“Prinsipim budur: nə edirsən et, şəxsiyyətini qoru” – Abbasovla söhbət

Son günlər mətbuatda gündəmi dəyişən olaylardan biri Ayxan Abbasovun “Turan Tovuz”dan gözlənilməz gedişi oldu. Mütəxəssis mövsümü altıncı sırada bitirmələrinə baxmayaraq, postunu tərk etdi.

Abbasovla ani gedişi və digər məsələlər haqda söhbətləşdik:

– Ayrılığınız təəccüb doğurdu. İstər mətbuat, istər futbol ictimaiyyəti üçün gözlənilməz oldu. İstərdim ki, daha geniş danışasınız. Nə dərəcədə sizin üçün gözlənilməz oldu bu qərar?
– Əlbəttə, gözləmirdik. Buna qədər proseslər yaxşı gedirdi, gələn mövsümün planlarını qurmuşduq. Təlim-məşq toplanışımızla bağlı detalları da danışmışdıq. Ani qərar mənimçün də gözlənilməz oldu. Rəhbərliklə danışdıqdan sonra bir-birimizi başa düşərək, öz dilimizdə desək, halallaşdıq.

– Təzminat məsələsi danışıldı?
– İki il orada işləmişəm, hörmət etdiyim şəxslərdir… Məşqçilikdə hansısa səbəblər ola bilər. İstəmədim ki, çətinlik olsun. Ona görə yaxşı ayrılmaq istədim.

“Bilirsiz, üç illik planımızda elə şərt yox idi ki, avrokuboklara vəsiqə qazanmalıyıq”

– Komandada güclənmə baxımından dəyişiklik gözlənilmir. Minimum imkanlarla nələrsə bacarmışdınız. İndi bu komandanın gələcəyini necə görürsünüz?
– Bölgədə futbol çətindir. Kənardan asan görünə bilər, amma ilk ilimizdə çox çətinlik çəkdik. Məqsəd Premyer Liqada qalmaq idi və qışa qədər bunun öhdəsindən gəldik. Birinci dövrənin sonunadək işləri həll etmişdik. Hətta kubokda da finala yüksələ bilərdik. İkinci dövrə komandanın keyfiyyətini artırdıq. Yeni sponsor da gəlmişdi və büdcəyə uyğun heyət qurduq. Çalışırdıq ki, Avropa zonasında özümüzü sınayaq. 4-5 tura qədər orada da olduq. Cüzi şeylər çatmadı və bunun səbəblərini bilirdik. Onu da düzəltmək üçün keyfiyyətə ehtiyac var idi. Çox qol vurmuşduq və bu, hücumun gücündən xəbər verir. Müdafiədə boşluqlar var idi, aradan qaldırmaq istəyirdik. Bunları reallaşdıracaqdıq.

– Bəs?
– Bilirsiz, üç illik planımızda elə şərt yox idi ki, avrokuboklara vəsiqə qazanmalıyıq.İlk növbədə bünovrə qurulmalı idi. Heç kim gileylənə bilməz ki, iki ildə bunu qura bilmədik. Çoxlu planlar var idi. Mən söz verməmişdim ki, üç ildə mütləq avrokuboklara gedəcəyik. Avrokuboklardan qorxmuram, üç dəfə bunu yaşamışam. Sadəcə, sistemli şəkildə buna doğru getmək daha məntiqli yanaşma olardı. Bu il daha çox şansımız olacaqdı. Heyətimizin kökü qalırdı, 3-4 transferlə daha şanslı ola bilərdik. Bir sözlə, qarşıma sırf avrokubok hədəfi qoyulmamışdı. Çünki büdcəyə də baxmaq lazımdır…

– Sizdən şərait, büdcə baxımından üstün olanlar belə avrokuboka vəsiqə qazana bilmədi. Bəs birdən-birə bu iddia klubunuz tərəfindən niyə səsləndirildi?
– Ola bilsin, getdikcə mövqelərimizi yaxşılaşdırmağımız iştahı artırdı. Əlbəttə, buna istək var idi, məqsəd də. Sadəcə, tez-tez dilə gətirməyin tərəfdarı deyildim. Təcrübə, futbolçu keyfiyyəti, klubun maliyyəsi məsələləri ortaya çıxır… Yox, şükür, maaş problemi yaşamadıq, mükafatlar da oldu. Klub stabilliyi yaxalamışdı. Dörd dövrəyə görə ən stabil komanda olduq. Qalxmaq, yüksəlmək üçün də əvvəlcə bunu saxlamalıydıq. Bu il bacarmışdıq. İlk dövrlələrdəki kobud hakim səhvləri olmasaydı, bəlkə, avrokuboklara gedərdik. Komanda 30 il əvvəl avrokuboklarda oynayıb, 9 il idi çempionatda da yox idi. Birdən-birə hədəfləri yüksəltməkdənsə, tədricən irəliləmək qalıcı olardı…

“Təəssüf edirəm ki, yolun çətin anını keçmişdik, amma…”

– Eşitdiyimə görə, mövcud heyət dağılmaq üzrədir. Belə soruşum, komandanın gələcəyini necə görürsünüz?
– Nəsə danışsam, fərqli yozula bilər…

– Büdcə artımını gözləyirsiniz?
– Ola bilər… Bu, məşqçidən asılıdır.

– Yenə bir az əvvələ qayıdım… Bunca iş, plan, niyyət… Bu ani qərarı özünüzə qarşı haqsızlıq hesab edirsinizmi?
– Xeyr. Əksinə, uğurlar arzulayıram. Həqiqətən, oyunçu gətirmək, komandanı qorumaq çətindir. Bahalı oyunçu gətirməklə nəticə əldə etmək qarantiyalı deyil. Bir çox klubda bunu görmüşük. Klubun ənənəsi, üslubu olmasa, keyfiyyətli futbolçu da keyfiyyətsiz oynayacaq. Oyun tərzi, ideya, baxış olmalıdır. Təəssüf edirəm ki, yolun çətin anını keçmişdik, amma… Qərara hörmətlə yanaşıram, əsası odur ki, öz işimə kənardan baxanda heyfslənmirəm. Çətin vaxtda bölgəyə getdim, əlimi daşın altına qoyub, çətin vəziyyətdən çıxdım. Bəlkə də, ilk mövsümdə elitanı tərk etsəydik, indi bu komanda yox idi…

– Maraqlıdır, 1-2 il sonra bu rəhbərlik sizə təklif göndərsə, qərarınız nə olar?
– Futbolda bilirsiz nəyi öyrənmişəm? Böyük danışmamaq. Bir dəfə böyük danışıb, sonra təcrübəsini qazanmışam. Həyatdır. İşlədiyim bütün komandalara simpatiyam var, kinim yoxdur. Bu gün sevinirəm ki, “Sumqayıt” da avrokuboklara vəsiqə qazandı.

“Gələcəkdə özüm üçün “qırmızı xətt” qoyacam”

– Subyektiv fikrimdir, “Turan Tovuz”da sizə qarşı haqsızlıq oldu…
– Ola bilsin, bir az əziyyətimizin üstünə keçdilər. Sanki biz orda iş görmürdük… Bir qrup azarkeşlər də var idi ki… Bizim qələbəmizə sevinən, məğlubiyyətimizə kədərlənənlər də çox idi. Onları ayrı tuturam. Futbolçu kimi də bu komandada oynamışam. Ümid edirəm ki, bir gün əvvəlki əzəmətli “Turan” olacaq. Böyük stadion, işıqlandırma sistemi, təbii örtüklü meydançalar, baza istəyirdim. Elə olmasını istəyirdim ki, rəqiblər bura gələndə çəkinsin, əzəmətli görünmək. Bunu da qismən bacarmışdıq. Böyük komandalar burda çətinliklə üzləşirdi. İndi mənimçün “Turan Tovuz” mövzusu bağlanıb. Ancaq az əvvəl dediyim kimi, böyük danışmaq istəmirəm, peşəkar yanaşmaq lazımdır…. Hazırda məşqçilər arasında çatışmayan cəhətlərdən biri budur. Peşəkar yanaşmağa çalışacam.

– Gələcək təkliflərdə qərar verərkən “Turan Tovuz”dakı təcrübəniz təsir edəcək?
– Bəli. Təcrübəmdə çox fərq yaranıb. Burda işləmək böyük təcrübə oldu. Qərar verərkən artıq daha təcrübəli olacam. Gələcəkdə özüm üçün “qırmızı xətt” qoyacam.

– “Qırmızı xətt” qoyan nadir məşqçilərdənsiz…
– Bəli. Bəzi məsələlərdə diqqətli olacam… “Turan Tovuz” üçün böyük işlər gördük, yaxşı şərait yaratdıq. İndi klubumuz səviyyəsinə, potensialına görə “beşlik”dədir. “Bizim” deyirəm, yəni özümə “Turan Tovuz”a yad hesab eləmirəm, etmərəm də.

– Necə düşünürsünüz, qarşıda işsizlik mövsümü olacaq, ya təkliflər gözləyirsiniz?
– Məşqçiliyi seçəndə tərəddüd edirdim ki, bacaracam, ya yox. Məsləhət aldığım məşqçilər olub. Onlar çətinliyə düşəndə belə şəxsiyyətlərini itirməyiblər. Çox məşqçi ilə işləmiş, nələrsə öyrənmişəm. Prinsipim budur: nə edirsən et, şəxsiyyətini qoru. Bir il, iki il işsiz qala bilərəm, amma özümü harasa təklif etmərəm, qapı döymərəm…

“Belə deyim, inam olan yerdə işləməyə hazıram”

– Praktika baxımından sizə pis təsir etməz? Maraqlıdır ki, bir müddət öncə xaricə təcrübə üçün yollanmışdınız, amma gəldiz və işinizdən ayrıldınız…
– Çox danışmaq istəmirəm. Klub rəhbərliyi ilə aramda münasibətlər var. “Turan Tovuz”da iki il işləmək digər komandalarda dörd il işləməyə bənzəyir. Burada böyük camiə var, azarkeşlər də futbolu sevir, rəqibdən asılı olmayaraq, qələbə istəyir. Çətindir. Bunlar da mənə yaxşı mənada təsir etdi. Bu gün azarkeşi olan klubda işləmək çətindir, qəbullanmaq lazımdır. Sosial şəbəkələrdə yoxam, çünki maraqlanmıram. Elə klub var ki, onun qələbəsində, məğlubiyyətində üç şərh olur. Onlarla yaşasaq, fikir versək, inkişaf edə bilmərik.

– Özünüzü psixoloji cəhətdən böyük klubda işləməyə hazır hiss edirsiniz?
– Başqa cür yanaşıram. Böyük və ya kiçik klub məsələsi deyil. Məncə, rəhbərlik məşqçiyə inanma, etimad göstərməlidir. Kiçik klubda belə inam olmazsa, işləmək olmaz. Böyük klubda məşqçinin arxasında durulmasa, uğursuzluq olur. Nəticə qazanmaq çox çətindir, hesablamaq olmur. Hər şeyi səhv edərsən, amma nəticə olar, yaxud da əksinə…

– Ayrılığınızdan sonra adınız böyük klublarla yanaşı, milli komanda ilə də hallanırdı. Yığmalarda boşluqlar çoxdur. Sualım bu haqdadır…
– Adımın çəkilməsi yaxşıdır. Amma istefam bununla bağlı deyil. Hardansa təklif alıb, “Turan Tovuz”dan getməmişəm. Elə bir adam deyiləm. Verdiyim sözün arxasında duran biriyəm. Belə söhbətlər pis təsir etdi. Təklif almamışam və alacağımı da düşünmürəm. Klubların növbəti mövsüm üçün artıq öz planları, proqramları var. Belə deyim, inam olan yerdə işləməyə hazıram.

Elçin Cəlilov