Azərbaycan Premyer Liqasının XXXVI turunun “Turan Tovuz” – “Kəpəz” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Üzücü oldu ki, çempionat bitir. Bu mövsüm çox gərgin keçdi. Azarkeşlərin həzz aldığını düşünürəm. Son oyunu qələbə ilə başa vurmaq, azarkeşləri sevindirmək istəyirdik. Futbolçularım əllərindən gələni etdilər. Qol epizodlarımızı boşa verdik. Hərdən belə şeylər olur. Bir çox matçlarda belə vəziyyətdə xallar itirmişdik. Ümumən, hər kəsə – azarkeşlərə, futbolçulara, rəhbərliyə təşəkkür edirəm. İki ildir, yaxşı işlər görürük. Daha yaxşı olmaq üçün çalışacağıq. Ötən mövsüm də eyni xal toplasaq da, bumövsümkü statistika fərqi ortaya qoyur. Daha yaxşı olmağa çalışacağıq.
– Heyətlə bağlı planlar varmı?
– Əlbəttə, beynimizdə bir fikir var. Heç nə fikirləşməmişəm desəm, yalan olar. Rəhbərliklə görüşəcəyik. Futbolçu göndərmək asan, gətirmək çətindir. Çalışacağıq, yaxşı qərarlar vermək istəyirik. Yaxın günlərdə məlumat veriləcək.
– Növbəti mövsüm avrokuboklar hədəfi olacaq?
– Bu il də istəyirdik, hər il istəyəcəyik. Qarşımıza sırf avrokuboklara cəhd etmək hədəfi qoyacağıq. Bu ildən daha yaxşı olmaq istəyirik. Bu il avrokuboklara gedən komandaların təcrübələri, oturuşmuş heyətləri var. Son oyunlarda hansı ki, stressli matçlar oldu, həmin komandalar önə çıxdı. Möhkəm komanda qurmağa çalışacağıq.
– Klub rəhbərliyi yeni mövsüm üçün iddialı mesaj verib. Bu, təzyiq yaratmayacaq?
– Ehtiram müəllimlə danışmamışam, bundan sonra tam fikir bildirə bilərəm. Ötən mövsüm də təzyiqlər var idi. Tovuz azarkeşləri çılğındır, sabah “Barselona” ilə oyna, deyəcəklər, udmalısan. Əlbəttə, çalışırıq ki, azarkeşləri sevindirək. Mənə görə addım-addım getmək lazımdır. Tələsən komandalar indi çempionatda yoxdur. Bünovrəni yaxşı qurmaq lazımdır. Gələcəkdə sənin ehtiyatın olmalıdır. Bunlar bərabər olmasa, uğur müvəqqəti olacaq. Planlarımız var, daha yaxşı olmağa çalışacağıq. Həmişə demişəm, tək əvəzedici liqanın olması inkişafla bağlıdır. Özümüz özümüzü bəzi şeylərdə aldadır, yuxarıda görürük. Kənara çıxanda görürük ki, fərqli vəziyyət var. Bizdə yaxşı məşq meydançaları yoxdur. Bunlar həll olunmazsa, çətinlik olacaq.
– Bakı Olimpiya Stadionunda “COP29″la bağlı tədbirlər keçiriləcək. Məşqləri harada edəcəksiz?
– Özüm də bilmirəm, nə edəcəyik. Hər şey məşqçilərdən qaynaqlanmır. Nə üçün bu gün 16, 17 yaşlı uşaqlar çox üzə çıxmır. Onların gözü açılmalı, yaxşı məşq meydançalarında hazırlaşmalıdırlar. Futbol inkişaf edir, Niderlanda getdik, gördük ki, biz onların 20 faizi deyilik. Bəzi uşaqlar 19-20 yaşında ilk dəfə təyyarəyə minir. Sabah 10 min azarkeşin qarşısında olsa, təzyiq altına düşəcəklər.
– Mövsümdə zədələr və cəzalılara görə çox çətinliklər yaşadınız…
– Prizu zədələnəndə çətinlik çəkdik. Orta mövqedə oyunçumu yox idi. Hər oyun demək olar, çətinlik çəkirdik. Fərid Yusifli, Veysəl, Eltun yox idi. Bəzi oyunlarda hücumda kimi oynadacağımızı bilmirdik. Eltun Turabov bizə lazım olan vaxtda zədələndi. İndi yaxşı forma yığıb. Piruzi ilə yəqin, yollar ayrılacaq. Zədə keçirib və əməliyyat olunacaq.
– Runi Eva “Turan Tovuz”a qayıda bilərmi?
– Düşünmürəm ki, indi Azərbaycana qayıdar. Onun ötənilki statistikası kömək edəcək ki, 2-3 il xaricdə oynasın. Oto Conun qaçırdığı epizodlar çox olub. Bəlkə, daha çox qol vura bilərdi. Qol yollarında problemimiz olmadı. Vurduğumuz qədər buraxmışıq. Bu statistikası mənfidə olan komanda var ki, avrokuboklara gedir.
– Adı “Zirə” ilə hallanır…
– Məlumatım yoxdur, indi qayıtmasına inanmıram.
– Siz “Sumqayıt”ı tərk edəndə açıqlama vermişdiniz ki, dəyişiklikdə ilk mən getdim. Ayxan Abbasovun getməsi “Sumqayıt”a uğur gətirdi, ya Samir Abasovun uğurudur?
– Xeyr, Samir Abasovun uğurudur. Sumqayıt böyük şəhərdir, avrokuboklara layiqdir. Mən daha əvvəl avrokuboklara getdiyi iki komanda yenə beynəlxalq turnirdə olacaqlar. Bu, məni sevindirir. “Neftçi”də olanda da Samir Abasova şans verilməli olduğunu demişdim. Sumqayıta böyük simpatiyam var. Yeni stadiona avrokubok oyunu yaraşacaq.
Şahin Cəfərov