Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Zirə” (1:2) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Üzücü məğlubiyyət oldu. 90 dəqiqə üstün oynadıq. Fərdi səhvlərdən rəqib üstünlük qazandı. Son 3 oyunda məğlub olmuşuq və bu matçlarda rəqiblər bizdən üstün olmayıb. Fərdi keyfiyyətlər öz sözünü deyir. Son oyunlarda qırmızı vərəqələr bizi çox pis vəziyyətə qoydu. Futbolçular səhv qərarlar verirlər. Qarşımıza qoyulan məqsəd möhkəmlənmək idi. Hər rəqibə qarşı döyüşkən futbol oynamağa çalışırdıq. Sona 4-5 tur qalmış iddiamız davam edirdi. “Sumqayıt”la oyundan sonra şanslarımız azaldı. Bəlkə də itkilərimiz olmasaydı, sona qədər mübarizədə yer alardıq. Səbrli olmalıyıq. Yola birlikdə çıxmışıq. Bilirik ki, bölgədə çalışmaq çətindir, təzyiq çoxdur. Bunun öhdəsindən gəlməliyik. Komanda 9-10 oyunda məğlub olmayanda kimsə nəsə demirdisə, məğlub olanda da tənqidlər olacaq. Futbolçular istədiyimiz oyunları sərgiləməyə çalışdırlar. Bu il qarşımıza qoyulan məqsəd ötən ildən fərqli komanda qurmaq idi. Futbolçular bu gün deyə bilməz ki, hər hansı rəqibdən çəkinmişik.
– Ötən oyunda Brunao, bu gün isə Roderik Miller qırmızı vərəqə ilə cəzalandırıldı. Bununla bağlı tədbir görəcəksiniz?
– Klubun öz kodeksi var. Tədbirlər görülür. Məğlubiyyət olar, amma qırmızı vərəqələr qəbuledilməzdir. Futbolçuları başa düşürəm, mübarizədir. Amma vərəqələr az olmalıdır.
– Cari mövsüm neçənci dəfədir ki, komanda qapıçı səhvindən qol buraxır. Yayda qapıçı transfer edəcəksiniz?
– Son oyunlar qalıb. Buna görə hansısa açıqlama vermək mənə yaraşmaz. Futbol səhvlər üzərində qurulur. Biz fərdi keyfiyyət deyəndə bunları nəzərdə tuturuq. Hər mövqedə güclənmək istəyirik. Keçənilki çempionatla bu mövsüm arasında fərqlər çoxdur. Bu mövsüm daha çətin oldu. 3-4 futbolçu transfer etməklə hazırıq desək, yalan olar. Futbolumuzda çatışmayan fikirdir. Biz fikirdə uduzuruq. Tələsmək olmaz. Keçən il də bizdən avrokuboklara vəsiqə istəyirlər. Biz də nələrsə etmək istəyirik. “Turan Tovuz” 30 il əvvəl avrokubokda oynayıb. Bölgəyə futbolçu gətirmək çətindir. Ötən illə müqayisədə inkişaf etmişik. İş görmək istəyirik. Əlbəttə ki, maneələr olacaq. Ruhdan düşməməliyik.
– Mövsümün sonunda azarkeşlərlə görüş planlaşdırırsınız?
– Baxın, kütlə böyükdür. Biz mütəmadi danışırıq. Azarkeş fikirləri fərqlidir. Biz hər kəsi razı sala bilmərik. Fikirlər müxtəlifdir. Bəzən elə şeylər istəyirlər ki, reallıqdan uzaq olur. Bəzi azarkeşlər bilmirlər ki, biz hansı əziyyətlərlə komandanı qurmuşuq. Qışdan sonra komanda yaxşı formada olmuşdu. “Sumqayıt”ı udsaydıq, iddiamız başqa olacaqdı. İtkilərimiz çox olurdu, bəzən oynatmağa futbolçu tapmırdıq. Bunu azarkeş bilmir. İkinci ilimizdir, şükürlər olsun ki, biz sonucu yerin həyacanın yaşamamışıq. Bunun özü bir işdir. Bundan yuxarı getmək üçün fərdi keyfiyyət lazımdır. Biz bu gün hesabda “Zirə”yə uduzduq. Yerli milli futbolçuları komandaya dəvət etmək çətindir. Azarkeş fikir nörmaldır. Bunları qəbul etmək lazımdır.
– Bir qrup azarkeş Sizi istefaya səsləyir. Sizcə, bu qrup kimlərdir, məqsədləri nədir?
– Komanda məğlub olanda bilirdik ki, həmin qrup azarkeşlər yenidən istefaya səsləyəcəklər bizi. “Turan Tovuz” mənə yad deyil, burada futbol oynamışam. Mənim yerimdə başqası olsa, yenə eyni problem yaranacaq. Bilmirəm, məndən niyə xoşları gəlmir. Keçən il deyirdilər ki, komada az qol vurur. Bu il qol vururuq, yenə narazıdırlar. Amma onlar kütlədir. Normaldır. Rəhbərliyə söz vermişəm. Bacarmasam, çıxıb gedəcəyəm. Buradan yapışıb qalmamışam. Lakin bu gün verdiyim sözün arxasındayam. Digər komandalar qədər pul xərcləməmişik. Komanda baxımlı futbol oynayır. 4-5 tur qalmış avrokubok şanslarını itirdik. Bəzi fikirlərdə çox tələsirik. Futbolda vaxt önəmlidir. 3 illik planımız var idi. İlk gündən avrokubok sözləri verı bilməzdik. Ən çox qol vuran komandayıq. Qollar da buraxırıq. Səhvlərimizi təhlil etməliyik.