Avro-2024: 11,3 milyardlıq yarış

Bu gün Avro-2024-ün final mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi turnirin final görüşü iyulun 14-də keçiriləcək.

“Transfermarkt” portalına görə çempionatda yarışacaq komandaların ümumi dəyəri 11 milyard 381 milyon avrodur.

Avro-2024-ün ən bahalı heyəti İngiltərədədir. Futbolun məbədi sayılan ölkənin yığmasının dəyəri 1 milyard 520 min avrodur. Bu göstəricidə ikinci sırada Fransadır. “Xoruz”ların dəyəri 1 milyard 230 milyon avro göstərilib. “Üçlüy”ü Portuqaliya tamamlayır (1 milyard 50 milyon).

Komandalar arasında ən aşağı dəyərə malik komanda isə Rumıniyadır. E qrupunda Belçika, Slovakiya və Ukrayna ilə mübarizə aparacaq komandanın dəyəri 92 milyon 130 min avrodur.

Turnirin ən dəyərli futbolçuları Cud Bellingem (İngiltərə) və Kilian Mbappedir (Fransa). Onların hər ikisinin qiyməti 180 milyon avro müəyyən edilib.

Transfer dəyəri 100 milyona avrodan yüksək olan 11 oyunçu var. Onlar İngiltərə (5), Fransa (3), Almaniya (2) və İspaniya (1) millisinin üzvləridir.

Kamil Əhməd