“Ayaks”la oyunöncəsi “Qarabağ” üçün “5”

“Qarabağ” Azərbaycan Premyer Liqasının X turunda “Kəpəz”i məğlub edib – 5:0.

Qurban Qurbanovun yetirmələri birinci hissədə 1, fasilədən sonra isə 4 qol vuraraq 3 xal qazanıb. Görüş gözlənildiyi kimi “Qarabağ”ın üstünlüyü şəraitində keçib.

Premyer Liqanın autsayderi “Kəpəz” ötən turda “Neftçi”ni məğlub etməsindən sonra özünəinamla meydana çıxmışdı. Ara-sıra hücumlarla “atlılar”ı məyus etməyə çalışan gəncəlilərin fərqlənməyə gücü çatmadı. Komanda azsaylı kəsərli hücumlarını məntiqi sonluqla tamamlaya bilmədi. İkinci hissənin əvvəlində Luis Paçu qapıçı Koxalski ilə üzbəüz qalsa da, zərbəsi dirəyə tuş gəldi.

“Qarabağ” “Kəpəz”lə oyuna demək olar, əsas heyətlə çıxdı. Qarşıda Avropa Liqasında “Ayaks”la çətin sınaq var və Qurbanovun bu görüşdə ehtiyat qüvvəyə daha çox üstünlük verəcəyi gözlənilirdi. Buna baxmayaraq, aparıcı oyunçuları ilk dəqiqələrdən meydana buraxan mütəxəssis onların tempdə qalmasını istədi.

Komandaların indiki durumları arasında böyük fərq var. “Qarabağ” ikinci hissədə vurduğu ardıcıl qollarla səviyyə fərqini bir daha göstərdi. Qısa ötürmələrlə rəqibin cərimə meydançasına daxil olan “atlılar” demək olar, hər hücumunu qolla tamamladı.

“Qarabağ”ın qarşıda “Ayaks”la Bakıda çətin sınağı olacaq. Avropa Liqasında iki turdan sonra xalı olmayan “atlılar” Niderland “nəhəngi” ilə dueldə azı bir xal qazanmağı hədəfləyir. Rəqib də son dönəmlərdə əla forma yığıb və “Qarabağ”ın işi çətin olacaq.

“Kəpəz” isə elitada qalmaq yolunda xallar qazanmalıdır. Mövsümün əvvəli olsa da, rəqiblərlə xal fərqinin artması sonda komandanı çətin duruma sala bilər.

Kamil Əhməd