Avro-2024-ə doğru: rekordçu alman, bəxtsiz ingilis

Bu gün futbol üzrə Avropa çempionatının əsas mərhələsinə start veriləcək. Açılış oyununda ev sahibi Almaniya ilə Şotlandiya üz-üzə gələcək. Münhendə “Allianz Arena”da keçiriləcək görüşə saat 23:00-da start veriləcək.

Ev sahibi almanlar turnir tarixində bir çox rekordlarla yadda qalıb. Belə ki, Almaniya yığması Avropa çempionatlarında ən çox qızıl medal qazanan kollektivlərdən biridir. Digər rekordçu isə ispanlardır. Komandalar hərəyə üç dəfə Avropa çempionu olub.

Almaniya millisinin çempionluqları: 1972, 1980, 1996

İspaniya millisinin çempionluqları: 1964, 2008, 2012.

Almaniya yığması həm də turnirdə ən çox finalda iştirak edən komandadır. “Panzer”lər çempion olduqları illərdən əlavə, 1976, 1992 və 2008-ci illərdə final oynayıb. “Bundestim” 1992-2020-ci illərdə 7 dəfə ardıcıl turnir final mərhələsinə qatılmaqla rekordçu olub. Ev sahibləri həm də Avropa çempionatında ən çox iştirak edən komandadır. “Panzerlər” ümumilikdə 14-cü dəfə turnirdə yarışacaq.

Almaniya Avropa çempionatlarında ən çox oyun keçirən (53) və ən çox qələbə qazanan (27) komandadır. Maraqlıdır, ən çox qolu da məhz almanlar vurub – 78.

Almanlar turnirin ən yaxşı komandalarından biridirsə, ən şanssızı isə ingilislərdir.

Futbolun məbədi sayılan ölkənin yığması hələ beynəlxalq arenada uğur qazana bilməyib. İngiltərə millisi ümumilikdə 10 dəfə Avropa çempionatına qatılıb. Komanda üç dəfə – 1996, 2012 və 2020-ci illərdə məğlub olmasa da, turnirlə vidalaşıb. Heç-heçə və qələbələr komandanın dadına çatmayıb. İngiltərə yığması həm də son finalçıdır. Qaret Sautqeytin rəhbərlik etdiyi kollekvit Avro-2020-də italyanlara məğlub olub.