klubları ilə yoxlama oyunlarında iştirak edib. Millimizin əsas məqsədi  növbəti aylarda da təlim-məşq toplanışlarını davam etdirərək Maltada keçiriləcək kiçik ölkələrin Avropa çempionatının oyunlarına hazırlaşmaq olacaq.
 
3×3 basketbolu üzrə milli komandamız da hazırlıqlarını davam etdirir. 4-5 iyun Kiprdə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan yığmamız may ayından etibarən 5 nəfərdən ibarət heyətlə Serbiyaya yollanaraq təlim-məşq toplanışı və hazırlıq oyunları keçirib. Hətta yığmamız “ İVAN JOVANOVİC İCA MEMORİAL” adlı A kateqoriyalı turnirdə 2-ci pillənin sahibi olub.
Növbəti mövsümdən başlayaraq sadalayacağımız liqaların hər biri üçün müntəzəm çempionat keçirməyi planlaşdırırıq. Oyunlar hər şənbə və bazar günləri öncədən müəyyən edilmiş konkret ünvan-məkanda keçiriləcək. Ümumilikdə 5 fərqli məkanımız olacaq.
 
U-12, U-14, U-16, Universitet Liqası və Azərbaycan Super Liqası təşkil olunacaq. Super Liqa nın 6 və ya 8 komandadan ibarət  olmaqla oktyabr ayında keçirilməsi planlaşdırılır.
 
Federasiya 17 may tarixində “Yeni Nəfəs! Yeni Başlanğıç” adlı tədbirini keçirərək son 5 ayda görülən və görüləcək işlər barəsində ictimaiyyətə məlumat verdi. Həmçinin federasiyanın yeni loqosu və komandanın yeni formaları tədbir iştirakçılarına nümayiş olundu”.
 
Faiq Tahirov, Futbolpress.az

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu