Avro-2024-də qrup mərhələsinin oyunlarına yekun vurulub.
Futbolpress.az xəbər verir ki, qruplarda ümumilikdə 81 qol vurulub. Bu, ortalama hər oyuna 2,25 qol deməkdir.
Qrup mərhələsinin bombardiri George Mikautadzedir. Tarixində ilk dəfə böyük turnirdə oynayan gürcülərin bombardiri 3 qolla zirvədədir. Ondan sonra 5 futbolçu isə 2 qolla yadda qalıb. Bunlar Camal Musiala, Niklas Fulkruq (Almaniya), Razvan Marin (Rumıniya), Kodi Qakpo (Niderland) və İvan Şransdır (Slovakiya). Daha 61 futbolçu isə hərəsinə bir qol vurub.
Qrup mərhələlərində fərqlənməyi bacaran ən gənc futbolçu isə Arda Gülerdir. Türkiyə yığmasının ulduzu Gürcüstanla görüşdə (3:1) baxımlı qolla yadda qalıb. Arda həm də turnirdə debüt matçında fərqlənən ən gənc statusunu qazanıb.
Albaniya millisinin futbolçusu Nedim Bayrami qrup mərhələlərinin ən erkən qoluna imza atan futbolçu olub. O, İtaliya ilə görüşdə 23-cü saniyədə fərqlənib.
Qrup oyunları ilə bağlı daha bir maraqlı statistika isə avtoqollarla bağlıdır. 7 futbolçu oyunlarda uğursuzluqla yadda qalıb. Almaniyada Antonio Rudiger, İtaliyada Rikardo Kalafiori, Niderlandda Donyell Malen, Albaniyada Klaus Qyasula, Avstriyada Maksimiliam Vober, ÇExiyada Robin Hranaç və Türkiyədə Samet Akaydın qapıları səhv salıb.
Qrup mərhələlərində ən çox qol vuran komanda Almaniyadır. A qrupunun lideri və turnirin meydan sahibləri 8 qola imza atıb. İngiltərə liderlər arasında ən az qol vuran (2), İspaniya isə qol buraxmayan kollektivdir.
Avropa çempionatında 1/8 final mərhələsinin oyunlarına iyunun 29-da start veriləcək.
Şahin Cəfərov