Bakıda 23 yaşadək güləşçilər arasında təşkil olunan Avropa çempionatının açılış mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, Bakı İdman Sarayında reallaşan tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev idmançılara uğurlar arzulayıb. O, bu cür yarışın ölkəmizdə keçirilməsinin müsbət addım olduğunu bildirib. Namiq Əliyev Bakı və İstanbuldakı təsnifat turnirlərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların uğurlarını xatırladıb.
UWW-nin Avropa bürosunun üzvü Karl Martin Ditmand yarışa ev sahibliyi etdiyi üçün Azərbaycana minnətdarlığını bildirib.
Tədbir daha sonra bədii hissə ilə davam edib.
Turnirin ilk günündə Azərbaycanın 5 pəhləvanı qüvvəsini sınayıb. Rəşad Məmmədov (55 kiloqram), Ziya Babaşov (63 kiloqram) və Xasay Həsənli (77 kiloqram) yarımfinala vəsiqə qazanıblar. Digər güləşçilərdən Laçın Vəliyev (87 kiloqram) təsnifatda, Sərxan Məmmədov (130 kiloqram) isə 1/4 finalda məğlub olub.
Avropa çempionatına mayın 26-da yekun vurulacaq.