Avropa çempionluğuna aparan yol – bir şirkətin izi ilə… 

FutbolPressMinifutbol dünyada 1930-cu illərdə oynanılmağa başlayıb. Vətəni Cənubi Amerika sayılır. Braziliya, Uruqvay, Argentina, Çili, Paraqvayda məşhurluq qazanıb. Elə ilk turnirlər də bu qitədə keçirib.Avropada minifutbolun yayılmasında İspaniya, Portuqaliyanın müstəsna əməyi var. Baxmayaraq ki, ilk onilliklərdə böyük futbolla müqayisədə minifutbol bir o qədər populyarlıq qazanmayıb.

Ötən əsrin 70-ci illərində UEFA-da minifutbol komitəsi yaradılıb. 1972-ci ildə yaradılan komitə 1976-da bağlanıb.

80-ci illərdə minifutbolun Dünyaya yayılması ilə bağlı FIFA tərəfindən müəyyən cəhdlər olub. Hətta Ümumdünya Minifutbol Federasiyası ilə beynəlxalq qurum arasında qarşıdurma da yaranıb. Vəziyyət o həddə çatıb ki, FIFA minifutbolda futbol adının işlədilməsinə qadağa qoyub. Beləcə minifutbol olub futzal.

Minifutbol Avropada 1996-cı ildə rəsmi status alıb. O vaxta qədər müxtəlif turnirlər, çempionatlar keçirilib.

1997-ci ildə UEFA-nın qərarı ilə iki ildən bir Avropa çempionatlarının keçirilməsinə qərar verilib.

Minifutbol yeni əsrdə daha da populyarlaşmağa, əhatə dairəsini genişləndirməyə başlayıb. Hazırda minifutbol ən pik dövrünü yaşayır. Artıq UEFA-nın 55 üzvündən 50 ölkə rəsmən futzal/minifutbol üzrə yarışlarda çıxış edirlər.

Azərbaycanda minifutbola maraq nə vaxtdan yaranıb?

Hələ uzaq 60-cı illərdən Bakıda minifutbol turnirləri keçirilib. SSRİ/postsovet məkanında paytaxtımızı minifutbolun vətəni saymaq olar. 80-ci illərin ikinci yarısından başlayaraq sovetlər birliyində daimi çempionatlar, kubok yarışları keçirilməyə başlayıb. Azərbaycan komandaları turnirlərin iştirakçısı olub. İsgəndər Cavadov, Rafiq Əlizadə, Vaqif Sadıqov və bir çox məşhur veteranlarımız böyük futboldakı karyeralarından sonra minifutbol oynayıb, ölkəmizi təmsil ediblər.

1991-ci ildə minifutbol üzrə SSRİ kubokunun final matçını beynəlxalq dərəcəli hakimimiz Tahir Süleymanov idarə edərək yarışların ən yaxşı hakimi adına layiq görülüb.

Futzalla minifutbol Avropada paralel addımlayır. Minifutbol üzrə qitə çempionatları 2010-cu ildən keçirilir. Bu il Sllovakiya ikinci dəfə final mərhələsini qəbul edirdi.

Azərbaycan minifutbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi oldu. Finalda qitənin altı qat qalibi Rumıniyanı əzmkar mübarizəylə məğlub edən (1:0) komandamız tarixi nailiyyətə imza atdı.

Bəs Azərbaycan belə böyük uğura necə nail oldu?

Azərbaycan minifutbol millisi müxtəlif zamanlarda diqqətsizliyə düçar olub. Bu sahəyə sistematik yanaşmanı isə ilk dəfə “Azfar Group” adlı şirkət göstərib.

Şirkətin əsası 2009-cu ildə qoyulub və “həvəskar futbola peşəkar yanaşma” devizi ilə indiyədək ölkənin 20-ə yaxın müxtəlif  məntəqəsində 40-a yaxın meydança inşa etdirib. Minifutbol sektorunda aşkar favorit olan şirkət qol qoyduğu bu işə peşəkar yanaşma sərgiləmək məqsədi ilə 2017-ci ildə Azərbaycan Minifutbol Assosiasiyası (AMFA) təsis edib.

Elə həmin ildə Azərbaycan minifutbolunun beynəlxalq arenada çıxış etməsi üçün “Azfar Group” Dünya Minifutbol Federasiyası (DMF) ilə əməkdaşlığa başlayıb. DMF-in prezidenti Filip Juda Bakıda işgüzar səfərdə olmuş, minifutbolun inkişafına dair müxtəlif layihələrə qoşulmaq haqda sənədlər imzalanmışdı.

Yeni addımlar sözügedən sahənin ölkədə fundamental inkişafını başlanğıcı olacaqdı…

***

Ötən ilin yayında AMFA geniş tədbir təşkil edərək, ölkədə minifutbol liqasının daha kütləvi təşkilinə nail oldu. Bu, ondan əvvəlki illərdə minifutbol yığmasının bəzi yarışlara səfərində yaranan/yaradılan problemlərdən sonra atılmış məcburi addım kimi də dəyərləndirilə bilər. Səbəbinə əhatəli qayıdacağıq…

Təkcə bir faktı qeyd etmək olar ki, Azərbaycanda minifutbolun inkişafı üçün səy göstərən “Azfar Group”un təşəbbüslərinə laqeyd yanaşıldığına dair söz-söhbətlər əsassız olmayıbmış…

2019-cu ildə Yunanıstanda qitəmiqyaslı yarışda iştirak etməkçün ciddi hazırlıq keçən minifutbol yığmasının son anda viza problemi üzündən səfərə gedə bilməməsi haqda xəbər yayılmışdı. Sonradan məlum olacaqdı ki, səfər xərclərinin qarşılanması Gənclər və İdman Nazirliyindən istənsə də, qurum bundan imtina edibmiş. Və s. analoji məsələlər…

***

Ötən il isə “Azfar Group” bu işə daha əhatəli yanaşma tətbiq edərək milli liqa təşkil etdi. Minifutbol üzrə milli komandanın şəraiti daha da yaxşılaşdırıldı.

…Və cəmi 12-13 ildə işin ibtidaisindən başlayan adıçəkilən şirkət nizamla davam etdirib Avropa çempionluğunadək irəliləməyi bacardı.

Haşiyə: İyunun 10-da  gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda minifutbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər.

***

Vaxtilə nazirlikdən AMFA-ya olan laqeydlik… və indiki mənzərə.

Həm də adlara fikir verdinizmi?

Bəli, Orxan Məmmədov… “Zirə” futbol klubunun fəxri prezidenti…

Azərbaycan Minifutbol Assosiasiyasının təsisçisi/himayəçisi olan “Azfar Group”un  rəhbəri Taleh Nəsibov… O, 2020-ci ildən “Zirə”nin prezidentidir.

Bir sözlə, Avropa çempioluğunadək irəliləyən böyük yolun müəllifi  “Azfar Group” və ”Zirə” FK koalisiyasıdır.

Azərbaycan minifutbol millisinin Avropa çempionluğu – bu, Azərbaycanda böyük futbolun da doğru idarə ediləcəyi təqdirdə böyük uğurlara nail ola biləcəyinə dair ən tutarlı presedent sayıla bilər.

***

Sosial şəbəkələrdə Azərbaycan minifutbol millisinin uğuruna ən maraqlı və kütləvi reaksiya belədir: “Bu komandanın bütün oyunçuları  doğma-böyümə azərbaycanlılardır. Ona görə bu qələbə hər birimizə şirindir!”.

Deməli, sistematik iş görüləndə sırf azərbaycanlı futbolçulardan ibarət komanda da böyük uğur qazanırmış. Fərqi yoxdur, mini, yaxud… biz KOMANDA şəklində Avropanın ən güclüsü olmağı bacarmışıq. Bu, heç də mini iş deyil.

Deməli, “bizdə futbolçu yoxdur” deyib, əcnəbiləri milliləşdirmək əbəs imiş. Sadəcə, işə dürüst, peşəkar yanaşmaq lazımdır…

Elçin Cəlilov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu