Azərbaycan Premyer Liqasının V turunun “Şamaxı” – “Neftçi” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Şamaxıdakı ilk oyunumuz idi. Nəhayət ki, burda meydana çıxa bildik. Məğlub olmaq istəmirdik. Rəqib oyunun tempini yüksək tutdu. Hər iki komanda qələbə istəyirdi. “Neftçi” yuxarı sıralardan qopmamaq üçün ancaq qələbə arzulayırdı. Oyundan qopmadıq. Komandanın futbolundan razı qaldım, qələbəyə layiq idik. Sadəcə son zərbələrdə dəqiqlik çatmadı. Bir ayda iddialı komandalara qarşı oynadıq. İstədiyimiz xalı yığa bildik. Çempionatın sonuna qədər mübarizə davam edəcək. Millinin toplanışına görə yaranan fasilədən səmərəli istifadə etmək istəyirik.
– Transfer gözlənilir?
– Pulumuz qurtarıb, amma hər şey ola bilər (gülür).
– Oyunun sonlarında hakimlə mübahisə edirdiniz. Məsələ nə idi?
– Dördüncü hakim orda ikinci məşqçinin ayaqüstə qalmasına etiraz edirdi. Qaydalar çox şey deyir, bilirik, amma futbol emosional oyundur. Hamı futbola baxır, bütün çempionatları izləyirik. Yəni, dördüncü hakimi çox intizamlı ediblər. Bir az güzəştə getmək olar. Xətti tapdaladın, xətti keçdin… İtaliya çempionatına baxırsan, məşqçilər meydana daxil olur. Bizdə də girənlər var, amma onlara güzəşt edirlər.
– Komandanın hədəfi nədir?
– Çempionatdan əvvəl futbol ictimaiyyəti hər kəs “Qarabağ”ın çempionluğa oynayacağını, onlara “Zirə”, “Sabah” və “Neftçi”ni rəqib görürdülər. Amma bəzi komandalar da var ki, büdcələri imkan verir ki, avrokuboklara oynasın. Bizim kimi komandaların məqsədi mübarizə aparmaqdır. Həmişə deyirəm, böyümək üçün Premyer Liqada qalmalısan. İlk hədəfimiz budur. Ondan sonra vəziyyətə baxacağıq. Ötən mövsümün əvvəlində hamının proqnozları alt-üst oldu – “Qəbələ” elitanı tərk etdi. Futbol belə oyundur, büdcəyə baxmaq lazım deyil. Biz də bu gün vuruşacağıq.
– Daha əvvəl də işlədiyiniz yerlərdə iddialı komandalardan xal ala bilmisiniz. Bu, sizinlə bağlıdır, ya futbolçular xüsusi motivasiya ilə hazırlaşır?
– Bizdə yerli məşqçilərin işinə qiymət verilmir. Yəqin ki, burada xarici mütəxəssis olsaydı, başqa cür deyilərdi. Bu gün burada, başqa klubda gördüyümüz iş asan deyil. Kənardan kimsə qəbul etmir. Amma bu gün tək özümü aid etmirəm, Premyer Liqada yerli məşqçilər iş görür, əziyyət çəkir. Lazım olan dəstək yoxdur. Klublarımızda idarəçilikdə böyük problemlər var. Daha doğrusu, azdır. Bizdə məşqçi, futbolçu var, idarəçilər azdır. Ona görə görülən işi bir gündə unuduruq. Premyer Liqadan düşə də bilərik. Rəhbərliyə söz vermişəm. Birinci liqadan gələn komandaya tez bir zamanda legioner gətirmək, komanda qurmaq kənardan asan görünə bilər. Amma belə deyil. Tək mən yox, məşqçilər, mənə inanan rəhbərliyin əməyi var. Məşqçi rəhbərlikdən asılıdır. Rəhbərlik inansa, məşqçi işləyəcək. İnanmasa, orada nəticə olmayacaq.
– Roman Qriqorçukla duellərinizi xatırlayırsız?
– Əlbəttə. Premyer Liqada debüt ilimdə, “Qəbələ” çempionluğa oynayırdı. Ən vacib xalları Zirədə itirdilər və çempionluqdan oldular.
– Yeddinci dueliniz oldu. Beş matç heç-heçə olub, birində siz qalib gəlmisiz, birində isə Qriqorçuk udub..
– Bunu bilmirdim (gülür).
Şahin Cəfərov