I Diviziondan Premyer Liqaya yüksələn “Şamaxı” baş məşqçi vəzifəsində dəyişiklik etdi. Ramiz Məmmədovu göndərən bölgə təmsilçisi “Turan Tovuz”la yolları ayıran Ayxan Abbasovla anlaşdı.
Maraqlıdır, təcrübəli mütəxəssislə 1 illik müqavilə bağlanıb və bu, ciddi/böyük klubların üstünlük vermədiyi yanaşmadır. Bu anlaşılmaz məqamla bərabər bir neçə qayğılı detal da var:
– Ortabab klublarda yaxşı nəticələr qazanmış Ayxan bəy üçün “Şamaxı” indiyədək işlədiyi klublar arasında ən zəifidir. Diviziondan gələn “şirlər” heyəti yenidən qurmalı olacaq. Abbasovun da açıqlamasında bildirdiyi kimi, sıfırdan komanda qurulacaq…
– “Şamaxı” çempionatın ən təcrübəsiz rəhbərliyinə malikdir. Belə yerdə uğurlu nəticə qazanmaq daha da çətinləşir.
– Bu anadək gedişat göstərir ki, növbəti mövsümün nəzəri autsayder “Kəpəz”dir. Lakin Gəncə aqlomerasiyası faktiki ən aktiv azarkeş dəstəyi və daha oturuşmuş sistemiylə “Şamaxı”dan üstün görünür. Nə qədər təcrübəli baş məşqçi olsa da, “Şamaxı”nın bu baxımdan autsayder olduğu görünür. Görüləcək iş həddən çoxdur…
– Baza və infrastruktur baxımından da ən aşağı həddə “Şamaxı”dır. Yeni komanda quruculuğu ilə bərabər, normal nəticə qazanmaq üçün bu kimi detallar da ciddi işlənməlidir
Kamil Əhməd