Azərbaycan Premyer Liqasının II turunun “Araz-Naxçıvan” – “Şamaxı” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Bizim üçün uğursuz bir nəticə oldu. Hesabı bərabərləşdirmək üçün imkanlarımız olsa da, istifadə edə bilmədik. İndi çempionatın əvvəlidir, oyundan-oyuna daha da yaxşı olacağıq. Top buraxdıqdan sonra komandamın verdiyi reaksiyadan razı qaldım. Bəzi futbolçular bizim çempionat üçün hələ yenidir. Mən qarşımıza qoyulan məqsədə çatacağımıza əminəm. Komandama tam olaraq inanıram.
– İlk iki oyun “Şamaxı”da hansı neqativ məqamları üzə çıxardı?
– Komandadakı çatışmazlıqlar çoxdur. Bu komanda sıfırdan qurulub. Bu gün buraxdığımız top müdafiəçilərin bir-birini başa düşməməsinə görə oldu. Rəqib isə əlinə düşən imkandan istifadə elədi. Onların fərdi keyfiyyətə malik futbolçuları çox idi. Yenə deyirəm neqativ məqamlar çoxdur, amma yavaş-yavaş hər şey qaydasına düşəcək.
Fərrux Həsənli