Azərbaycan Premyer Liqasının XI turunun “Qarabağ” – “Şamaxı” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Çətin oyun olacağını bilirdik. “Qarabağ” kimi komandayla oyun asan keçmir. Birinci hissədə yaxşı oynadıq. Kantariyanın epizodu qol olsaydı, fərqli ola bilərdi. İkinci hissəyə isə rəqib qolla başladı və bundan sonra oyun açıldı. Qarşıda daha çətin matçlar olacaq. Belə oyunlar böyüməyimizə kömək olacaq.
– Penalti epizodunu necə şərh edərdiniz?
– Hakimlikdən çox danışıram. Artıq özüm bunu xoşlamıram. Düşünürəm ki, epizod penalti deyildi. Qaydalar bunu deyir. Adil topu çıxarandan sonra Kaşukun ayağına dəyir. Kaşuk özü yıxılmışdı. Oyun ərzində də bir neçə epizodlar var idi, hakim qərarları fərqli verdi.
– Bu mövsüm hakimliklə bağlı fikirləriniz nədir?
– Hakimlər də səhv edə bilər. İndi üzərlərinə düşürük və bizə qarşı aqressiya yaranır. Ancaq oyunlar var ki, eyni epizodu birində penalti verirlər, birində yox. “Kəpəz”in futbolçusu Paçunun səhv etmirəmsə, “Turan Tovuz”la oyunda idi, ayağını tapdaladılar, amma penalti verilmədi. Başa düşə bilmirəm. Hər tur hakim səhvlər təkrarlanır.
Şahin Cəfərov