Azərbaycan Premyer Liqasının IX turunun “Səbail” – “Şamaxı” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Xal qazanmaq istəyirdik, amma bu gün rəqib daha istəkli göründü. Buraxılan qoldan sonra oyunu çevirə bilərdik, amma şanslardan yararlana bilmədik. Qırmızı vərəqədən sonra isə daha bir qol buraxdıq və oyunun taleyi həkk edildi. Heyətdə itkilərimiz var idi, istədiyimiz kimi oynamadıq. Mövsümdə belə çətinliklər olacaq. Bu, normaldır. Hər şeyə hazır olmalıyıq.
– Hakimliklə bağlı fikirləriniz necədir?
– Hakimlikdən danışmayacam. Hər tur danışmaq bir az pis olur.
– Konatenin qırmızı vərəqə aldığı epizod oyun epizodu idi?
– Bilmədim foula görə idi ya yox. Hakimə etiraza görə verilibsə, düzdür. Amma ondan qabaq qayda pozuntusunun olub-olmadığına baxmaq lazımdır. Nə olursa-olsun hakimin qərarından sonra etiraz etmək olmaz.
– “Turan Tovuz”la matçda komandanız sanki daha istəkli idi. Bu, nə ilə bağlıdır?
– Xeyr. Bilirdik ki, “Səbail” bizə qarşı aqressiv olacaq, xal qazanmaq istəyirlər. Səfərdə oynayırdıq. Adil Nağıyev həftə içi zədəli idi, məcburiyyətdən onu oynadıq. Oyun olacaq ki, tam istədiyimiz kimi alınacaq, oyun da olacaq ki, alınmayacaq. Amma bu gün o qədər də zəif çıxış etmədik. Qol epizodlarını dəyərləndirə bilsəydik, oyun başqa cür olardı.